"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə iclaslarının keçirilməsi qaydaları

--2020-02-18 / 07:13

  Bildiyiniz kimi bələdiyyənin iclası ilə bağlı müddəalar “Bələdiyyələrin statusu haqqında” Qanunun 16-cı maddəsində öz əksini tapmışdır.

Həmin Qanunun 1-ci hissənin 5-ci bəndində qeyd edilir ki, Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2012-ci il tarixli fərmanı ilə “Bələdiyyələrin nümunəvi reqlamenti” təsdiq edilmişdir ki, həmin reqlament bələdiyyə iclaslarının çağırılması, əhali ilə görüşlərin təşkili qaydalarını və bələdiyyələrin fəaliyyəti ilə bağlı digər məsələləri tənzimləyir.

       Nümunəvi reqlament Azərbaycan Respublikası ərazisində bütün bələdiyyələrə tövsiyə olunmuşdur.

       Bələdiyyə iclası, ayda bir dəfədən az olmayaraq, bələdiyyənin sədri tərəfindən və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququ olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

Bələdiyyə iclası bələdiyyə üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Bələdiyyənin icra aparatı (bələdiyyənin icra aparatı olmadıqda isə - bələdiyyənin sədri) iclas gününə azı 5 (beş) gün qalmış iclasın keçiriləcəyi tarix, yer və vaxt barədə bələdiyyə üzvlərini və iclasa dəvət olunan şəxsləri xəbərdar edir, iclasın gündəliyinin layihəsini bələdiyyə üzvlərinə təqdim edir.

Bələdiyyə iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə bələdiyyə sədrinə əvvəlcədən məlumat verməlidir.

Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır.

Bələdiyyənin iclasları bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıla bilər. Bələdiyyə ərazisində yaşayan, səsvermə hüququ olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyini onun çağırılması təşəbbüsünü irəli sürənlər müəyyənləşdirir və bu barədə iclas gününə azı 10 (on) gün qalmış bələdiyyənin sədrinə və ya icra aparatına məlumat verilir. Bu halda iclas istirahət günlərində də keçirilə bilər. Bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyinin layihəsi təsdiq edilmək üçün iclasın çağırılması təşəbbüsünü irəli sürənlər tərəfindən bələdiyyə iclasının müzakirəsinə çıxarılır.

   Bələdiyyə sədri və ya sədr olmadıqda onun səlahiyyətlərini həyata keçirən müavini iclası çağırmadıqda və ya onun keçirilməsinə bilavasitə və ya digər şəxslərin köməyi ilə hər hansı formada mane olduqda, iclasın çağırılması təşəbbüsünü irəli sürən bələdiyyə üzvləri bu maddənin 1-ci hissəsinə uyğun olaraq iclasda bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdiyi halda özləri iclas keçirə bilərlər. Bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə iclas keçirilmədikdə, həmin təşəbbüskarlar kollektiv şəkildə inzibati nəzarəti həyata keçirən orqana və (və ya) məhkəməyə müraciət edə bilərlər.

Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir.

Bələdiyyə iclasında daha uzun müddət müəyyən edilməyibsə, məruzələr, çıxışlar və arayışlar üçün iclasda iştirak edən hər bir şəxsə 10 (on) dəqiqəyədək vaxt verilir. Bələdiyyə iclasında başqa qayda müəyyən edilməyibsə, məruzələr və çıxışlar müzakirə edilən məsələnin mahiyyəti üzrə olmalıdır. Bələdiyyə iclasında məruzəçilərə məsələlərin gündəlikdəki ardıcıllığı, çıxış edənlərə isə onların müraciətlərinin ardıcıllığı ilə söz verilir.

Bələdiyyə iclasına sədrlik edənin aşağıdakı səlahiyyətləri vardır:

-bu Reqlamentin 2.1-ci bəndinə uyğun olaraq iclasın səlahiyyətli olub-olmadığını müəyyənləşdirmək;

-iclasda iştirak edən bələdiyyə üzvləri və digər şəxslər, həmçinin iclasda iştirak etməyən bələdiyyə üzvləri və bunun səbəbləri barədə məlumat vermək;

-iclası bu Reqlamentlə müəyyən edilmiş qaydada aparmaq;

-iclası açmaq, iclasda fasilə elan etmək və iclası bağlamaq;

-iclasın gündəliyinin layihəsini təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarmaq;

-gündəlikdəki məsələlərin müzakirəsini təşkil etmək, məruzələr və çıxışlar üçün söz vermək;

-bələdiyyəyə daxil olan sorğuları, sualları, arayışları və təklifləri elan etmək;

-bələdiyyə üzvlərinin bu Reqlamentə əməl etmələrini təmin etmək;

-bələdiyyənin qərarlarının və başqa aktlarının layihələrini, iclasda baxılan məsələlərlə əlaqədar bələdiyyə üzvlərinin təkliflərini səsə qoymaq və səsvermənin nəticələrini elan etmək;

-bələdiyyənin Nizamnaməsinə və bu Reqlamentə uyğun olaraq digər səlahiyyətləri həyata keçirmək.

-Bələdiyyə iclasında bələdiyyə üzvlərinin hüquqları və vəzifələri aşağıdakılardır:

-iclasda iştirak etmək;

-iclasda müzakirə olunacaq məsələlərə dair məlumatlarla tanış olmaq;

-bu Reqlamentə uyğun məruzələr və çıxışlar etmək, məruzəçilərə və çıxış edənlərə suallar vermək, təkliflər irəli sürmək;

-məruzəçi təyin olunduqda, müfəssəl və dolğun məruzələr hazırlamaq;

-məruzə etdiyi məsələlərlə bağlı iclasın sədrinin, bələdiyyə üzvlərinin suallarına cavab vermək;

- bu Reqlamentə əməl etmək;

-bələdiyyənin Nizamnaməsinə və bu Reqlamentə uyğun olaraq digər səlahiyyətləri həyata keçirmək.

-Bələdiyyə üzvü bələdiyyənin iclasının aparılmasına mane olduqda, bələdiyyənin iclasında insanın şərəf və ləyaqətinə toxunan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə, başqalarını bu cür hərəkətlər etməyə çağırdıqda, bələdiyyənin Nizamnaməsində göstərilən müddətlərdə bələdiyyənin iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə, bələdiyyə iclasına sədrlik edən ona xəbərdarlıq, sözkəsmə, iclas zalından çıxarma, töhmət, bələdiyyə üzvü səlahiyyətlərinə xitam vermə kimi intizam tədbirlərinin tətbiq edilməsi barədə məsələ qaldırır.

-Bələdiyyə iclasında aşağıdakı məsələlərə baxılır:

-bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunvericiliklə müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;

-bələdiyyənin reqlamentinin təsdiqi;

-bələdiyyə sədrinin və onun müavinlərinin, daimi və digər komissiyaların üzvlərinin seçilməsi;

-yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;

-yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiqi;

-hesabat dövründən sonrakı ayın 15-dək təqdim edilmiş yarımillik maliyyə hesabatlarının və növbəti il yanvarın 30-dək təqdim edilmiş illik maliyyə hesabatlarının təsdiqi;

-bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi;

-yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;

-yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;

-yerli ekoloji proqramların qəbul və icra edilməsi;

-qanunvericiliyin və icra hakimiyyətlərinin bələdiyyələrə verdikləri əlavə səlahiyyətlərin icra edilməsi;

-qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyə iclasında müzakirəsi barədə qərarların qəbul edilməsi;

-bələdiyyə sədrinin, sədrin müavininin (müavinlərinin) və üzvlərinin ezamiyyətlə bağlı məlumatlarının dinlənilməsi;

-bələdiyyənin digər bələdiyyə ilə birləşməsi;

-Azərbaycan bələdiyyələrinin müvafiq milli assosiasiyasına bələdiyyənin üzv olması və həmin assosiasiyanın ümumi yığıncağına nümayəndənin seçilməsi;

-Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla, xarici dövlətlərin yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq haqqında müqavilələrin bağlanması və yerli özünüidarəetmə orqanlarının ixtisaslaşdırılmış təşkilatlarına bələdiyyənin üzv olması.

Bələdiyyə iclasında müzakirəyə çıxarılan məsələlər bələdiyyənin müvafiq daimi komissiyalarında qabaqcadan müzakirə edilir.

Bələdiyyə iclasında baxılan məsələlərə dair qərarlar bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə, yerli vergilər və ödənişlər ilə bağlı qərarlar isə bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Bələdiyyə iclasında qəbul edilmiş qərarlar əhaliyə elan edilir və bələdiyyə binasının qarşısındakı lövhədə yerləşdirilir.

Bələdiyyənin bütün iclasları protokollaşdırılır. İclasın katibi iclasdan sonrakı 3 (üç) iş günü müddətində protokolu hazırlayır və imzalanması üçün iclasın sədrinə təqdim edir. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin və çıxışların qısa məzmunu, müzakirə olunan məsələlərə dair qəbul edilmiş qərarlar, habelə bununla bağlı keçirilmiş səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiq edilənədək, bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyə iclasının protokolu müvafiq kitabda qeydiyyata alınır və həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab edilir.

 Ramin Musayev

Göyçay regional ədliyyə idarəsinin

böyük məsləhətçisi

 I dərəcəli ədliyyə qulluqçusu                                                  

ŞƏRHLƏR