"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə ərazisində yaşıllıqların götürülməsi ilə bağlı qanunvericiliyin tələbləri barədə

--2022-08-03 / 04:35
     

Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Ölkənin ekoloji siyasətinin əsas mahiyyəti insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması ilə dayanıqlı inkişafın təmin edilməsi, ətraf mühitə minimal zərərli təsir, onun ilkin vəziyyətinin bərpası və qorunmasından ibarətdir.

Təsadüfi deyildir ki, ölkə başçısının 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən növbəti onillik ərzində ölkənin sosial-iqtisadi inkişafına dair reallaşdırılmalı olan beş Milli Prioritetdən biri də “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioritetidir. Bu Milli Prioritet Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Konstitusiyası ilə dövlət və vətəndaş arasında bu sahədə vəzifələr müəyyənləşdirilərək bütünlükdə ekologiyanın qorunmasına yönəlmişdir. Belə ki, Konstitusiyanın tələblərinə əsasən dövlət ekoloji tarazlığın saxlanılmasına təminat verir, ətraf mühitin qorunması isə hər bir şəxsin borcudur.

Ölkədə keyfiyyətli və təmiz ekoloji mühitin qorunması məqsədilə bu sahədə hüquq münasibətlərinin subyektləri olan dövlət orqanlarının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələri normativ hüquqi aktlarla tənzimlənmişdir.

Belə ki, 2 may 2014-cü il tarixli “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra – Qanun) əsasən yaşıllıqların mühafizəsinə dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – ETSN) həyata keçirir.

Yaşıllıqların mühafizəsinə nəzarətin məqsədi yaşıllıqların vəziyyətinin dəyişməsinin müşahidə edilməsi, bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi və yaşıllıqların məhvinə yönəldilmiş halların aradan qaldırılması üçün müvafiq aqrotexniki və digər tələblərin yerinə yetirilməsini, istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər tərəfindən “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl olunmasını təmin etməkdən ibarətdir.

Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir və yaşıllıq ərazilərinin genişləndirilməsinə dair yerli proqramlar və normativ xarakterli aktlar qəbul etmək, yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata keçirilən və planlaşdırılan işlər və ərazilər barədə əhalini mütəmadi olaraq məlumatlandırmaq, mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu, monitorinqini aparmaq, yaşıllıqların mühafizəsi məqsədi ilə bələdiyyə büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək, ərazisində olan yaşıllıqların genişləndirilməsi məqsədi ilə həvəsləndirmə tədbirləri müəyyənləşdirib həyata keçirmək kimi vəzifələri icra edir.

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 2016-ci il tarixli qərarı ilə “Yaşıllıqların götürülməsi Qaydası” (bundan sonra – Qayda) təsdiq edilmiş, sözügedən Qayda ilə meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmi müəyyən edilmişdir.

Adıçəkilən Qaydanın 1.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir.

Yaşıllıqların götürülməsinə ETSN-in rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında və aşağıdakı hallarda yol verilir:

  •  dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda;
  •  “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;
  • şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda;
  •  ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda;
  • texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;
  • ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda.

Fiziki və hüquqi şəxslər yuxarıda qeyd edilən hallarda yaşıllıqların götürülməsi məqsədilə  istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Ərizə və ona əlavə olunan sənədlər həmin qurum tərəfindən 2 (iki) təqvim günü ərzində yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olunmaqla ETSN-ə müraciət olunur. Ərizəçidən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

Bundan sonra ETSN-in yerli qurumları tərəfindən 1 (bir) gün müddətində yaşıllığa yerində baxış keçirilərək nəticəsi barədə nazirliyə məlumat verilir. ETSN tərəfindən 1 (bir) təqvim günü ərzində yaşıllıqların götürülməsinə dair müvafiq rəy verilir və istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə həmin gün təqdim edilir.

İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. Qaydanın 2.2.5-ci (texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda) və 2.2.6-ci (ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda) yarımbəndlərində nəzərdə tutulan hallarda isə bu müddət 3 (üç) təqvim günü kimi müəyyən edilmişdir.

Qəbul edilmiş qərar müəyyən edilmiş formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. Yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllıqların götürülməsi qadağandır.

Yaşıllığın götürülməsi vərəqində yaşıllığın götürülməsi haqqında qərar qəbul edən dövlət orqanının və ya bələdiyyənin adına, yaşıllığın götürülməsi haqqında qərarın tarixi, nömrəsi və icra müddətinə, yaşıllığın götürülməsi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyinin tarixi və nömrəsinə, yaşıllığın götürülməsinin məqsədinə, yaşıllığın götürüldüyü ünvana, götürülən yaşıllıqların növü, mülkiyyətçisi, istifadəçisi və ya icarəçisinə, ağac və kolların sayı, cinsi, diametri, hündürlüyü, gül-çiçək və ot bitkilərinin sahəsinə, yaşıllığın götürülməsini zəruri edən bu Qaydanın 2.2-ci bəndində qeyd olunan hal və ya hallara, ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsi (kökündən çıxarılması) və ya bərpa olunma müddətinə dair məlumatlar öz əksini tapmalıdır.

Yaşıllıqlara verilən anlayışdan irəli gələrək onun yerinin dəyişdirilməsi (kökündən çıxarılması) və götürülən yaşıllığın bərpa edilməsi şərtilə kəsilməsi halları fərqləndirilərək bu tədbirlərin həyata keçirilməsi üçün tələblər müəyyən olunmuşdur.

Yaşıllıqların yerinin dəyişdirilməsi (kökündən çıxarılması) Qaydanın 4.6.1-4.6.7-ci yarımbəndlərinin tələbləri nəzərə alınaraq, götürülən yaşıllığın bərpa edilməsi şərtilə kəsilməsi isə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin tələblərinə uyğun bərpa edilərək həyata keçirilir. 

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar yaşıllıqların kadastrını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilir və həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilir.

Qanunvericilik aktları ilə müvafiq münasibətlərin tənzimlənməsinə, Bələdiyyələr iş mərkəzi tərəfindən müvafiq tövsiyələr verilərək bələdiyyələrin bu prosesin iştirakçısı kimi aktivliyinin təmin olunması məqsədilə metodik vəsaitlərin göndərilməsinə baxmayaraq bəzi hallarda bələdiyyələr tərəfindən yaşıllıqların götürülməsi proseduruna riayət olunmadığı, pozuntulara yol verildiyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış yoxlama nəticəsində müvafiq illər üzrə yaşıllıqların uçotu və monitorinqinin aparılmadığı, uçota alınan məlumatların qanunvericiliklə müəyyən olunmuş müddətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilmədiyi məlum olmuşdur.

Bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr yaşıllıqların götürülməsi qaydasının pozulmasına, eləcə də aidiyyəti üzrə yaşıllıqların uçota alınmamasına, kəmiyyət və keyfiyyət göstəricilərinin tam və dürüst əks olunmamasına, onların növlərinin, yaşıllıq ərazilərinin və yaşıllıq barədə digər məlumatların təhrif edilməsinə və bu məlumatların   ETSN-ə təqdim edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

Ətraf mühitin, meşələrin, yaşıllıqların qorunması daim ölkə başçısının diqqət mərkəzindədir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ağacəkmə aksiyalarında iştirak etməsi, ağac əkməsi onların Azərbaycan təbiətinə göstərdikləri qayğının göstəricisidir, gənclərə ölkəmizin və onların özlərinin gələcəyi üçün təbiəti qorumaq barəsində bir mesajdır.

Göstərilənlər nəzərə alınaraq bələdiyyələrin ekoloji tarazılığın qorunmasına xüsusi diqqətlə yanaşaraq yaşıllıqların götürülməsi proseduruna riayət etmələri, yaşıllıqların uçotu və monitorinqinin aparılması ilə bağlı məlumatları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına qanunvericiliyin tələblərinə uyğun təqdim etmələri bir daha tövsiyə olunur.

 

 

                                                                                                                                                                                                Bələdiyyələrlə iş mərkəzi

ŞƏRHLƏR