"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycanın imzasını imzalar içində tanıdan dahi şəxsiyyət – Heydər Əliyev!

--2019-05-10 / 13:09

“Hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir”.

 Ümummilli lider Heydər Əliyev

 Ölkənin, dövlətin inkişafını ilk növbədə xalqa xidmətdə görən, ömrünü Azərbaycana həsr edən Heydər Əliyev tarix yazan tarixi şəxsiyyətdir. Azərbaycanın ən önəmli, ən əhəmiyyətli tarixləri məhz Heydər Əliyevin adı, imzası ilə bağlıdır. Bu səbəbdəndir ki, ümummilli lider Heydər Əliyevin doğum tarixi - 10 may xalqımız üçün bayram günüdür.

 

Heydər Əliyev bütün zamanlarda isminin önündə heç bir təşbeh olmadan belə adı çəkilən vaxt dünya siyasi elitasında böyük hörmətlə qarşılanan nüfuz sahibi, öz ölkəsində isə xilaskar Atadır.

 

Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi dahi siyasətçidir. Görkəmli şəxsiyyətdir. Böyük dövlət adamı, Azərbaycanın real müstəqilliyinin təminatçısıdır. Müstəqil Azərbaycan Respublikasının bu gününün və gələcəyinin inkişafını təmin edən strategiyanın müəllifidir.

 

Böyük Britaniyanın Baş naziri Toni Bleyer ulu öndərimiz haqqında belə bir fikir söyləyib: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”. Azərbaycan xalqı Heydər Əliyev irsi ilə həqiqətən də fəxr edir. Təkcə fəxr etmir, həm də ulu öndərin irsindən bəhrələnir. Heydər Əliyev irsi hər bir azərbaycanlı üçün Azərbaycan, Azərbaycançılıq deməkdir. Heydər Əliyev irsi dövlət, dövlətçilik deməkdir. Azərbaycan dövlətinin tarixinə, xalqının yaddaşına əbədi həkk olunan Heydər Əliyev Vətənini firavan, millətini xoşbəxt görmək üçün ömrünü əməli fəaliyyətə, gərgin işə həsr etməklə xalqa və dövlətə xidmətin bariz nümunəsini göstərdi.

 

Azərbaycanın 40 illik tarixi məhz Azərbaycan xalqının böyük oğlu, dahi siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevin adı, fəaliyyəti ilə bağlıdır. Azərbaycanın imzasını imzalar içində tanıdan bu dahi şəxsiyyətin, uzaqgörən siyasətçinin zamanında atdığı addımların mahiyyətini indi daha dərindən dərk edir, əhəmiyyətini gündəlik həyatımızda görürük. Çünki, ulu öndər bu ölkənin qurulmasının, yaradılmasının, sabitliyinin, firavanlığının müəllifidir. Azərbaycanın bir ölkə kimi dünya xəritəsindən silinməsinin qarşısını alan xilaskardır!

 

Heydər Əliyev irsini təhlil edərkən onun gələcəyə - gənclərə göstərdiyi böyük qayğının şahidi oluruq. Heydər Əliyev uzaqgörən siyasətçi kimi ölkənin tərəqqi və inkişafını gənclərdə və təhsildə görürdü. Gənclərə diqqət yalnız gələcəyə məhəbbətlə bitmir, o, həmçinin ölkənin modernləşməsinə, formalaşmaqda olan gənclərin şüuruna təsir göstərirdi. Ümummilli lider bilirdi ki, şüurda dəyişikliyi yalnız təhsil, elm vasitəsilə həyata keçirmək olar. Bu səbəbdən də dahi siyasətçi Heydər Əliyevin birbaşa rəhbərliyi və dəstəyi ilə sovet Azərbaycanının rəhbəri olduğu müddətdə minlərlə azərbaycanlı gənc təhsil almaq üçün ölkənin ən yaxşı məktəblərinə - Moskvaya, Leninqrada, Kiyevə, Xarkova, Minskə göndərildi. Ölkəyə lazımlı ixtisaslar üzrə ali təhsilli mütəxəssislər yetişdirildi.

 

Həmin dövrün ən mühüm hadisələrindən biri də Bakıda milli hərbi kadrlar hazırlayan C. Naxçıvanski adına məktəbin fəaliyyətə başlaması oldu. Bu məktəbin fəaliyyətə başlaması nəticəsində yüzlərlə gələcək zabit hərb elminin sirlərinə yiyələndi. Zamanında atılan bu addım Heydər Əliyev tərəfindən gələcəyə hesablanmışdı. Vətənin, dövlətin keşiyində sədaqətlə dayanan bu günün generalları, polkovnikləri həmin illərin yetişdirdiyi zabitləridir.

 

Sovetlər imperiyası dağıldıqdan sonra Azərbaycanın müstəqillik qazandığı ilk illərdə siyasi hakimiyyətdə təmsil olunanların naşılığı, prinsipsizliyi, qətiyyətsizliyi və düşünülməmiş addımları Azərbaycanı getdikcə tənəzzülə aparır, respublikanın sosial və siyasi dayaqlarını sarsıdaraq onun mövcudluğunu şübhə altına qoyurdu. 1991-93-cü illərdə xarici qüvvələrin dəstəyi və ölkə daxilində baş verən hərbi-siyasi xarakterli hadisələr respublikamızda ictimai-siyasi vəziyyəti həddindən artıq gərginləşdirmiş, vətəndaş həmrəyliyi pozulmuş, ərazilərimiz bir-birinin ardınca işğal edilmiş, Dağlıq Qarabağ və onun ətrafında baş verən proseslər dövlətin idarə olunmasını nəzarətdən çıxarmış, xaos, vətəndaş qarşıdurması kulminasiya həddinə çatmışdı. Belə bir vəziyyətdə xalqın mənafeyinə xidmət edən siyasət yürüdən, bazar iqtisadiyyatına uyğun islahatlar aparmağı bacaran, ölkənin ərazi bütövlüyünün təmin edilməsi üçün düşünülmüş, təsirli tədbirlər həyata keçirən rəhbərə ehtiyac vardı. Xalq öz xilasını bu tarixi missiyanın öhdəsindən layiqincə gələ biləcəyinə əmin olduğu, böyük dövlət xadimi Heydər Əliyevdə gördü. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyən Heydər Əliyev siyasi rəhbərliyə dəvət edildi. Məhz Heydər Əliyevin apardığı müdrik xarici və daxili siyasət sayəsində dövlətimizin milli müstəqillik xətti dönmədən həyata keçirildi, dövlət düşdüyü ağır siyasi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən xilas edildi.

 

Ümummilli lider müharibəni səngərlərdən diplomatiya masası arxasına keçirməklə, həm də ölkədə möhkəm ictimai-siyasi sabitliyi bərpa etmək istiqamətində çox ciddi tədbirlər həyata keçirdi. Ümummilli liderin rəhbərliyi ilə respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı. Beləliklə, 1994-1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu, dirçəliş dövrü başladı. İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşması, dövlət büdcəsinin gəlirlərinin ildənilə artması təmin edildi.

 

Azərbaycanın xarici siyasətində nəzərəçarpacaq dəyişikliklər baş verdi. İlk növbədə müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İran, Asiya, Afrika və Cənubi Amerika ilə əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi. Heydər Əliyevin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət kursunun ən mühüm uğurlarından biri də 2001-ci ilin əvvəlində Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi, Avropa ailəsinə qoşulması oldu. Ölkəmiz beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən tanındı, beynəlxalq ictimai rəydə respublikamız haqqında müsbət fikir formalaşdırıldı, vətənimizdə hüquqi, demokratik dövlət quruculuğu geniş vüsət aldı.

 

Ulu öndərin tarixi xidmətlərindən biri də uzun illərdir, dayanıqlığını saxlayan, hakim partiya olan Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Zaman göstərdi ki, əsası ulu öndər tərəfindən qoyulan və 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyası daim inkişaf edən, fəaliyyətini genişləndirən, Heydər Əliyev ideyalarının daşıyıcısı olaraq onu müasir çalarlarla zənginləşdirən partiyadır. Yarandığı gündən partiyaya mütəmadi axının, sıralarının genişlənməsinin kökündə də məhz Heydər Əliyev ideyalarının yaşadılması ilə yeni təfəkkürün sintezi dayanır.

 

Zamanında “Yeni Azərbaycan Partiyasında gənclərə daha da çox imkan vermək lazımdır. Yeni Azərbaycan Partiyası XXI əsrin - üçüncü minilliyin partiyasıdır” söyləyərkən ulu öndər Heydər Əliyev məhz bu günümüzün təməlini inşa edirdi. Bu dahi şəxsiyyətin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün partiya sıralarında gənclərin sayı 40 %-ə yaxındır. Bu gün gənclər dövlət strukturlarında, yerli özünüidarəetmə orqanlarında, özəl sektorda, ictimai sferada geniş şəkildə və layiqincə təmsil olunurlar. Azərbaycan gəncliyinin səsi beynəlxalq tribunalardan gəlir, bayrağımızı beynəlxalq arenalarda yüksəldir. “Bizim gərək gənc kadrlarımız üzə çıxsın, özlərini müxtəlif sahələrdə sınaqdan keçirsin, təcrübə toplasın və XXI əsrdə onlar bizim bu gördüyümüz işlərin, yaratdığımız bu bünövrənin, təməlin üzərində qalxan, ucalan və böyük dövlətə çevrilən Azərbaycanı irəliyə aparsınlar” deyərkən ulu öndər Azərbaycanın məhz bu gələcəyinə hədəflənmiş indi həyatda öz təsdiqini tapan proqramını açıqlayırdı.

 

Bu gün biz qüdrətli və müstəqil dövlətin övladları olaraq firavan respublikada, ictimai-siyasi sabitlik şəraitində, sosial rifahın təmin olunduğu, inkişaf edən və güclü bir Azərbaycanda yaşayırıq. Bu güclü Azərbaycanı bizə miras qoyan xalqın ümummilli lideri Heydər Əliyev sözün bütün mənalarında böyük ömür yaşadı. Lakin onun ideyalarının ömrü, qurduqlarının və yaratdıqlarının ömrü daha böyükdür. Bu sonsuza qədər uzunömürlülük onun öz əlləri ilə qurub yaratdığı və indi Prezident İlham Əliyevin timsalında etibarlı əllərlə idarə olunan ölməz əsərində - müstəqil Azərbaycan Respublikasının gündəngünə inkişafında, möhkəmlənməsində, qüdrətlənməsində təcəssüm edir. “Xalq öz prezidentinə inanır” fikri, İlham Əliyevin xalqa yönəlik apardığı siyasətdə real əksini tapır. Prezidentin xalqla təmasları, onun əhalinin real gəlirlərinin və sosial rifah halının artırılması yöndəki fəaliyyəti daxili vəziyyətin dönməzliyini təmin edir. Bu, həm də uğurlu xarici siyasətin aparılmasını stimullaşdırır. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev öz andına sadiq qalaraq bütün sahələrdə ümummilli lider Heydər Əliyevin siyasətini uğurla və prinsipiallıqla davam etdirir, çoxlarının proqnozlaşdıra bilmədiyi müvəffəqiyyətlərə imza atır. Və bütün bu uğurlar Azərbaycan iqtidarının siyasəti ilə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin tandemi ilə müşaiyət olunur. Heç şübhəsiz, xalq partiyası kimi yaranan Yeni Azərbaycan Partiyası xalq partiyası kimi də fəaliyyətini davam etdirir. Partiyanın gücü də məhz bundadır, Prezident İlham Əliyevin dediyi kimi: “Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, partiyanın yeritdiyi siyasət xalqın maraqlarına uyğundur. Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondadır ki, Prezidentin və Yeni Azərbaycan Partiyasının liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”.

 

Jalə Tofiqqızı

Biəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi,

Sədrin köməkçisi

ŞƏRHLƏR