"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Aygül Məmmədova: “Vergiləri ödəməkdən boyun qaçıranlar məsuliyyətə cəlb olunmalıdır”

--2016-04-27 / 21:22

Astara bələdiyyəsinin sədri Aygül Məmmədovanın Belediyye.infoya açıqlamasında bildirib ki, Astara bələdiyyəsi ərazisi 1765 hektarlıq sahəni əhatə edir ki, bunun da 564 hektarı bələdiyyə mülkiyyətinə daxildir. Şəhərdə 4465 təsərrüfat vardır. 2015-ci il  bələdiyyə büdcəsinin 28 faizini torpaq alqı-satqısından daxilolmalar, qalan 64 faizini vergilərdən daxilolmalar, 8 faizini dotasiya təşkil edib.

Ötən il məhəllə komitələrinin müraciətləri əsasında 4 küçənin, şəhər 4 və 6 saylı məktəbə gedən  yolların, Astara şəhəri S.Vurğun küçəsindəki çoxmərtəbəli binaların qarşısının və Giləkəran qəbristanlığına gedən yolların abadlaşması üçün qum-çınqıl tökülmüş və hamarlanmışdır. Bələdiyyə həmçinin yağan şiddətli yağışlar nəticəsində zərər görmüş fərdi təsərrüfatların müəyyən olunması və qrund sularının çəkilməsi, kanalların qazılması və suötürücü boruların qoyulması işlərini də müvəffəqiyyətlə həyata keçirmişdir. Bu məqsədlə 400 m uzunluğunda olan kanalın qazılması və azbest boruların yerləşdirilərək suyun dənizədək axması təmin edilmişdir. Yeni “Giləkəran” qəbristanlığı abadlaşdırılmış, ərazini səhmana salmaq və yerdən 60 sm hündürlüyə qaldırılmaq üçün 200 maşın torpaq daşınmış, hamarlanma işi aparılmışdır.

Bələdiyyəmizin maliyyə dəstəyi ilə “Astara Günərzi Qayğı Mərkəzi”ndə  uşaqlar üçün xüsusi tədbirlər görülmüş, bayramlarda onlara ərzaq yardımı göstərilmiş və parklarda əyləncələri təmin edilmişdir.

Bələdiyyə evində idmanın inkişafına dəstək vermək və gənclərin zərərli vərdişlərdən uzaq saxlamaq məqsədilə “Qaydasız döyüş” idman növü üzrə məşqlər təşkil edir. Bələdiyyəmizi təmsil edən komanda bir sira beynəlxalq yarışlarda uğurla çıxış edərək müxtəlif mükafatlara layiq görülmüşdür. Hazırda 50-dən çox məktəbli orada təlim keçir. Bu sahədə Astara Rayon Gənclər və İdman İdarəsi ilə  sıx əməkdaşlığa önəm vermiş,  rayonda  bir sıra oyunların keçirilməsində yaxından iştirak etmişik.

Vergilərin yığımına toxunan sədr bildirib ki, torpaq, əmlak, mehmanxana, dayanacaq, mədən, reklam və digər sahələrdən gələn  vergilərin yığılmasında problemlərlə də qarşılaşırıq. Əlbəttə, biz bundan çıxış yolu da axtarırıq. Hesab edirik ki, öncə vergi ödəyicilərinin dəqiq uçotu aparılmalıdır. Heç kəs bələdiyyə vergilərindən kənarda qalmamalıdır. Digər tərəfdən, vergilərin tələb olunma qaydaları və forması müəyyənləşdirilməli,  vergiləri ödəməkdən boyun qaçıranlar məsuliyyətə cəlb olunmalıdır.

Bələdiyyələrin Milli Assosiasiyaları tərəfindən vergi-uçot proqramının hazırlanaraq bələdiyyələrə paylanmasının ümumi işimizə müsbət təsir gıstərib. Lakin hesab edirəm ki, bu iş daha da təkmilləşdirilməlidir.

Amma bütün bunlardan öncə səlahiyyətlərimizdən düzgün istifadə etməliyik,  vətəndaşlarla maarifləndirmə  işinə diqqət etməli, onlara vergilər barədə ciddi fikir və ətraflı məlumat verməliyik. Ona görə də  maariflənmə işlərinə kompleks şəkildə yanaşmaq, onu kütləvi halda aparmaq lazımdır. Bu sahədə KİV-lərin rolundan maksimum dərəcədə yararlanmaq gərəkdir. Əks təqdirdə vətəndaşlar bələdiyyənin ərazisinin məişət tullantılarından təmizlənməsi, aztəminatlı ailələrə yardım verilməsi, yolların salınması, qəbristanlıqların təmir edilməsi və abadlıq işlərinin hansı vəsait hesabına aparılacağının fərqinə vara bilməyəcəklər.

Etiraf etməliyik ki, sadaladığım qüsurlar aradan qaldırılmayınca bələdiyyələr sosial sifarişləri  yerinə yetirməkdə həmişə çətinlik çəkəcək.

Bələdiyyənin məhkəmə çəkişmələrinə toxunan sədr bildirib ki, Astara bələdiyyəsi keçən il bir sıra məhkəmə mübahisələrində iştirak etmişdir. Regionlarda fəaliyyət göstərən həmkarlarım mənimlə razılaşarlar ki, belə proseslərdə iştirak etmək həm maddi həm də lüzumsuz vaxt itgisi baxımından bir sıra çətinliklər yaradır. Belə ki, məhkəmə xərcləri bələdiyyələrə çox böyük vəsait hesabına başa gəlir. Yuxarı instansiyalarda iştirak etmək üçün dəfələrlə aidiyyatı şəhərlərə bir neçə dəfə ezam olunmaq da qeyd etdiyim çətinliklərdəndir. Təklif edirəm ki, Milli Assosiasiyalar bu sahədə bizə dəstək verməklə bələdiyyələrə hüquqi xidməti təşkil etsin.

Belediyye.info

ŞƏRHLƏR