"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Avtomobil dayanacaqları üçün ödənişlərinin yığımında problemlərimiz hələ də qalmaqdadır

--2023-01-19 / 12:39

(Qaraçuxur Bələdiyyəsinin 2022-ci ildə gördüyü işlərin hesabatı)

 Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikası qısa bir dövr ərzində böyük irəliləyişlə dünyanın nüfuzlu ölkələri arasında öz layiq olduğu yeri tutmuşdur.

Ölkə Prezidentinin və birinci xanım Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti, ölkəmizin inkişafına, çiçəklənməsinə verdikləri mühüm töhfələr, sosial, humanitar sahələrdə gördükləri əhəmiyyətli, ölçüyəgəlməz işlər nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da çox böyük rəğbətlə qarşılanır, təqdir edilir.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 2022-ci ildə Qaraçuxur bələdiyyəsinin gördüyü işlərin hesabatını diqqətinizə çatdırmaq istərdim.

Qaraçuxur bələdiyyəsi Qaraçuxur və Yeni Günəşli yaşayış sahəsini əhatə edir.

2022-ci ildə Qaraçuxur bələdiyyəsinin gördüyü quruculuq-abadlıq işlərinin bir neçəsini qısa olaraq diqqətinizə çatdırmaq istərdim.

-         Yeni Günəşli, Samir Cəfərov küçəsi, mərkəzi yolda  Kazımlı Mürsəl Kamil oğlu adına Şəhid abidə-bulaq kompleksi  inşa edilmişdir.

-         Qaraçuxur qəsəbəsinin inzibati ərazisində quru və qəzalı vəziyyətdə olan ağacların budanması və ya götürülməsi ilə bağlı ETSN-nin Dövlət Ekoloji Ekspertiza Agentliyinin müraciət olunmuşdur.

-         Qaraçuxur qəsəbəsinin inzibati ərazisində Mədən, Yaşar Əliyev, A.Şadlinski küçələri “Şərq” yaşayış sahəsi, döngə 17,15,13,11 ünvanlarda  məhəllədaxili yolların asfaltlanması işləri görülmüşdür.

Bələdiyyənin diqqət mərkəzində olan məsələlərdən biri də qəsəbə ərazisində məişət tullantılarının vaxtlı-vaxtında yığışdırılıb təmizlənməsidir.

Bunun üçün aidiyyatı qurumlarla gündəlik əlaqə saxlanılıb və mövcud problemlər onların diqqətinə çatdırılıb, eləcə də yol kənarlarına və məişət tullantıları meydançalarına tökülmüş iriqabaritli tullantıların yığışdırılıb daşınmasında müvafiq köməkliklər göstərilmişdir.

Hesabat ilində bələdiyyəmiz sosial-humanitar tədbirlər çərçivəsində qəsəbədə yaşayan Şəhid ailələrinə, aztəminatlı ailələrə, kimsəzilərə, xəstələrə, qocalara, maddi imkansızlara və valideyn himayəsindən məhrum olan uşaqlara maddi yardımlar göstərilmiş, Qaraçuxur qəsəbəsi “Neftçilər” parkında yerləşən “Veteranlar guşəsi”nin işlətdikləri məişət qazın ödənişini, Yeni Günəşli “AB”, “Q” yaşayış sahələrində və Samir Cəfərov küçəsində “Veteranlar guşəsinin istifadə etdiyi elektrik enerjisinin ödənişi bələdiyyənin vəsaiti hesabına yerinə yetirilmişdir.

2022-ci il ərzində Qaraçuxur Bələdiyyəsinin 18 ümumi iclası keçirilmişdir. İclasların  gündəliyinə 50 məsələ salınmışdır. Həmin məsələlər əsasən təşkilatı, büdcə, sosial maliyyə, təmir-tikinti, abadlaşdırma və sair məsələlər olmuşdur.

Hesabat ili ərzində 186 nəfər vətəndaş qəbul edilib. Əhalidən daxil olan ərizələrin sayı 272, idarə, müəssisələrdən daxil olan məktubların sayı 260, cavablandırılan və göndərilən məktubların sayı 268, arayışların sayı 676 olmuşdur. Daxil olan məktublar və ərizələr tərəfimizdən araşdırılaraq cavablandırılmış və yaxud aidiyyatı üzrə ünvanlanmış, bələdiyyənin imkanları daxilində sakinlərin istək və arzularına uyğun həll edilmişdir. İl ərzində 426 nəfər hərbi xidmətdən məzuniyyətə gəlmiş əsgər və zabitlərimizin qeydiyyatı aparılmışdır.

 2023-cü ilin əvvəlinə qalıq 3053.00 (üç min əlli üç) manat olub, 2022-ci ildə bələdiyyənin büdcəsinin ümumi gəliri 274.510.00 (iki yüz yetmiş dörd min beş yüz on) manat, xərci  isə 271.457.00 (iki yüz yetmiş bir min dörd yüz əlli yeddi) manat olmuşdur.

Hamımıza məlumdur ki, yerli problemlərin həlli ilə bağlı həyata keçirilən layihələrin sayı və miqyası bələdiyyənin maliyyə imkanlarından asılıdır. Bu baxımından bələdiyyəmizin maliyyə imkanlarının yaxşılaşdırılması məqsədi ilə yerli vergi və ödənişlərin yığılması işini daha səmərəli təşkil etməyə səy göstəririk. Bələdiyyəmiz 2016-cı ilin oktyabr ayının sonlarından başlayaraq Milli Assosasiyanın hazırladığı Yerli (bələdiyyə) vergi və ödənişlərin Avtomatlaşdırılmış Məlumat Sisteminə (BAMS) qoşulmuşdur. Avtomatlaşdırılmış uçot sisteminin tətbiq olunması bələdiyyələrdə geniş məlumat bazasının yaradılmasını təmin etməklə, yerli vergi və ödənişlərin düzgün hesablanmasına, onların tam və vaxtında yerli büdcəyə ödənilməsinə xidmət edir.

Xatırladıram ki, 01 yanvar 2015-ci il tarixdən yerli vergi və ödənişlər banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsiz ödəmə vasitələri ilə, o cümlədən internet üzərindən hesab.az ödəniş portalı vasitəsilə həyata keçirilir. Bu dəyişiklik bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsinə xidmət edir.

Məlumat üçün onu da qeyd etmək istəyirəm ki, hesabat ilində Yerli vergi və ödənişin ödənilməsindən illərlə imtina etmiş 96 vergi ödəyicisi barədə inzibati akt tərtib edərək sənədlərini  məcburi icraya yönəltmişik. “İnzibati icraat haqqında” Qanununun 82.1 və 82.2 maddələri əsasında inzibati akt tərtib olunaraq məcburi qaydada Azərbaycan Respublikasının “İcra haqqında” Qanununa əsasən icra məmuru tərəfindən icra olunmuşdur.

Hesabat ilində Suraxanı rayon İcra Hakimiyyəti, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və Qəsəbə Bələdiyyələri Milli Assosiasiyası ilə qarşılıqlı əlaqəli işləmişik.

Bələdiyyələr yerli özünüidarəetmə orqanı olduğu üçün onların büdcəsi əsasən əhalidən yığılan yerli vergilər və rüsumdan formalaşır.

2022-ci i ərzində avtomobil dayanacaqları üçün ödəniş rüsumunun yığımında problemlərimiz hələ də qalmaqdadır.

Xatırlatmaq istəyirəm ki, hesabat ilində bələdiyyənin ehtiyat torpaq fondunun və perspektiv inkişaf üçün torpaq sahəsinin olmaması səbəbindən torpaq növbəliliyinə qeydiyyata götürülmüş vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamış eləcə də Bakı şəhərində bələdiyyə torpaqlarının hərrac və müsabiqəsi keçirilmədiyi üçün vətəndaşların qeyri rəsmi istifadə etdiyi bələdiyyə torpaqlarının sənədləşdirilməsi aparılmamışdır.

Hesab edirəm ki, bugün qəsəbəmizdə abadlıq və quruculuq sahəsində görülən tədbirlərdə bələdiyyəmizin işi nəzərə çarpacaq dərəcədədir.

Bir daha sizləri əmin edirəm ki, Qaraçuxur bələdiyyəsi ərazidə olan yerli problemlərin həllində qəsəbəmizdə fəalliyyət göstərən idarə və təşkilatların, xidmət sahələrinin işinin təşkilində yaxından köməklik göstərəcək, yerli icra orqanları ilə birlikdə qarşıda duran məsələlərin həll olunmasında üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacağıq.

 İxdiyar Nəcəfov

Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri 

ŞƏRHLƏR