"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan Xalq Cümhuriyyəti dövründə məhkəmə-hüquq islahatları

--2018-09-19 / 07:27

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli sərancamı ilə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti Müsəlman Şərqində ilk parlamentli respublikadır. AXC cəmi iki ilə yaxın yaşamış zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.

Rusiyada 1917-ci ilin fevralında baş vermiş inqilab nəticəsində əsrlərlə ömür sürmüş mütləqiyyət quruluşu devrilir. İmperiyada baş vermiş dəyişikliklərin məntiqi davamı olaraq Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilmiş və 1917-ci ilin oktyabr çevrilişindən sonra Məclisdə iştirak edə bilməyən nümayəndələr 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar.

1918-ci il may ayının 25-də Zaqafqaziya Seyminin son iclası keçirilir. Gürcüstan Zaqafqaziya Seymindən çıxaraq may ayının 26-da öz müstəqilliyini elan edir. Mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökumətini yaratmaq üçün Seymin bütün müsəlman nümayəndələri Tiflisdə toplaşır. Hərtərəfli müzakirədən sonra 28 may 1918-ci ildə onlar belə ağır bir zamanda Azərbaycanın idarə olunmasını öz üzərlərinə götürmək qərarına gələrək Azərbaycanın Milli İslam Şurasını elan edirlər. Azərbaycan Milli İslam Şurası İstiqlal bəyannaməsi ilə müstəqil Azərbaycan Demokratik Respublikasının yarandığını elan etdi.

Azərbaycan Milli İslam Şurasının 28 may 1918-ci il tarixli qərarı ilə Nazirlər Soveti Fətəli xan Xoyski başda olmaqla  9 nəfərdən ibarət tərkibdə təşkil olunur. Hökumətin tərkibində digər nazirliklərlə yanaşı, Azərbaycan Demokratik Cümhuriyyətinin Ədliyyə Nazirliyi də yaradıldı və Xəlilbəy Hacıbaba oğlu Xasməmmədov ədliyyə naziri kimi müvəqqəti hökumətin tərkibinə daxil olur.

Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə nazirləri Xəlilbəy Hacıbaba oğlu Xasməmmədov, Fətəli xan Xoyski, Teymur bəy Makinski, Aslan bəy Səfikürdski olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti müstəqil respublikanın ədliyyə, məhkəmə və prokurorluq orqanlarının formalaşdırılmasına xüsusi əhəmiyyət vermişdir. Gənc Azərbaycan dövlətinin rəhbərləri ədalətli və demokratik dövlət qurulmasında ədliyyənin və ədalət mühakiməsinin vacibliyini dərk edərək bu sahədə xeyli işlər görmüşlər və heç də təsadüfi deyil ki, Fətəli xan Xoyski o zaman parlamentdəki çıxışında vurğulamışdı: ədliyyə nəzarəti olmalıdır. Bu olmazsa, heç bir dövlətin işi yürüməz, nə qədər tənbeh və cəza olsa da, yenə də ədliyyə nəzarəti olmalıdır ədliyyəsi olmayan məmləkətdə tərəqqi dəxi olmaz, məmləkət irəliləməz.

Azərbaycan Demokratik Cümhuriyyətinin parlamenti mövcud olduğu 23 ay ərzində 140-a qədər ümumi iclas keçirmiş və həmin dövrdə parlamentə 315 qanun layihəsi təqdim edilmişdir. Bu qanun layihələrindən 32-si o cümlədən, Azərbaycan vətəndaşlığı, məhkəmə işçiləri vəzifələrinə namizədlər, andlı iclasçılar məhkəməsinin təsis edilməsi, məhkəmə aidiyyəti məsələləri, xarici dövlətlərin məhkəmə qərarlarının icrası qaydası, amnistiya haqqında və digər qanunvericilik aktlarının layihələri Ədliyyə Nazirliyi tərəfindən hazırlanaraq ölkə parlamentinin müzakirəsinə çıxarılmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti özünün 26 dekabr 1918-ci il tarixli iclasında hökumətin ədliyyə sahəsində deklarasiyasını qəbul etdi. Deklarasiyada deyilirdi ki, ədliyyə hökumətin diqqət mərkəzində olan mühüm sahələrdən biridir. Məhkəmə orqanları olmadan heç bir dövlət mövcud ola bilməz. Heç bir digər inzibati dövlət aparatı məhkəmələri əvəz edə bilməz. Bütün ictimai təhlükəli hərəkətlər məhkəmə prosesində araşdırılmalıdır. Ona görə ki, bir tərəfdən təqsirləndirilən şəxs öz günahını başa düşsün, digər tərəfdən isə o, dövlət aparatının ədalətliliyini hiss etsin. Ona görə də, məhkəmə icraatının dəqiqliyi dövlətin mühüm məsələlərindən biri olmalıdır. Ədalət mühakiməsi xalqa yaxın olmalıdır. Məhkəmə ilə əlaqəsi olmuş hər bir şəxs onun ədalətliyini başa düşməlidir. Əks təqdirdə məhkəmə özünün sosial təyinatına kifayət qədər nail ola bilməz. Ona görə də elə məhkəmə sistemi yaratmaq lazımdır ki, o bütün əhali tərəfindən başa düşülsün.
         Beləliklə də, Azərbaycan Demokratik Respublikası təşəkkül tapdığı ilk günlərdən ölkədə demokratik prinsiplər əsasında məhkəmə sistemi yaradılmasına böyük diqqət yetirilmişdir.
         Deklarasiyadan göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ədalət mühakiməsinin yalnız məhkəmələr tərəfindən həyata keçirilməsini, təqsirsizlik prezumpsiyası, məhkəmələrin xalqa daha yaxın olması, vətəndaşların məhkəmə və qanun qarşısında bərabərliyi və digər demokratik prinsiplərə əsaslanan məhkəmə sistemi qurulmasını elan etmişdir. Bundan sonra Azərbaycan Demokratik Cümhuriyyətinin ilk ədliyyə naziri Xəlilbəy Xasməmmədovun məruzəsi əsasında Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin 14 noyabr 1918-ci il tarixli qərarı ilə Azərbaycan tarixində ilk dəfə olaraq "Azərbaycan məhkəmə palatası və onun əsasnaməsi" təsdiq olunmuşdur. Bakı şəhərində yerləşən məhkəmə palatası bir neçə şöbədən ibarət idi. 

Əsasnamə aşağıdakıları nəzərdə tuturdu:


1. Məhkəmə Palatasının hər bir şöbəsi sədr və ştat üzrə müəyyən adamlardan ibarət olur.
2. Məhkəmə Palatasının sədrlərindən biri böyük sədr təyin edilir.

3. Azərbaycan Məhkəmə Palatası tərkibindəki prokuror və müəyyən qədər prokurorun yoldaşlarından ibarətdir.

4. Azərbaycan Məhkəmə Palatasının idarə forması və onun nəzdində olan prokuror nəzarəti rus imperiyasının 1864-cü ilin və 1917-ci il müvəqqəti hökumətin qanunlaşdırılmış məhkəmə nizamnaməsində nəzərdə tutulanlarla müəyyənləşdirilir.

5. Azərbaycan Məhkəmə Palatasının hakimiyyəti və onun nəzdində yerləşən prokuror nəzarəti bütün Azərbaycan Respublikası ərazisində həyata keçirilir.

Göründüyü kimi, əsasnaməyə uyğun olaraq yaradılmış Azərbayacan Məhkəmə Palatasının səlahiyyət dairəsi bütün Azərbaycan ərazisini əhatə edirdi. Həm də nəzərdə tutulurdu ki, respublika ərazisində mərhələ ilə digər məhkəmə instansiyaları - məhkəmə palataları təsis edilsin. Əsasnamədən əvvəl Azərbaycan Respublikasında hüquq qaydaları və qanunçuluğun möhkəmləndirilməsi məqsədilə Bakı və Gəncə şəhərlərində əvvəllər mövcud olmuş dairə məhkəmələrinin, həmçinin həmin dairə məhkəmələri nəzdində barışdırıcı idarələrin fəaliyyəti bərpa edilmişdi. Azərbaycan Demokratik Cümhuriyyəti ədliyyə naziri Xəlilbəy Xasməmmədovun "Məhkəmə idarələrinin bərpa olunması haqqında" etdiyi məruzəsi əsasında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qəbul etdiyi 1 oktyabr 1918-ci il tarixli qərarda deyilirdi ki, Bakı quberniyasında qanun-qaydaların bərpa olunması və qanuni hökumətin Bakı şəhərinə köçürülməsi ilə əlaqədar olaraq anarxiya dövründə müxtəlif adlarla yaradılmış məhkəmələr və məhkəmə funksiyasına malik bütün komissiyalar ləğv edilsin. Bakı dairə məhkəməsinin və onun tabeliyində olan bütün idarələrin fəaliyyəti bərpa olunsun. Azərbaycan Məhkəmə Palatasında dairə məhkəmələrində baxılmış işlərdən əlavə, respublika ərazisində baş vermiş və Tiflis məhkəmə palatasına daxil olmuş, lakin baxılmamış və baxılmaq üçün Bakıya göndərilmiş işlərə də baxılması nəzərdə tutulurdu. Bu cəhətdən Azərbaycan Məhkəmə Palatası yuxarı məhkəmə instansiyası orqanı hesab olunurdu.

Azərbaycan Demokratik Cümhuriyyəti hökuməti Azərbyacan xalqının son 400 illik tarixi ərzində ilk dəfə olaraq Azərbaycan türkcəsinə dövlət dili statusu verdi və digər dövlət orqanları ilə yanaşı, məhkəmə sisteminin də dövlət dilində işləməsi haqqında qərar qəbul etdi. Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin "Dövlət dili haqqında" 27 iyun 1918-ci il tarixli qərarında dövlət dilinin türk dili qəbul edildiyi, bundan sonra bütün məhkəmə, idareyi-daxiliyyə və s. vəzifələr başında duranların bu dili bilənlər olacağı bəyan edilmişdir.

Həmçinin, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 22 noyabr 1918-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir. Təsadüfi deyildir ki, həmin tarix əsas götürülərək ümummilli lider Heydər Əliyevin imzaladığı 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə hər ilin 22 noyabrın Ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilməsi qərara alınmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə təsdiq edilmiş Ədliyyə Nazirliyinin Əsasnaməsi cəmi 9 maddədən ibarət olmuşdu.

Əsasnamənin 1-ci maddəsinə əsasən Ədliyyə Nazirliyinin strukturu aşağıdakı kimi təstiq edilmişdir: ədliyyə naziri; ədliyyə nazirinin yoldaşı, nazirin yanında məsləhətxana; Nazirliyin dəftərxanası. Göründüyü kimi, həmin vaxt Ədliyyə Nazirliyinin strukturu sadə və ştat vahidləri az sayda olmuşdur.

Əsasnamənin 2-ci maddəsinə əsasən, ədliyyə naziri nazirliyin fəaliyyətinə ümumi rəhbərlik edirdi. Ədliyyə naziri eyni zamanda Baş Prokuror və həmçinin türmələr üzrə himayədarlıq cəmiyyətinin prezidenti hesab edilirdi.

Ədliyyə Nazirliyinin, nazir də daxil olmaqla, 22 nəfərdən ibarət ştat cədvəli təsdiq edilmiş, əməkdaşların aylıq vəzifə maaşları və həmin ştatların saxlanılması üçün illik vəsaitin də məbləği göstərilmişdi.

Göründüyü kimi, həmin vaxt Ədliyyə Nazirliyinin ştatı cəmi 22 nəfərdən ibarət, çox məhdud sayda olmuşdur. Bu, həm də ixtisaslı kadrların çatışmazlığından irəli gəlirdi. Lakin təsadüfi deyildir ki, Ədliyyə Nazirliyinin rəhbərliyi nazirliyin ştat vahidlərinin artırılması barədə 28 noyabr 1919-cu il tarixdə 8089 №-li məktubla Parlamentin sədrinə müraciət etmişdir. Hökumətin 1919-cu il 11 avqust və 1 sentyabr tarixli qərarları ilə qulluqçuların sayı 1920-ci ilin əvvəlinə olan məlumata görə, 35 nəfərə çatmışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin nailiyyətlərindən biri də bu idi ki, cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları Ədliyyə Nazirliyinin tabeçiliyinə verilmişdi. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 11 avqust 1919-cu il tarixli Qərarı ilə həbsxana işləri DİN-in tabeliyindən Ədliyyə Nazirliyinin tabeliyinə keçmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ədliyyə və məhkəmə orqanları üçün kadr hazırlığı işinə böyük əhəmiyyət vermişdir. 1919-cu ilin iyununda gənc kadrların hazırlanması üçün Məhkəmə Palatası yanında 6 aylıq kurslar açılmışdı. Seçilmiş 11 nəfər gəncdən 9 nəfəri ştatlı vəzifəyə təyin edilmiş, bir nəfər isə barışıq sahəsinin müdiri vəzifəsinə təyin edilmişdi.

1919-cu il dekabrın 22-də Azərbaycan Respublikası Məhkəmə Palatasının sədri tərəfindən ədliyyə nazirinə “Müvəqqəti hüquq kurslarının təsis edilməsi haqqında” qanun layihəsi təqdim edilmişdi. Qanun layihəsində göstərilirdi: “Orta təhsil məktəblərinin ən azı altı sinfini bitirmiş Azərbaycan vətəndaşlarının hazırlığı üçün Ədliyyə Nazirliyi yanında altı aylıq müvəqqəti pulsuz hüquq kursları təsis edilsin”.

Azərbaycan Xalq Cümhuriyyətinin özü kimi, onun məhkəmə və ədliyyə orqanları, nisbətən qısa müddət yaşasa da, şərəfli bir yol keçmiş və onun hər səhifəsi xalqımızın yaddaşında əbədi olaraq qalacaqaqdır.

 Ramin Ağasəf oğlu Musayev

Göyçay regional ədliyyə idarəsinin

aparıcı məsləhətçisi,

                                  II dərəcəli ədliyyə qulluqçusu

 

 

 

ŞƏRHLƏR