"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Azərbaycan Ədliyyəsi -100”

--2018-10-04 / 16:10

                     (Azərbaycan ədliyyəsinin keçmişi və bu günü)

 Bildiyiniz kimi, bu il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olmuşdur. Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız 1920-ci ilin aprelində itirdiyi istiqlalına yenidən qovuşdu. Artıq bu ayın 18-i müstəqilliyimizin 27-ci ildönümünü qeyd edəcəyik.

Azərbaycan Ədliyyəsinin tarixi də Cümhuriyyətin tarixi ilə həmyaşıddır.

Azərbaycan Respublikasında ədliyyə sisteminin çətin və şərəfli keçmişini əks etdirən zəngin tarixi vardır. Belə ki, müstəqil dövlətimizin ədliyyə tarixi 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaranması ilə bağlıdır.

Nazirlik öz işinə ədliyyə strukturlarının , məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayaraq, ilk növbədə məhkəmə aparatları tədricən bərpa edilmiş, çətinliklə də olsa, hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilmişdir.

Həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, o cümlədən 1918-ci il noyabr ayının 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir.

 ADR-in 1920-ci il aprel ayının 28-də XI Qızıl Ordu tərəfindən işğalından sonra İnqilab Komitəsinin 13.05.1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmişdir. Əvəzində isə Xalq Ədliyyə Komissarlığı yaradılaraq onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin 1930-cu ildə bu Komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsi və digər orqanlara verilmişdir.

1933-cü ildə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş və onun səlahiyyətlərinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Prokurorluğa və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilmişdir.

            1937-ci i ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilmiş və onun səlahiyyətləri xeyli dərəcədə məhdudlaşdırılmışdır. Belə ki, əsas fəaliyyət istiqamətləri məhkəmə və notariat işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdur.

            Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 07 dekabr 1959-cu il tarixli qərarı ilə Ədliyyə Nazirliyi növbəti dəfə ləğv edildikdən sonra Nazirliyin yaradılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş və bununla da ədliyyə tarixində yeni mərhələ başlanmışdır.

            Göründüyü kimi müxtəlif dövrlərdə dəfələrlə ləğv edilib yenidən yaradılmış Ədliyyə sisteminin çətin və şanlı keçmişi olmuşdur.

            Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ədliyyəsi ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmamış, onun rəhbərliyi ilə ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilmiş və Nazirliyin səlahiyyətləri genişləndirilərək cəmiyyətdə rolu artmışdır.

            Ümummilli liderin Ədliyyə sahəsnə göstərdiyi qayğının təzahürü olaraq 11 noyabar 2000-ci il tarixdə imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün- 22 noyabr Azərbaycan Respublikası Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.

            Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, Nazirliyə mühüm vəzifələr həvalə edilmiş və strukturu daha da təkmilləşdirilmişdir. Prezidentin 18.04.2006 ci il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək hüquq mühafizə orqanı statusu verilmişdir.

            Bundan başqa “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” 26.05.2006-cı il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmş və ölkə Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında 17.08.2006-cı il tarixli Fərman, eləcə də Azərbaycan Ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 06.02.2009-cu il tarixli Sərəncam imzalanmışdır.

            Hazırda ədliyyə orqanlarına qəbulla bağlı mütəmadi keçirilən müsabiqələrdə yüzlərlə gənc bu nüfuzlu orqanda işləmək arzusuna çataraq, ədliyyənin müvafiq sahələrində işlərlə təmin olunurlar.

2013-cü ildə keçirilmiş belə müsabiqələrdən birinin iştirakçısı olaraq mən də burada olan şəffaflıq və qanunçuluq pirinsiplərinin öndə olduğunun şahidi oldum. Artıq 5 ildir ki, ədliyyə sahəsində fəxrlə xidmət edirəm. Odur ki, gənc hüquqşünasların daima öz üzərlərində çalışmalarını və gələcək karyeralarında Ədliyyə sahəsində dövlətimizə xidmət göstərmələrini tövsiyə edirəm.          

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 26.01.2018-ci il tarixli Kollegiya Qərarı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan ədliyyəsinin 100 illik yubileylərinin qeyd edilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş və həmin qərar üzrə müvafiq tədbirlər hazırda davam etməkdədir.

Sonda Azərbaycan Ədliyyəsinin 100 illiyi və qarşıdan gələn 22 noyabar peşə bayramı münasibətilə bütün həmkarlarımı ürəkdən təbrik edir, bu şərəfli işinizdə Sizə uğurlar arzulayıram.

Azərbaycan Ədliyyəsinin inkişafı uğurla davam edir !

 Anar Elman oğlu Hacıyev

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin

Bərdə regional ədliyyə idarəsinin

aparıcı məsləhətçisi,

II dərəcəli ədliyyə qulluqçusu

 

  

 

ŞƏRHLƏR