"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan və Latviyanın yerli idarəetmə orqanları və onların Milli Assosiasiyaları arasında onlayn konfrans keçirilib

--2020-11-16 / 14:54

Bu barədə Belediyye.info-ya Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasından bildirilib.

Konfrans iştirakçıları hər iki dövlətin yerli idarəetmə orqanlarının Koronavirus (COVİD-19) pandemiyası dövründə həyata keçirdikləri mübarizə tədbirləri, Azərbaycan və Latviyanın yerli qurumlarının gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Konfransda çıxış edən Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası işçi qrupunun rəhbəri, Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov, həmin işçi qrupunun üzvü, Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin üzvü Fatma Yıldırım, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasın icraçı katibi Tofiq Həsənov ilk öncə uzun müddət işğal altında olan torpaqlarımızın təcavüzkarlardan təmizlənməsi ilə bağlı aparılan əks-hücum əməliyyatları, döyüş bölgəsindən kənarda yerləşən Gəncə, Mingəçevir, Bərdə kimi şəhər və rayonlarımızda dinc əhalinin erməni silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalması, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması barədə məlumat verdilər. İşğaldan azad olunmuş ərazilərdə tezliklə infrastrukturun tam bərpa edilməsi, geniş abadlıq-quruculuq işlərinin aparılması, daimi yaşayış yerinə qayıdacaq əhali üçün hər cür şəraitin yaradılması və həmin ərazilərdə ilk dəfə olaraq yerli özünüidarəetmə orqanlarının yaradılması ilə bağlı yaxın gələcəkdə Azərbaycan dövlətinin aparacağı tədbirlərdən danışıldı.

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, vətəndaşlara dövlət qayğısının artırılması, geniş miqyaslı sosial layihələr barədə təqdimat onlayn görüş iştirakçılarının diqqətinə çatdırıldı.

Latviya Bələdiyyələr İttifaqının sədri Gints Kaminskis, Baş katib Mudite Priede, Preyli diyarının meri Maruta Plivda, Yekabpils şəhərinin meri Ayvars Kraps Azərbaycan ordusunun əldə etdiyi qələbə və münaqişə bölgəsində sülhün əldə olunmasına görə Azərbaycanlı həmkarlarını təbrik etmiş, daha sonra isə ölkələrində Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə tədbirlərindən, yerli idarəetmə sahəsində aparılan islahatlardan və Azərbaycanlı həmkarları ilə, xüsusi ilə qardaşlaşmış şəhərlərlə əməkdaşlıq perspektivlərindən danışmışlar.

Onlayn görüşdə hər iki ölkənin şəhər və rayonları üzrə təqdimatlar oldu. Azərbaycanın Bərdə, Bakı şəhərinin Suraxanı, Qaradağ, Gəncə şəhərinin Nizami rayonlarının yerli idarəetmə orqanlarının, Latviyanın Preyli, Yekabpils bələdiyyələrinin fəaliyyəti, nümunəvi iş təcrübəsi və pandemiya dövründə görülmüş zəruri tədbirlər barədə məlumat verilmişdir.

Qeyd olunub ki, hər iki ölkənin yerli idarəetmə orqanları və Milli Assosiasiyalar arasında əlaqələr daha da artırılmalı və gələcəkdə yerli iqtisadi və sosial yönümlü birgə layihələrin reallaşması üçün müzakirələr davam etdirilməlidir.

ŞƏRHLƏR