"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Belə bir dəyərli yaşıllıq zolağında ağacların kəsilməsi insanlığa qarşı bir cinayətdir”

--2019-09-11 / 00:21

Bakı şəhəri, Nəsimi Rayonu, Abbas Səhhət küçəsi 40 saylı binanın sakinləri Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizova müraciət ünvanlayıblar. Ciddi problemə toxunan sakinlər, həmdə maraqlı təkliflə də çıxış ediblər.

Müraciətdə deyilir:

“Yaşadığımız bina Abbas Səhhət küçəsiylə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində yerləşir. Üzbəüz tərəfdə isə keçmiş Rabitə Nazirliyinə məxsus ərazidə radiolokasiya stansiyası, “Azərmətbuatyayım” idarəsinin inzibati binası və qarajı yerləşir. Bununla yanaşı ərazidə böyük bir yaşıllıq zolağı da salınmışdır. Hələ ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə salınmış yaşıllıq zolağında yalnız “Eldar şamı” ağaclarının əkilməsi də səbəbsiz deyildi. Məhz bu ağaclar dünyada havanı ən çox oksigenlə təmin edir. Bu gün Ulu Öndərin təşəbbüsü ilə salınmış bu yaşllıq zolağı Nəsimi və Nərimanov rayon sakinləri üçün zəruri olan təmiz hava ilə təmin edir. Sözün həqiqi mənasında 40 -il əvvəl salınmış yaşıllıq zolağı bu gün göz oxşayır.

Lakin bu günlərdə sakinlərin gördüyü və eşitdiyi məlumatlar bizi çaşqın və narahat bir vəziyyətə salıb. Belə ki, yaşadığımız bina ilə üzbəüz ərazidə artıq bir neçə köklü ağac gecəykən kəsilib. Ərazidə çalışan fəhlələr bu ərazidə möhtəşəm ticarət mərkəzinin və yaşayış binasının inşa ediləcəyini bildiriblər. İnformasiyanın nə qədər həqiqətə uyğun olub-olmadığını deyə bilməsəkdə, biz sakinlərdə narahatlıq günbəgün artmaqdadır. Belə ki, belə bir dəyərli yaşıllıq zolağında ağacların kəsilməsi biz sakinlərə qarşı, deyərdik ki hətta insanlığa qarşı bir cinayətdir.

Onu da deyək ki, paytaxtımıza gələn qonaqlarda şəhərin mərkəzində ki, belə bir vəziyyəti görmələri heç də xoş təəssürat yaratmır.”

Daha sonra müraciətdə deyilir:

“Cənab Prezident İlham Əliyev tərəfindən paytaxtda yaradılan şərait həqiqətən Biz sakinlərin də ürəyincədir. Bakımızı qorumaq, onun yaşıllıq zolağının mühafizəsi hər birimizin vətəndaş borcudur. Bu gözəlliyin qorunmasında Bizdə bir sakin olaraq hər zaman öz töhfəmizi veririk. Lakin elə məsələlər var ki, o bizim səlahiyyətimiz xaricindədir. Odur ki, bina sakinləri olaraq Sizə müraciət edərək Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə salınan bu yaşıllıq zolağının qorunmasında, bu ərazidə hər hansı tikintinin aparılmasının qarşısnın alınmasında və Ulu Öndərin 100 illiyi ərəfəsində ərazidə yaşıllıq zolağını artırmaqla möhtəşəm bir parkın salınmasına göstəriş verməyinizi Sizdən xahiş edirik.

Sizə dərin hörmətlə bina sakinləri”

P.S. Mövzunu diqqətdə saxlayacağıq.

Belediyye.info 

ŞƏRHLƏR