"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycanda yerliözünüidarəetmə - 20 il

--2019-11-19 / 13:07

Demokratik cəhətdən inkişaf etmiş ölkələrin çoxillik təcrübəsi göstərir ki, hər bir regionun, ərazinin təbii və sosial-iqtisadi potensialından tam və səmərəli istifadə etmək və bu əsasda əhalinin maddi rifahını yaxşılaşdırmaq üçün təkcə dövlət idarəçilik orqanlarının mövcud olması yetərli deyil. Yerli özünüidarəetmə mahiyyətcə bu və ya başqa ərazinin əhalisinə öz işlərini həll etmək üçün müəyyən azadlığın verilməsidir.

Ölkəmizdə yerliözünüidarəetmə sisteminin yaradılmasının əhəmiyyəti ümummilli lider Heydər Əliyevin 12 dekabr 1999-cu il tarixdə bələdiyyə seçkiləri ilə əlaqədar xalqa müraciətində öz əksini tapıb: “Bələdiyyə seçkiləri Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir. Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir”.

Bu gün yerli özünüidarə dünya ölkələrinin çoxunda konstitusiya quruluşunun əsası, xalq hakimiyyətinin spesifik forması, əhalinin yerli əhəmiyyətli məsələlərin müstəqil həllinə qərar verən yerli özünüidarə orqanlarını seçmək və onlara seçilmək hüququnun reallaşdırılması sayılır. İnkişaf etmiş demokratik ölkələrdə yerli özünüidarə demokratik quruluşun və vətəndaşların idarə sisteminə cəlb olunmasının ilkin göstəricisidir.

Yerli özünüidarə xalq hakimiyyətinin bir forması kimihüquq və azadlıqların təminatı ilə bağlı olduğundan, bu idarəçilik forması üzrə xarici ölkələrin qanunvericilik təcrübəsi ilə yanaşı, beynəlxalq standartların da öyrənilməsi önəmlidir. Bununla bağlı həm ümumi xarakterli, insan hüquqlarına aid olan beynəlxalq aktları, həm də bilavasitə yerli özünüidarəetmə orqanlarına həsr edilmiş beynəlxalq sənədlər qəbul edilmişdir. Ümumi xarakterli beynəlxalq aktlara nümunə kimi “İnsan hüquqları haqqında ümumi Bəyannamə” (1948), “İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Pakt” (1966), “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt” (1966), “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” (1950) Avropa Konvensiyasını qeyd etmək olar.

Avropa Şurasının müdafiə etdiyi insan hüquq və azadlıqları arasında yerli özünüidarəetmə hüququ əhəmiyyətli yer tutur. Yerli özünüidarəetmə əsaslarının inkişafına Avropa Şurasının əsas işçi orqanları olan Parlament Assambleyası, Nazirlər Şurası, eləcə də Yerli və Regional Hakimiyyətlər Kongresi tərəfindən böyük diqqət yetirilir.

Demokratiyanın əsas təzahür forması olan yerli özünüidarəetmənin muxtariyyətinin müdafiəsi və gücləndirilməsi məqsədi ilə Avropa Şurası 15 oktyabr 1985-ci ildə “Yerli özünüidarə haqqında Avropa Xartiyası”nı qəbul etmişdir. Xartiyada göstərilir: "Hər bir Avropa vətəndaşı yaşadığı dövlətin konstitusiya quruluşundan asılı olmayaraq, istər bu monarxiya olsun, yaxud respublika olsun, dövlət formasından asılı olmayaraq - istər bu federasiya olsun, yaxud unitar dövlət olsun, özünü ilk növbədə, yerli hakimiyyət səviyyəsində ifadə və təsdiq edir; o, burada onun gündəlik həyatına bilavasitə təsir göstərən qərarların qəbul olunmasında iştirak edə bilər. Xartiya yerli hakimiyyətlərin müdafiəsi və hüquq və azadlıqlarının möhkəmləndirilməsinə dair ümumavropa normalarının əsasını qoymuşdur".

Avropa Xartiyası yerli özünüidarəetməni demokratik cəmiyyətdə "real hakimiyyətə malik olan", "vətəndaş üçün yaxın olan idarəetməni təmin edə bilən", "geniş muxtariyyətə malik" olan orqan kimi səciyyələndirərək, "yerli özünüidarə" anlayışının mahiyyətini də açıqlamışdır: "Yerli özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının qanun çərçivəsində, məsuliyyəti öz üzərinə götürərək və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin böyük bir hissəsini nizama salmaq və onu idarə etmək hüququ və real bacarığı başa düşülür. Bu hüquq azad, gizli, bərabər, birbaşa və ümumi səsvermə yolu ilə seçilmiş üzvlərdən ibarət olan şuralar və ya yığıncaqlar tərəfindən həyata keçirilir. Şuraların və ya yığıncaqların onlara hesabat verən icra orqanları ola bilər. Bu müddəalar vətəndaşların yığıncaqlara, qanunun yol verdiyi yerlərdə referenduma, yaxud vətəndaşların bilavasitə iştirakının hər hansı bir formasına müraciət etməsini istisna etmir".

Xartiyada yerli özünüidarənin səlahiyyətləri də müəyyənləşdirilmişdir: "Yerli özünüidarənin əsas səlahiyyətləri konstitusiya və qanunla müəyyən edilir. Yerli özünüidarə orqanları qanunun müəyyən etdiyi çərçivədə, tam sərbəst hərəkət edə bilərlər. Dövlət səlahiyyətlərinin həyata keçirilməsi, bir qayda olaraq, vətəndaşlara ən yaxın olan hakimiyyət orqanlarının üzərinə qoyulmalıdır. Bu səlahiyyətlərdən hər hansı birinin digər hakimiyyət orqanına verilməsi qarşıya qoyulmuş vəzifənin həcmi və xarakterini, habelə, səmərə və qənaət tələblərini nəzərə almaqla həyata keçirilməlidir”.

Xartiyaya əsasən yerli özünüidarə orqanları üzərində istənilən inzibati nəzarətin yalnız konstitusiya ilə, yaxud qanunla nəzərdə tutulmuş formalarda və hallarda həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd edilmişdir ki, həmin nəzarət elə tərzdə həyata keçirilməlidir ki, nəzarət edən orqanın müdaxilə dərəcəsi bu müdaxilənin qorumağı nəzərdə tutduğu maraqların əhəmiyyətinə mütənasib olsun.

1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ölkəmizdə köklü dəyişikliklərə başlanğıc verdi. Bu dəyişikliklərdən biri də yerli özünüidarəetmənin formalaşması oldu. Bu gün Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyəti üçün sanballı hüquqi baza yaradılmışdır. İlk addımlardan biri kimi ölkəmizin ‘'Yerli özünüidarə haqqında"’ Avropa Xartiyasına qoşulmasını dagöstərmək olar. Xartiya 15 aprel 2002-ci ildə Azərbaycan Respublikasınm Milli Məclisi tərəfindən ratifikasiya edilərək Avropa Şurasına təqdim olunmuşdur.

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 19 oktyabr 2011-ci il tarixli “Avropa yerli özünüidarə Xartiyasına qeyd-şərtlər və bəyanatlar” adlı tövsiyəsinə uyğun olaraq Milli Məclis tərəfindən qəbul edilmiş 21 iyun 2013-cü il tarixli Qanunla ölkəmiz Avropa Xartiyasının 10-cu maddəsinin 3-cü bəndinə qoşulmaqla üzərinə daha bir öhdəlik götürmüş vəbələdiyyələrin başqa bələdiyyələrlə əməkdaşlıq etmək, onlarla birləşmək, birliklərə və yerli özünüidarə orqanlarının beynəlxalq birliklərinə üzv olmaq, qanunla müəyyən edilən tələblər əsasında başqa dövlətlərin yerli özünüidarə orqanları ilə əməkdaşlıq etmək hüququ tanınmışdır.

Azərbaycan RespublikasıKonstitusiyasının dördüncü bölməsi "Yerli özünüidarəetmə", IX fəsli isə "Bələdiyyələr" adlanır ki, burada yerli özünüidarəetmənin təşkili, bələdiyyələrin işinin təşkili, bələdiyyələrin statusu, qərarları, səlahiyyətləri haqqında müddəalar təsbit edilmişdir. Bələdiyyə aktları barədə Konstitutsiyanın 150-ci maddəsinin “Qanunvericilik sistemi” fəslində yerləşməsi göstərir ki, bələdiyyə aktları hüquqi aktlar sırasına daxildir.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir.

            Konstitutsiyada təsbit olunmuş prinsiplərə uyğun olaraq Azərbaycanda 12 dekabr 1999-cu ildə yerli özünüidarəetməforması kimi ilk bələdiyyə seçkiləri keçirilmiş və seçkilər nəticəsindəErmənistanın işğalı altında olan ərazilər çıxılmaqla ölkənin bütün ərazisində yerli özünüidarəetmə orqanları formalaşmışdır.

Yerli özünüidarəetmə orqanları müstəqildirlər və dövlət hakimiyyət orqanları sisteminə daxil deyillər. Bələdiyyələr öz fəaliyyətini nizamnaməyə uyğun həyata keçirirlər. Bələdiyyələrin nizamnaməsi bələdiyyə iclasları və ya vətəndaşların yığıncaqlarında qəbul edilir. Nizamnamədə bələdiyyənin ərazisi, orqanları, strukturu, səlahiyyətləri, bələdiyyə üzvlərinin səlahiyyət müddəti, iqtisadi və maliyyə əsasları, bələdiyyə mülkiyyətinə sahibliyin, ondan istifadənin və ona sərəncam verilməsinin qaydaları və s. müəyyən olunur. Bələdiyyələr sosial müdafiə və sosial inkişaf, iqtisadi inkişaf, ekologiya üzrə yerli əhəmiyyətli proqramlar həyata keçirirlər. Bələdiyyələrin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur.

Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası və “Bələdiyyələrin statusu haqqında” Qanunda bələdiyyələrin tam müstəqil şəkildə fəaliyyət göstərməsi öz əksini tapmışdır.

Hər bir fəaliyyət sferasının nəzarət mexanizmi mövcud olduğu kimi, bələdiyyələrin fəaliyyətinə də inzibati nəzarət mexanizmi vardır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətyalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə nəzərdə tutulmuş qaydada və hallarda, qanunçuluğa əməl olunması baxımından həyata keçirilir. İnzibati nəzarət hüquqazidd bələdiyyə aktlarının qəbul edilməsinin qarşısının alınmasına, bütövlükdə yerli özünüidarənin səmərəliyinin artırılmasına xidmət edir.Qanunvericilik ilə bələdiyyələrin fəailiyyətinə nəzarət vəzifəsi Ədliyyə Nazirliyinə həvalə olunmuşdur. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin daha datəkmilləşdirilməsi məqsədi ilə bu sahədə görülən işlər təhlil olunaraq Ədliyyə Nazirliyinin Kollegiyasında dəfələrlə müzakirə edilmiş, mövcud çatışmazlıqların aradan qaldırılması, qarşıya çıxan problemlərin həll edilməsi üçün tapşırıqlar verilmiş və onların icrası təmin edilmişdir.

Ölkəmizdə demokratik institutların inkişafının təmin edilməsi, onların fəaliyyətində səmərəliliyin artırılması, o cümlədən yerli demokratiyanın inkişafı daim diqqət mərkəzində olmuş və bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçirilmişdir.

Yerli özünüidarənin təkmilləşdirilməsi məqsədi ilə 14 aprel 2000-ci il ildə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında", 30 may 2014-cü ildə “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanunlar qəbul edilmişdir. Həmin qanunların qəbul edilməsi nəticəsindəbələdiyyələrin sayı xeyli azaldılaraq 1607-yə endirilmişdir.

Azərbaycan dövləti yerli özünüidarəetmənin inkişafı və onun səmərəli işinin təşkili üçün ardıcıl siyasət yürüdür. Normativ hüquqi baza ildən ilə təkmilləşdirilir, hər il bələdiyyələrə dövlət büdcəsindən dotasiya ayrılır. “2019-cu ilin dövlət büdcəsi haqqında” Qanunla bələdiyyələrə 1 milyon manat subvensiya ayrılmış və artıq 4 bələdiyyənin təqdim etdiyi layihələrə uyğun olaraq onlara subvensiya ayrılmışdır.

Ədliyyə Nazirliyi və onun Bələdiyyələrlə İş Mərkəzinin Əsasnamələrinə görəbələdiyyələrə kömək və onlara metodoloji yardım göstərilməsi Nazirliyinvə Bələdiyyələrlə iş mərkəzinin vəzifələri sırasına daxildir. Bu normativ hüquqi aktlarda işin təşkilininistiqamətləri də göstərilmişdir. Belə ki, Bələdiyyələrlə iş mərkəzinin Əsasnaməsinin 6.3,6.4 və 6.6-6.11-ci bəndlərində bələdiyyələrə kömək məqsədi ilə bələdiyyələrin fəaliyyətində yol verilmiş qanun pozuntularının səbəb və şəraitinin öyrənilməsi və onların gələcəkdə qarşısının alınması məqsədi ilətəhlil və ümumiləşdirmələr aparmaq, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə tövsiyələr, metodik vəsaitlər hazırlamaq, bələdiyyə üzvləri və qulluqçuları arasında tədris-maarifçilik tədbirləri keçirməklə onların hüquqi biliklərinin artırılmasına kömək etmək, qanunvericilik aktları barədə bələdiyyələri məlumatlandırmaq, inkişaf etmiş ölkələrin bələdiyyə fəaliyyətinə dair təcrübəsini öyrənmək, mütərəqqi təcrübəni tətbiq etmək məqsədi ilə bələdiyyələrə kömək göstərmək kimi vəzifələr müəyyənləşdirilmişdir.Qeyd olunmalıdır ki, 9 iyul 2019-cu il tarixli Qanunla“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilərək “Bələdiyyə fəaliyyətinin təşkilinə kömək göstərilməsi” adlı yeni maddə əlavə edilmişdir.

Ədliyyə Nazirliyi tərəfindən yerli özünüidarənin təkmilləşdirilməsi ilə bağlı onlarla normativ hüquqi aktlara baxılaraq rəy və təkliflər verilmişdir. “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” və “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihələri, “Bələdiyyələrin Nümunəvi Reqlamenti”nin layihəsi Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış, habelə bir sıra normativ hüquqi aktların təkmilləşdirilməsi üçün qanun layihələri hazırlanaraq aidiyyəti orqanlara təqdim edilmiş və onların çoxu qəbul olunmuşdur.

Bələdiyyələrdə işin təşkilinə kömək etmək, onlara metodoloji yardım göstərmək və hüquq pozuntularına qarşı profilaktik tədbirlər görmək məqsədi ilə təkcə son 15 ildə 1400-dən çox seminar, təlim və başqa maarifləndirici tədbirlər keçirilmiş, 192 metodik vəsait və tövsiyə hazırlanmış, o cümlədən 20-yə yaxın kitab və broşur, çap edilmişdir. Nəşr edilmiş kitablardan “Bələdiyyələrdə subvensiya layihələrinin hazırlanması üzrə bələdçi, “Yerli turizmintəşkilində bələdiyyələrin iştirakı”, “Yerli özünüidarə ilə bağlı hüquqi aktlar toplusu”, “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair sənədlər toplusu” və“Bələdiyyələrdə arxiv işinin təşkilinə dair normativ hüquqi aktlar toplusu” və başqalarınıgöstərmək olar.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə 9 iyul 2019-cu il tarixli Qanunla dəyişiklik edilərək Ədliyyə Nazirliyinin üzərinə bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə xarici dövlətlərinyerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsini təşkil etməsivəzifəsi qoyulmuşdur.

Maarifçilik tədbirlərinin keçirilməsində dövlət orqanları ilə yanaşı, bələdiyyələrin milli assosiyaları və beynəlxalq qurumlarla da əməkdaşlıq edilir. Türk Dünyası Bələdiyyələr Birliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə əməkdaşlıq çərçivəsində bələdiyyə üzvləri və qulluqçuları üçün çoxsaylı təlim və seminarlar keçirilmiş, metodik vəsaitlər hazırlanaraq nəşr edilmişdir.

Bundan başqa, bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının maarifləndirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində xarici ölkələrə təcrübə səfərləri təşkil edilmiş, bələdiyyə üzvləri və qulluqçuları ayrı-ayrı qruplarla Türkiyə, Latviya, Litva, Bosniya, Hersoqovina və Almaniyada yerli özünüidarə orqanlarının təcrübəsi ilə yaxından tanış olmuşlar.

     Bələdiyyələrin milli assosiasiyaları da yerli özünüidarə məsələləri üzrə beynəlxalq əlaqələri davam etdirərək Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyalarında və başqa beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etmişlər.

Yerli demokratiya və özünüidarənin inkişafı istiqamətində Avropa Şurasının müvafiq qurumları və digər beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verilir. Yerli özünüidarə sahəsində Avropa Şurasının müvafiq strukturları ilə qarşılıqlı əlaqələr daha da möhkəmləndirilmişdir. Keçirilmiş beynəlxalq tədbirlərdə Azərbaycan nümayəndə heyəti ölkəmizi layiqincə təmsil etmiş, aktual məsələlər üzrə ölkəmizin maraqlarına uyğun təkliflər verilmiş və bir çox hallarda bu təkliflər qəbul edilmişdir.

Yerli özünüidarənin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən tədbirlər bələdiyyələrin imkanlarını genişləndirmiş, onların inkişafı üçün daha əlverişli şərait yaratmışdır. Bələdiyyələr əsasən yerli sosial-iqtisadi problemlərin həllində fəal iştirak edir, təmir-abadlıq işləri görür, qanunla onlara verilən maliyyə potensialını artırmağa çalışırlar.

Yerli özünüidarəetmə orqanlarının yaranmasının 20 ili ərzində bələdiyyələrin statusu daha da güclənmiş, onların səmərəli fəaliyyəti, qanunla onlara verilmiş səlahiyyətlərin tam və sərbəst həyata keçirilməsi üçün qanunvericilik bazasının yaradılması sahəsində xeyli uğurlar qazanmışdır.

Azərbaycanda yerli özünüidarəetmə sahəsində xeyli inkişaf olsa da, bir sıra problemlər, nöqsanlarda mövcuddur. Bələdiyyə kadrlarının peşəkarlığının artırılması, onların işinin müasir tələblər səviyyəsində qurulması ən vacib məsələlərdəndir. Bələdiyyələrdə yerli vergi və ödənişlərin yığılmasında problemlər hələ də qalmaqdadır.

Qarşıdan gələn növbəti bələdiyyə seçkilərində daha peşəkar şəxslərin bələdiyyə üzvlüyünə seçilməsi üçün yaxşı imkanlar vardır. Bu seçki ölkəmizdə yerli özünüidarənin inkişafında yeni və mühüm addım olacaqdır.

Ümumilli lider Heydər Əliyev bələdiyyə seçkiləri öncəsi xalqa müraciətində demişdir: “Əgər bələdiyyə seçkiləri uğurla keçirilsə, əgər bələdiyyələrə həqiqətən, hər bir bölgədə fəaliyyət göstərib xalqa xidmət etmək arzusunda olan insanlar seçilsə və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza yaxşı xidmət göstərə bilsə, təbiidir ki, bu, bizim ölkəmizin inkişafında çox böyük rol oynayacaq və dövlətin qarşısında duran vəzifələrin bir qismini bələdiyyələr öz üzərinə götürəcəkdir.”

 Mədinə Vəliyeva

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Bələdiyyələrlə İş Mərkəzi

 

ŞƏRHLƏR