"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakı Nəqliyyat Agentliyi məhkəməyə verilib- NƏSİMİ BƏLƏDİYYƏSİ TƏRƏFİNDƏN

--2019-11-07 / 20:42

Azərbaycan Respublikası Prezidentinin 02.04.2018-ci il tarixli 1902 nömrəli Fərmanına əsasən Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılaraq Nizamnaməsi təsdiq edilmişdir. Agentliyin Nizamnaməsindən irəli gələn vəzifələrinin yerinə yetirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 06.07.2018-ci il tarixli 181 nömrəli Fərmanının 2-ci maddəsinə əsasən Bakı şəhəri, Füzuli və Mirzağa Əliyev küçələri arasında, "Qış bulvarı" bağının altında yerləşən yeraltı avtomobil qarajı Bakı şəhəri İcra Hakimiyyətinin balansından Bakı Nəqliyyat Agentliyinin balansına verilmişdir. Həmin qarajda Agentlik tərəfindən nəqliyyat vasitələri sahiblərinə 2019-cu ilin yanvar ayından ixtisaslaşdırılmış avtomobil dayanacağı xidməti göstərilir.

"Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsində bələdiyyə ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırııılmış avtomobil dayanacaqları tərəfindən hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmayan ödəniş nəzərdə tutulmuşdur. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən yuxarıda göstərilən ödənişlər hər bir ödəyicidən tutularaq bələdiyyələr tərəfindən müəyyən edilmiş müddətlərdə və qaydalarla bələdiyyələrə ödənilməlidir. Nəsimi Bələdiyyəsi tərəfindən bu ödənişlərin müvafiq hesabat təqdim etməklə hesab-fakturaya əsasən növbəti ayın 5-dək ödənilməsi nəzərdə tutulmuşdur.

Nəsimi Bələdiyyəsi ərazisində olan "Qış bulvarı" bağının altında yerləşən qarajda ixtisaslaşdırılmış avtomobil dayanacağı xidməti göstərən Bakı Nəqliyyat Agentliyinə "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsində nəzərdə tutlan ödənişlərin edilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq, Agentlik müxtəlif bəhanələrlə ödənişlər etməkdən yayınmışdır.

Bakı Nəqliyyat Agentliyinin cavab məktubunda "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanunda dövlətin mülkiyyətində olan əmlakdan yerli ödənişlərin verilməsinin nəzərdə tutulmadığı, Bakı şəhəri, Füzuli və Mirzağa Əliyev küçələri arasında yerləşən yeraltı qarajın Bakı şəhər İcra Hakimiyyətinin balansından Bakı Nəqliyyat Agentliyinin balansına verildiyi, həmin əmlakın dövlət mülkiyyətində olmaqla dövlət əmlakının reyestrində qeydiyyata alındığı göstərilmişdir. Cavab məktubunda Qanunun sözügedən maddəsində yerli ödənişlər üçün əmlakın hüquqi və fiziki şəxslərə məxsus olması əsas gətirilərək, dövlətin mülkiyyətində olan əmlakdan yerli ödənişlərin verilməsinin nəzərdə tutulmadığı əsas gətirilərək, qarajın dövlət mülkiyyətində olduğundan göstərilən xidmətə görə yerli ödənişlərin verilməsinin "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanunun tələblərinə zidd olduğu göstərilərək, ödənişin edilməsindən qanunsuz və əsassız olaraq rəsmi imtina olunmuşdur.

Bakı Nəqliyyat Agentliyinin nizamnaməsində bu qurumun kommersiya da daxil olmaqla fəaliyyət göstərdiyi sahədə qanunla müəyyən edilmiş məcburi ödənişlərdən azad olunmasına dəlalət edən heç bir müddəa yoxdur. Belə ki, qanunla müəyyən edilən məcburi ödənişlərdən azadolmalar da məhz qanunla müəyyən edilə bilər.

Bakı Nəqliyyat Agentliyinin "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanunun 9.1.5-ci maddəsinə əsasən ödənişlər etməməsi əsassız və qanunsuz olduğundan Nəsimi Bələdiyyəsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.

         İddia ərizəsində məhkəmədən Bakı Nəqliyyat Agentliyi üzərinə 2019-cu ilin yanvar ayından "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azətbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən Bakı şəhəri, Füzuli və Mirzağa Əliyev küçələri arasında yerləşən yeraltı qarajda ixtisaslaşdırılmış avtomobil dayanacağı xidməti göstərməsi ilə əlaqədar hər bir nəqıiyyat vasitəsi üçün sutkada 0.1 manat ödəniş etməsi öhdəliyinin qoyulması xahiş olunmuşdur.

         Həmin iddia ərizəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Fərid Məmmədli tərəfindən 30.09.2019-cu il tarixli qərardadla cavabdehə qarşı olan tələbin məzmunu aydın şəkildə təsvir edilmədiyinə görə icraata qəbul edilmədən geri qaytarılmışdır. Hakim qərardadda Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsaslanaraq, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən edilmiş formasına və məzmununa riayət olunmadığı göstərmişdir. Qərardadda Azətbaycan Respublikası MPM-nin 149-cu maddəsinin hansı tələbinin pozulduğu qeyd olunmamış, cavabdehə qarşı tələbin məzmununun aydın şəkildə təsvir edilməməsi kimi subyektiv nəticəyə gəlmişdir.

Nəsimi Bələdiyyəsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin bu qərarından şikayət verilmişdir. Şikayətə 05.11.2019-cu il tarixdə Bakı Apellyasiya məhkəməsində baxılmış və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Fərid Məmmədlinin qəbul etdiyi qərardad ləğv olunmuşdur. İddia ərizəsi mahiyyəti üzrə baxılması üçün 1-ci instansiya məhkəməsinə qaytarılmışdır.

P.S. Mövzunu diqqətdə saxlamaqla qarşı tərəfin də fikirlərini verməyə hazırıq

Xüsusi olaraq Belediyye.info üçün hazırladı:

Əli Mahmudov,

Nəsimi Bələdiyyəsinin hüquq şöbəsinin müdiri

        

 

ŞƏRHLƏR