"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakı rayonlarına kimlər rəhbərlik edir?

--2020-05-02 / 18:38

Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı Fərzəliyev Abdin Ələsqər oğlu 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1974-84-cü illərdə orta Ümumtəhsil məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlamışdır. 1985-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Kimya-bioloqiya" fakultəsinə daxil olmuş, 1985-87-ci illərdə Moskva vilayətində keçmiş Sovet Ordusunda hərbi xidmət keçmiş, 1992-ci ildə isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ilin oktyabr ayından 1993-cü ilin fevral ayına qədər "Naxçıvan" qəzetinin müxbiri vəzifəsində çalışmışdır. 1993-cü ilin fevral ayından noyabr ayına qədər "Əlincə" Xeyriyyə Cəmiyyətinin təşkilat şöbəsinin müdiri vəzifəsində, 1993-cü ilin noyabr ayından 1994-cü ilin avqust ayına qədər isə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında məsul işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləmişdir. 1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Gənclər və idman Nazirliyinin Ərazi İdarəetmə orqanları ilə iş və Kadr hazırlığı İdarəsinin rəis müavini, rəisi vəzifələrində işləmişdir. 1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləmişdir. 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərancami ilə Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir. 2005-ci ilin dekabr ayından isə Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışır.

1993-cu ildən Yeni Azərbaycan Partiyasının üzvü və YAP Siyasi Şurasının üzvüdür. Həmçinin 2001-2004-cü illərdə Milli Olimpiya Komitəsinin İcraiyya Komitəsinin üzvü olmuş, hal-hazırda da üzv kimi fəaliyyət göstərir. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetməsi" fakültəsini bitirmişdir.

***

Qaradağ RİH-başçısı Süleyman Surxay oğlu Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. 1979-ci ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir.1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984-1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994-1995-ci illərdə «Səma» kiçik müəssisəsinin direktoru işləyib. 1995-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb. 1999-2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib. 2005-ci ilin dekabr ayınadək Yardımlı Rayon İcra Hakimiyyətinin, 21 dekabr 2005-ci il tarixindən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı olub. Azərbaycan Respublikası Prezidentinin 04 mart 2010-cu il tarixli Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı təyin edilib.

***

Nizami RİH başçısı Arif Adil oğlu Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Xanlıqlar kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirmişdir. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyinin Dövlət əmlakının idarə olunması və istehsalın təşkili şöbəsinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı nazirinin köməkçisi, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, Nizami Bələdiyyəsinin sədri və 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

****

Suraxanı RİH başçısı Əziz İmran oğlu Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. M.Əzizbəyov adına Neft və Kimya İnstitutunu bitirmişdir. 1985-ci ildə Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin Tramvay-Trolleybus İdarəsində əmək fəaliyyətinə başlamış və 1996-cı ilə qədər müxtəlif vəzifələrdə çalışmışdır.1996-2006-cı illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin, 2018-2019-cu illərdə isə Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.

***

Nəsimi RİH başçsı Əsgərov Asif Yunis oğlu 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunu və 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomları ilə bitirmişdir. 1989-cu ildən əmək fəaliyyətinə başlamış, Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləmişdir. 1994-cü ildən “ATTİLA” idman klubunun sədri, cüdo üzrə Respublika yığma komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir. 1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000-2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini vəzifələrində çalışmışdır.Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2006-cı il tarixli sərəncamı ilə Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısı, 25 iyun 2009-cı il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin Başçısı və 2 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Elmi-pedaqoji fəaliyyətini davam etdirir. Fəlsəfə doktoru, dosent, professor, idman ustası, Respublikanın Əməkdar Məşqçisi, Respublika dərəcəli hakimdir.

***

Binəqədi RİH başçısı Allahverdiyev Elxan Şamil oğlu 15.06.1960-ci il tarixdə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspirantura pilləsini bitirmişdir.Əmək fəaliyyətinə 1984-cü ildə başlamışdır.Həmin ildən 1994-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnistutunda müxtəlif vəzifələrdə çalışmışdır.1998-ci ildən 2005-ci ilədək “Meridian” MMC-də Direktor, 2005-ci ildən 2015-ci ilədək “Duet” firması Kommersiya üzrə direktor müavini, 2015-ci ildən 2016-ci ilədək Bank Olmayan Kredit Təşkilatı “Kredex” MMC-də idarə heyətinin sədrinin müavini, 2017-ci ildə “Kontinent İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

***

Sabunçu RİH- in başçısı Adil Vəliyev 20 Aprel 1960-cı ildə Qubadlı rayonunun Əfəndilər kəndində anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib.Əmək fəaliyyətinə 1977-ci ildə BEMZ-də operator kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub. 1980-1990-cı illərə qədər fasiləsiz olaraq əmək fəaliyyətini BEMZ-də davam etdirib. 1990-1992-ci illərdə Nərimanov rayon İcra Hakimiyyətində şöbə müdiri və rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifələrində çalışıb. 1992-1996-cı illərdə Bakı şəhər Xalq Deputatları Sovetində Təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin MTTİ-nin rəis müavini vəzifəsində çalışıb. 2003-2012-ci illər ərzində özünün təsis etdiyi “Euro Style” LTD şirkətinin rəhbəri olmuşdur. 2012-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısı vəzifəsinə təyin edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

***

Piralalhı RİH başçısı İmanov Vasif Həsən oğlu 1961-ci ildə Zəngəzur mahalının Ərəfsə kəndində anadan olub. 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1983-cü ildən əmək fəaliyyətinə başlamışdır. 1983-1991-ci illərdə “Avtoyoltikinti” Nazirliyinin 27 saylı Yol İstismar Sahəsində mühəndis-mexanik və baş mexanik, 1991-1999-cu illərdə “Şelflayihətikinti” İstehsalat Birliyinin Tikintinin Mexanikləşdirilməsi və Nəqliyyat İdarəsində istismar şöbəsinin rəisi, baş mühəndis və həmin idarənin rəisi, 2003-2006-cı illərdə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda direktor müavini, 2006-2013-cü ilin mart ayına qədər ARDNŞ-nin Sosial İnkişaf İdarəsində rəis müavini vəzifəsində çalışmışdır. YAP Pirallahı Rayon Təşkilatı İdarə Heyətinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2011-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.

***

Səbail RİH- başçısı Vuqar Teyyub oğlu Zeynalov 1976-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur. Müxtəlif dövrlər ərzində o, özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyat muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya" kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Kitab Mərkəzində direktor vəzifələrini icra edib. 2012-2015-ci illərdə Nizami Kino Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2015-2018-ci illərdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

***

Xəzər RİH başçısı Salahov Elşən Rövşən oğlu 1977-ci ildə Bakı şəhərində anadan olub. 1994- cü ildə Bakı şəhəri 237 saylı orta məktəbi bitirmişdir. 2000-ci ildə Xəzər Universitetini, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universtetini, 2017-ci ildə Azərbaycan Respulikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1999- cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində əmək fəaliyətinə başlamış, Qiymətli kağızların tədavülünün tənzimlənməsi şöbəsində baş məsləhətçi, Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsində sektor müdiri, 2009-cu ildə “Bank Standart” Kommersiya Bankının “Mərdəkan” filialının direktoru, 2014-cü ildə Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Rayon Təsərrüfatı şöbəsinin müdiri, 2018-ci ildə Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifələrində çalışmışdır. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05 fevral 2019-cu il tarixli Sərəncamı ilə Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.

***

Xətai RİH başçısı Quluyev Rafiq Çəpərxan oğlu 17 yanvar 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində anadan olub. 1981-ci ildə Ərəvsə kənd orta məktəbində 1-ci sinfə gedib, məlum səbəblərə görə 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib. 1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Müharibə veteranıdır. 1993-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib. 1997-ci ildən Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışmışdır. 21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək Başçının müavini, 2013-cü il dekabrından 12.11.2019-cu il tarixədək başçının 1-ci müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli müvafiq Sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

***

Yasamal Rayon İcra hakimiyyətinin başçısı Elşad Eldar oğlu Həsənov 1976-cı il sentyabrın 27-də Bakı şəhərində anadan olmuşdur. Paytaxtdakı 23 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirəndən sonra aspiranturaya daxil olub. 2004-cü ildə elmi iş müdafiə edərək, Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi adı alıb. Hüquq sahəsində bir sıra elmi məqalələrin müəllifidir. Hüquq üzrə fəlsəfə doktorudur. 1997-ci ildən 2006-cı ilə qədər “Foton” məhdud məsuliyyətli müəssisənin direktoru, 2006-2012-ci illərdə “Vest İndastris AZ” şirkətinin hüquqşünası, 2012-2015-cı illərdə “Kaspian Konsaltinq” auditor şirkətinin hüquqşünası vəzifələrində çalışmışdır. 2015-ci ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Gənclər və idman komitəsinin, Elm və təhsil komitəsinin üzvü olub. Avropa Şurası Parlament Assambleyasında və ATƏT Parlament Assmbleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub. Avropa İttifaqı-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin üzvü qismində fəaliyyət göstərib. Həmçinin Avropa Şurası Parlament Assambleyasının Hüquq məsələləri və insan hüquqları komitəsində “İnsan hüquqları və biznes” üzrə məruzəçi olub. Azərbaycan Respublikası Milli Məclisinin “Parlament” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli sərəncamı ilə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. Rus və ingilis dillərini bilir.

P.S.Məlumatlar RİH saytalarından götürülüb

  

 

 

ŞƏRHLƏR