"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə assosiasiyalarına ünvanlanan suallar

--2020-06-01 / 03:20

Bu gün sosial media üzərindən qarşıma çıxan bir məlumat diqqətimi çəkdiyindən sonadək oxudum. Oxucularımın əziyyət çəkib axtarmamaları üçün mətnin bir hissəsini qeydimə əlavə edirəm.

“Mayın 15-də Türk Dünyası Bələdiyyələr Birliyinin və Qaziantep Böyükşəhər Bələdiyyəsinin sədri Fatma Şahinin təşəbbüsü ilə pandemiya dövründə koronavirusla mübarizə sahəsində iki qardaş ölkənin bələdiyyələrinin fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparmaq məqsədilə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının rəhbərlərinin və bir sıra şəhər bələdiyyə sədrlərinin iştirakı ilə videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, videokonfransda Fatma Şahin, Türk Bələdiyyələr Birliyinin baş katibi Birol Tikiçi, Birliyin Xarici Əlaqələr departamentinin müdiri Camal Baş, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Milli Assosiasiyaların koordinatoru - Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev, Abşeron rayonu Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev iştirak ediblər...

İndisə mənə maraqlı gələn məqamlara toxunmaq istərdim.

Uzun illər bələdiyyə sahəsində tədqiqat və araşdırma aparan QHT sədri kimi bələdiyyə assosiasiyalarının fəaliyyətinin son illərdə məni qane etməməsini təəssüf hissiylə daim qeyd etmişəm və qeyd etməkdəyəm. Və fikirlərimi faktlarla əsaslandırmışam. Yenidən o fikirlərə qayıtmaq istəməzdim. Ancaq onu əlavə edim ki, iki ay əvvəl yazdığım sonuncu qeydimlə bağlı yaxın bir dostumun “səbrli ol, tələsmə, vəziyyət düzələcək”- deməsi məni bir qədər gözləmə mövqeyində dayanmağa vadar etdi. Fikirləşdim ki, həqiqətən də, bəlkə düzələcək...

Lakin bu məlumatı oxuyanda açığı təəccübləndim. Ona təəccübləndim ki, görəsən virtual bağlantı zamanı bizim assosiasiya rəsmiləri nədən danışıblar, hansı təcrübəni paylaşıblar. Türk dostlarımıza ölkə başçısının atdığı ciddi addımlardan, qabaqlayıcı tədbirlərdən sözsüzki danışıblar. Deyim ki, ölkə başçısının təqdirəlayiq addımları barədə türk dostlarımızda kifayət qədər məlumatlar var. Düşünmək olar ki, onların təşəbbüsü ilə baş tutan videokonfransda əsas məqsəd bələdiyyə assosiasiyalarının fəaliyyəti haqqında bilgi əldə etmək olub, bəlkə də elə bizim təcrübədən yararlanmaq istəyiblər. Nə bilmək olardı.

Assosiasiya rəsmiləri assosiasiyaların pandomiya dövründə nədən passiv mövqedə dayanmaları barədə, assosiasiyaların Koronovirusla mübarizə Fonduna köçürdükləri ianələr barədə, küçə və meydanlarda aparılan dezinfeksiya işlərində bələdiyyələrə verdikləri metodik tövsiyələr barədə, son qəpiyini belə əsirgəmyib aztəminatlı ailələrə ərzaq bağlamalarının paylanılmasına çalışan bələdiyyə sədrlər barədə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tərtib etdiyi siyahıya bələdiyyələrin adının salınmamasına görə hətta sədrlərin işə çıxmasıyla bağlı narahatlıq yarandığı barədə, bələdiyyə qulluqçularının gərgin keçən son üç ay ərzində əməkhaqqı ala bilməmələri barədə, yəqin ki, danışmayıblar. Amma gərək danışılaydı.

Bir də üç türk bələdiyyə rəsmisinin qarşısına niyə beş nəfərin çıxarıldığını başa düşmədim. Assosiasiya sədrindən başqa daha üç sədrin məhz bu prosesə cəlb edilməsi başa düşülən deyildi. Yəni o üç yeni seçilmiş, bələdiyyə sahəsində “40-ın yenicə tökmüş”, 100 gün ərzində isə fikri yeni mühitə alışmaq olan sədrlər nədən danışacaqdılar, maraqlıdır. Nəzərə alaq ki, 100 günün 75 günü pandomiya ilə bağlı karantin dövrünə düşüb. Bəs onda bu siyahını tərtib edib müvafiq orqanlara təqdim edib razılıq alanların bu addımı hansı məqsədlə atdığı mənə aydın olsa da, istərdim razılıq verənlər də bu sualı versinlər ki, onlar nəyə əsaslanıb bu siyahını tərtib ediblər. Fikrimcə, təcrübəli türk dostlarımızla debata bələdiyyə sahəsində təcrübəsi olan və pandomiya ilə mübarizədə aktiv sədrləri çıxarmaq lazım idi. Mən qətiyyən bu fikrimlə yeni seçilmişləri aşağılamaq fikrindən uzağam. Onları tanımasamda bələdiyyə sədri olduqlarından hörmətim var. Amma gəlin etiraf edək ki, debatda iştirak edən dörd sədrdən yalnız birinin, Xətai bələdiyyəsinin fəaliyyəti barədə həm bizim, həm də geniş ictimaiyyətin məlumatı var. O da həmin bələdiyyədə müəyyən ənənənin olmasından irəli gəlir desəm, yəqin ki yanılmaram. Bundan başqa məgər üzə çıxarılası nümunəvi şəhər, qəsəbə və kənd bələdiyyəsi yox idimi. Var idi. Lakin. Yenə də hanısısa maraqlar bizə bu addımı atmağa imkan vermədi. Nə isə...

Hər halda bizim məqsədimiz aydın və şəffafdır. Biz bələdiyyələrin fəaliyyətini dəstəkləyən, bu sistemin inkişafına yönələn hər bir addımı dəstəkləyirik. Burada qaldırılan məsələlərə isə aydınlıq gətirilməsinə ehtiyac yoxdur, çünki biz “dostlar” demişkən “birini bilməsəkdə, birini bilirik”.

(Ardı var)

Vüqar Tofiqli

ŞƏRHLƏR