"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycanlı alimlər Aktau şəhərində beynəlxalq konfransa qatılıblar

--2022-11-21 / 13:43

Noyabrın 16-17-də Qazaxıstan Respublikasının Mangistau vilayətinin Aktau şəhərində "Tarix dalğasında Mangistau" beynəlxalq elmi konfransı keçirilib. Konfransda Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşunaslıq Elmi Mərkəzinin rəhbəri professor Qafar Cəbiyev və aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli iştirak ediblər. Konfransda Qazaxıstan, Azərbaycan, Türkiyə, Özbəkistan, Rusiya və İtaliyadan 40-dan çox alim məruzə edib, konfransın materialları kitabı nəşr edilib. Qafar Cəbiyev və Fariz Xəlilli"Tarixi qəbristanlıqlar irs nümunəsi kimi" mövzusunda məruzə ediblər. Müəlliflər bildirib ki, istər beynəlxalq səviyyədə, istərsə də yerli səviyyədə maddi və mənəvi mədəni irs nümunəsi olaraq qədim qəbiristanlıqların tanınması, öyrənilməsi, qorunması və tanıdılması sahəsində yeni normativ-hüquqi aktlara, izahlara ehtiyac var. Xüsusilə dağılmış xanəgahlar ətrafındakı müsəlman qəbirlərinin interdisiplinar öyrənilməsi, onların qorunmasının əsaslandırılması, qəbristanlıqların və qəbirlərin daşıdığı informasiyaya hermenevtik yanaşılması xüsusilə vacibdir. Bu mənada son on ildə xanəgah arxeologiyasının inkişafı üçün münbit şərait yaranıb. Bu, Azərbaycan xalqının mənəvi dəyərlərinin köklərini daha dərindən öyrənmək istəyindən və turizm sahəsində yeni obyektlərin axtarışından da irəli gəlir. Qəbristanlıqlara bələdiyyələrin nəzarətindən, tarix-mədəniyyət abidələri kimi tanınan qəbristanlıqların qorunmasından danışılıb. Daha sonra Ağsu şəhərindəki Şıxməzid xanəgahında və Şamaxı rayonu Avaxıl kəndindəki Ömər Sultan xanəgahında aparılan arxeoloji tədqiqat, tapılan artefaktların zənginliyi və unikallığı, xüsusilə səhəng örtüklü qəbirlər haqqında məlumat verilib. Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əlövsət Quliyev "Böyük İpək Yolunu iki qola ayıran Volqa-Xəzər dəhlizi", AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan Dos.Dr. Nəzakət Məmmədli "Xəlvətilik təriqəti: tarix, şöbələri, şeyxləri", Dr. Nizami Yusifov "Memarlıq abidələrində daşıyıcı konstruksiyalarının mühəndis tədqiqatları və möhkəmləndirilməsi metodları" haqqında məruzə ediblər. 

Konfrans günlərində professor Qafar Cəbiyev Mangistau vilayəti İcra hakimiyyətinin təşkil etdiyi mətbuat üçün brifinqdə çıxış edib. Onlar Yessenov Universitetində olub, tələbələrlə görüşüb, müasir tədris texnologiyaları ilə tanış olublar. Alimlər Mangistau vilayətində yerləşən Kuyeutam türbəsi, Çoban Ata xanəgahı və Beket Ata xanəgahını ziyarət edib, oradakı qəbir abidələrinin və türbələrin qorunması, mənəvi irsin yaşadılması ilə tanış olublar. Onlar Mangistau vilayəti tarix-mədəniyyət qoruğu və Mangistau tarix-diyarşünaslıq muzeyinin ekspozisiyası ilə tanış olub, qoruğun kitabxanasına arxeoloji tədqqiatlarla bağlı kitablar hədiyyə ediblər
ŞƏRHLƏR