"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan ədliyyəsi Vətən savaşında

--2020-11-19 / 10:58

Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Həmin dövrdə Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il mayın 28-də - Azərbaycan Demokratik Respublikasının elan edildiyi gündə Ədliyyə Nazirliyi də yaradılmışdır.

Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlamış, həmçinin ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilmişdir.

Müxtəlif zaman kəsiyindən keçən ədliyyə strukturunun yenidən qurulması isə görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra isə Heydər Əliyev tərəfindən ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün yeni dövrün tələblərinə uyğun əsaslı tədbirlər həyata keçirilmiş, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artmış, səlahiyyət dairəsi genişlənmişdir. Ümummilli liderin başçılığı ilə demokratik dövlət quruculuğuna, o cümlədən məhkəmə-hüquq islahatlarına başlanılmışdır. Həmçinin ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədi ilə ulu öndərin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsbit olunmuşdur. Ədliyyə işçilərinin peşə bayramı hər il ölkəmizdə təntənəli surətdə qeyd olunur.

2003-cü ildən ümummilli lider Heydər Əliyevin hüquq siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin insan hüquqlarının etibarlı qorunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hüquqi xidmətin yaxşılaşdırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoymuşdur. Yeni mərhələdə məhkəmə və ədliyyə orqanlarının inkişafının əsas məqsədləri əhalinin hüquqi təsisatlara və hüquqi yardıma tələbatının ödənilməsi, yeni nəsil hakim və hüquqşünasların formalaşdırılması, məhkəmələrin müstəqilliyinin və məhkəmələrə inamın və etimadın artırılması, ədliyyə orqanlarına müraciət imkanlarının daha da asanlaşdırılması olmuşdur.

Ölkəmizin ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi daim dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Ədliyyə sahəsində tətbiq olunan yeniliklərin hər biri xalqımızın mənafeyinə, vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Ölkə vətəndaşları bu dəyişiklikləri öz gündəlik həyatlarında da açıq-aşkar hiss edərək qiymətləndirirlər.

Ədliyyə sahəsində əldə olunmuş nailiyyətlər, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, hakimlərin ən şəffaf seçimi, habelə elektron ədliyyənin inkişafı, penitensiar sistemin müasirləşdirilməsi sahəsində ölkəmizin müsbət təcrübəsi artıq beynəlxalq aləmdə böyük marağa səbəb olur. Ölkə rəhbərliyinin məhkəmə sisteminin inkişafına verdiyi böyük önəm beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur.
Bütün bunlar ədliyyə işçilərini qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının qorunması işində daha səmərəli xidmətə səfərbər edir.

Məlum olduğu kimi, Ədliyyə orqanlarına qulluğa qəbul 2006-cı ildən etibarən şəffaf prosedurlarla açıq müsabiqə yolu ilə aparılır. Şəffaf prosedurlarla və aşkarlıq şəraitində keçirilmiş müsabiqə və müsahibələr əsasında minlərlə gənc mütəxəssis ədliyyə orqanlarına qulluğa qəbul olunaraq bugün ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. Ədliyyə sistemində yüksək peşəkar kadr korpusunun formalaşmasına, ədliyyə orqanlarına işə qəbulun şəffaf prosedurlarla həyata keçirilməsinə xüsusi diqqət yetirilir.

Ədliyyə Nazirliyi peşəkar və sağlam mənəviyyata malik şəxslərin ədliyyə orqanlarına cəlb edilməsi, əməkdaşların hazırlıq səviyyəsinin daim yüksəldilməsi üzrə məqsədyönlü iş aparır. Biz də ədliyyə işçiləri olaraq ölkəmizin hərtərəfli tərəqqisində dövlətimizin başçısına layiqli yardımçı olmaq üçün daha əzmkarlıqla və məsuliyyətlə çalışmalıyıq.

1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması ilə bir gündə təsis olunan Ədliyyə Nazirliyi 102  illik tarixi dövr ərzində zəngin və keşməkeşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatıb, dövlətin hüquq siyasətini həyata keçirən bir orqana çevrilib, səlahiyyətləri isə xeyli genişlənib.

Qeyd edilməlidir ki, Ədliyyə Nazirliyinin 102-ci ildönümünün qeyd edilməsi müstəqil Azərbaycanın ən şərəfli günlərinə təsadüf edir.

Məlumdur ki, Ermənistanın hərbi təcavüzü nəticəsində əzəli tarixi torpağımız Dağlıq Qarabağ və ətraf yeddi rayonumuz işğal edilmiş, Azərbaycan əhalisi etnik təmizləməyə məruz qalaraq bir milyon soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişlər. Münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar yolu ilə həllini müxtəlif bəhanələrlə uzadan, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin icrasına məhəl qoymayan Ermənistan ona sərf edən status-kvonu davam etdirərək 30 ilə yaxındır ki, torpaqlarımızı işğal altında saxlamışdır. Bu ərazilərin zəngin təbii ehtiyatlarını özbaşına və vəhşicəsinə istismar edərək qanunsuz məskunlaşma həyata keçirmiş, tarixi, mədəni və dini abidələrimizi məhv etmişlər.

Son dövrlərdə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları daha da artmış və Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-i tarixindən Azərbaycana başlayan hücumu nəticəsində Ali Baş Komandanın göstərişlərinə əsasən ordumuz əks-hücum əməliyyatlarını həyata keçirmişdir. Rəşadətli Ordumuz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etmək uğrunda böyük mübarizə aparmışdır.

Davam edən döyüşlərdə qələbəmizin kuliminasiya nöqtəsi Şuşa şəhərinin işğaldan azad edilməsi olmuşdur. Milli müstəqilliyimizin simvolu olan 9 noyabr Dövlət Bayrağı Günü ərəfəsində belə əlamətdar hadisənin yaşanması xalqımızı daha ruhlandırmış, ordumuzun daha da irəli getməsinə böyük stimul yaratmışdır.

Ordumuzun gücü qarşısında müqavimət göstərə bilməyən Ermənistan nəhayət 10.11.2020-ci il tarixdə özünün tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh bəyanatı imzalandı. Bəyanatda önəmli məqamlardan biri isə Dağlıq Qarabağa hər hansı statusun verilməməsi və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasıdır.

Haqqın təntənəsi yetişdi! Azərbaycan öz xilaskar missiyasını şərəflə yerinə yetirərək əzəli torpaqlarını işğaldan azad etdi. 10.11.2020-ci il tarixi ədalətin bərpa olunduğu, ərazi bütövlüyümüzün təmin olunduğu gündür. Xalqımızın və dövlətimizin yeni tarixi qızıl hərflərlə yazıldı. Bütün Azərbaycan xalqı uzun illərin həsrətinə son qoyacaq bu günü çoxdan gözləyirdi.

Əsrlər boyu Azərbaycan xalqı müstəqilliyi, ərazi bütövlüyü uğrunda qanını, canını fəda etməyə, bir yumruq kimi birləşməyə qadir olduğunu sübut edib. Müqəddəs torpaqlarımızda Vətən müharibəsi getmişdir. Yolumuz hər zaman haqq yolu olmuşdur! Düşmənin işğalı altında qalan torpaqlarımızın azad edilməsi hər bir azərbaycanlının arzusu, amalı böyük ümidlərin reallaşdığı məqamdır. Bu şərəfli missiyada xalqımız da Ordumuza və Ali Baş Komandanımıza yüksək mənəvi dəstək olmuşdur.

Ədliyyə Nazirliyi də bütün dövlət strukturları kimi Vətən savaşında qələbə üçün var gücü ilə çalışmışdır. Dövlət başçısının qərarları ilə ölkə ərazisində hərbi vəziyyət və qismən səfərbərliyin elan edilməsi ilə əlaqədar nazirlik üzrə müvafiq Sərəncamla bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən informasiya resurslarının təhlükəsiz fəaliyyəti və onların etibarlı mühafizəsi təmin edilmiş, hüquq-mühafizə və digər aidiyyəti orqanlarla əlaqəli fəaliyyət genişləndirilmişdir.

Ermənistanın işğalçılıq siyasəti, mülki obyektlərin dağıdılmasına, dinc əhalinin, o cümlədən yaşlıların, qadın və uşaqların öldürülməsinə qarşı törədilən vəhşiliklərin, hərbi cinayətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədov xarici ölkələrin ədliyyə nazirlərinə, nüfuzlu beynəlxalq təşkilatlara, Beynəlxalq Prokurorlar və Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyalarına, Dünya Bankına, UNİCEF-ə, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinə, o cümlədən Beynəlxalq Hüquq Əməkdaşlığı Fonduna, Ümumdünya Səhiyyə Təşkilatına, Qlobal Fonda və s. müraciətlər ünvanlamış, habelə səfirlərlə və digər xarici qonaqlarla görüşlər keçirmişdir.

Bununla yanaşı nazirliyin üzərinə düşən vəzifələrin mütəşəkkil və operativ icrasının təmin olunması məqsədilə Ermənistanın hərbi təcavüzü və bununla bağlı ölkədə elan edilmiş hərbi vəziyyətlə əlaqədar Ədliyyə Nazirliyi üzrə bəzi əlavə tədbirlər barədə Ədliyyə nazirinin 01.11.2020-ci il tarixli 24-T №-li Əmri ilə Qərargah yaradılmışdır.

Ədliyyə Nazirliyinin hər bir əməkdaşı bu günlərdə ürəyi, işi, əməli ilə Vətənə sadiqliyini bir daha göstərmişdir. Ön cəbhəyə könüllü gedərək Vətənimiz uğrunda qəhrəmancasına şəhid olan Nazirliyin əməkdaşı da buna bariz nümunədir. Ailəsində şəhid olan ədliyyə qulluqçuları da vardır. Onlara hər cür diqqət və qayğı göstərilir. Yüzlərlə belə Azərbaycan oğulları ön cəbhədə əlində silah döyüşmüşlər. Dövlət qulluqçuları olaraq bizlər isə arxa cəbhənin əsgərləri kimi xalqımızın bu şərəfli günlərində informasiya müharibəsində aktiv iştirak edərək səsimizi dünyaya çatdırırıq. Vətəndaş mövqeyindən çıxış edərək düşmənin dəhşətli müharibə cinayətləri barədə məlumatların geniş beynəlxalq auditoriyaya çatdırılması bizim üçün xüsusi önəm daşıyır. Sosial şəbəkələr vasitəsilə Azərbaycanın gerçəkliklərinin dünyaya duyurulması Ermənistanın məkrli siyasətinin puça çıxarılmasında əhəmiyyətli rola malikdir.

Vətən savaşının ilk günlərində ədliyyə qulluqçuları tərəfindən Azərbaycan Respublikasının Silahlı qüvvələrə Yardım Fonduna maliyyə yardımı edilmişdir. Nazirliyin əməkdaşları əsgərlərimizə mənəvi dəstək göstərilməsi məqsədilə “Əsgərə Məktub” kampaniyasına qoşulmuş, xalqımızın birliyini simvolizə edən onlarla məktublar yazılaraq cəbhə bölgəsində döyüşən əsgərlərə göndərilmişdir.

Müharibə həm də itkidir. Öz canını Vətən uğrunda qurban verən şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgərlərimizə isə şəfa diləyirik. Rəşadəti, göstərdikləri igidlikləri, iradəsi ilə Azərbaycanın ərazi bütövlüyünu bərpa edən hər kəs qarşısında baş əyirik.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!!!

 

                                                                                  Ləzifə Məmmədova

Ədliyyə Nazilriyi Bələdiyyələrlə iş mərkəzi

                                                                                                İnzibati nəzarət idarəsinin

Aparıcı məsləhətçisi

                                                                                                                           

ŞƏRHLƏR