"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ASTARA ZİYARƏTGAHLARI

--2019-10-07 / 19:20

 1.Arta ocağı(Arta kəndi).Arta ocağı yerli əhəmiyyətli ziyarətgahdır və Astara rayonu Artupa kəndi ərazisində yerləşir.Burada iri nil ağacları var və müqəddəs ocağın kəraməti ilə maüxtəlif diləklərinə çatmış insanlar tərəfindən həmişə qurbanlar kəsilir.Qeyd etmək lazımdır ki,Arta adlı kənd Lerik rayonunun Osyedərə inzibati ərazi vahidində də var.Belə ki, Hind-İran mifologiyasında Arta adı Arilərdə ilahə adı olub və Ərdəbil şəhərinin qədim adlarından biri də Artavetidir və mənası da qədim farscadan “Artanın məbədi”deməkdir.(Bax: Gevond, səh.72).Belə ki,730731-ci ildə xəzər və türklərin 300 minlik ordusu(Bax:Gevond,səh.71-72;Təbəri, II, 1530-31; İbn əl-Əsir,V,118) Barçikin komandası altında ərəblərə qarşı əks-hücüma başlayıb Dərbənd,Daryal və digər keçidlərlə Arran ərazisinə soxuldu(Bal'ami,səh.517).Əl-Cərrah öz qoşunlarını Bərdə yolu ilə Ərdəbilə çəkdi və orada hadisələrin inkişafını gözləməyə başladı.Xəzərlər ərəb qoşunlarının harada yerləşdiyini bir gürcü knyazından öyrəndilər İki ordu Araz sahilindəki Varsanda qarşılaşdı.Ərəblər xəzərlərin üstün qüvvələrinin təzyiqi altında Ərdəbilə tərəf çəkildilər; burada Savalan dağı yaxınlığında onların arasında bir gecə-gündüz davam edən böyük vuruşma oldu.Ərəblər tamamilə məğlub edildilər,Əl-Cərrah öldürüldü(Bax:История Агван,стр.261; əl-Malik,səh.79;Təbəri,II,1521;Əz-Zəhəbi,səh.56; Dərbəndnamə,səh.175-176;İbn əl-Əsir,V,118; "Aqvan tarixi"nə görə əl-Cərrah erm. erasının 179-cu ilində(28.V.730-727,V.731),ərəb mənbələrinə görə əl-Cərrah 112-ci-hicri(26.III.730-14.III,731),ilində öldürülmüşdür.(Bax:Baratov.Sit.gət.əsər,səh.79).Xəzərlər uzun mühasirədən sonra Ərdəbili aldılar,şəhərin kişi əhalisini qırdılar,qadın və uşaqları isə aəsir apardılar(Bax: İbn-əl-Əsir,hicri 112-ci il;Feofan,səh.626;Gevond, səh.72).Sonra xəzər ordusu Azərbaycanı viran etdi, ölkənin şəhərlərini bir birinin ardınca tutub Diyarbəkir və Mosula çatdı(Bax:əz-Zəhəbi, səh. 56-57; İbn-əl-Əsir,V.118) Gevond xəzərlərin basqını barədə belə məlumat verir:Onlar "Hunlar torpağından, Çor keçidindən,Maskutlar torpağından keçərək Paytakaran ölkəsinə basqın etdilər;Araz çayından keçib Azərbaycana getdilər,Artaveti,Qandzak-Şahastani,Atşi-Baquan adlanan vilayəti,Sparat-Perozu və Ormizd-Perozu dağıtdıları»(Bax:Gevond, səh.72.).Hişam ərəb qoşunlarının baş komandanı vəzifəsinə Səid ibn Əmr ül-Həraşini təyin etdi və o dərhal 30 minlik orduyla xəzərlərə qarşı yola çıxdı.(Bax:Bal'ami, səh. 520).

 2.Bobo(Baba)(Cəbrayıl türbəsi(Təngərüd kəndi).Baba Cəbrayıl türbəsi yerli əhəmiyyətli türbədir və Astara rayonunun Təngərüd kəndi ərazisində yerləşir.Türbənin tikilmə tarixi Orta əsrlərə təsadüf edir.Türbə düzbucaqlı formada olmaqla divarları qırmızı kərpicdən hörülüb və türbənin damı kirəmitlə örtülüb.Beləki bu türbəni bir giriş qapısı və bir giriş pəncərəsi var və türbənin sahəsi 4,5x5,5 metrdir,hündürlüyü isə 2 metrdir.Türbə yalnız bir otaqdan ibarətdir və türbənin içərisində Bobo Cəbrayıl adlı şəxsin qəbri yerləşir.Yerli camaatın dediklərinə görə Baba Cəbrayıl seyid olmuş və bir zamanlar təqiblərdən yaxa qurtarmaq üçün bu əraziyə pənah gətirmiş əshabələrdəndir.Türbədə 1993-cü ildə təmir-bərpa işləri aparılmışdır.

 3.Bobo(Baba) Rəsul türbəsi.Baba Rəsul türbəsi yerli əhəmiyyətli türbədir və Astara rayon mərkəzindən 30 km aralıda,dağların zirvəasində yerləşir.Türbənin yaranma tarixi - IX-XIII əsrlərə təsadüf edir.Buraya hər yerdən ziyarətgaha gələnlər olur."Baba Rəsul" XIV əsrdə yaşamış bir şəxsiyyət olmuşdur.Tarixdə, yazılı mənbələrdə Baba Rəsulun 1400–cü ildə yaşadığını göstərən qeydlər vardır.Astarada Toradi və Nişunu kəndlərinin ətrafında yerləşən yalın qayaları,gəlin daşları seyr etmək adamda qəribə təəssüratlar yaradır.Bəzi yerli və yaşlı sakinlərin dediyinə görə gəlin daşları adı zalım əjdahanın toy məclisinin bütün üzvlərini daşa döndərməsi haqqında əfsanə ilə bağlıdır.Əcaib qayalardan biri yırtıcı başına bənzəyən formasına görə toy karvanının bütün üzvlərini daşa çevirdiyi güman edilən əjdahanın adını alıb.Ehtimal olunur ki, gəlin daşlarının bu adı alması qədim zamanlarda icra edilən ayinlərin əks sədasıdır.Bu türbə Baba Rəsul adlı bir ağır seyidin adı ilə bağlıdır və əsasən yaxın kəndlərin əhalisi tərəfindən ziyarət olunur.Rəvayət edildiyinə görə Teymurləng(Orta Asiyada iri feodal hakimi olmuş) öz qoşunu ilə Turədi kəndindən bir neçə kilometr aralıqada yerləşən"Bİ"yaylağında dincəlirmiş.O,həmişə özünəməxsus Şahin quşunu pərvazlandırmaqdan böyük həzz alırmış.Bir dəfə quş Baba Rəsulun toyuq-cücəsindən aparmaq istəyəndə kamil şəxsiyyət onu tutub saxlayır.Xəbər Teymurləngə çatır.O,qəzəblənmiş halda cəlladı onun üstünə yollayır.Lakin əlində qılıncı daşa dönmüş kimi,yerə sərildiyini görürlər.Bu xəbəri Teymurləngə çatdırıldıqdan sonra qəzəbli halda özü Baba Rəsulun yanına gəlir.Möcüzədən sarsılaraq,bağışlanmasını xahiş edir. Allah Rəhmət Etsin!!!.Şəkil.Baba(Bobo) Rəsul türbəsi.

 

4.Bobo(Baba)Misi türbəsi.Baba Misi türbəsi yerli əhəmiyyətli türbədir və yaranma tarixi - IX-XIII əsrlərə təsadüf edir.Bu türbə Baba Misi adlı bir ağır seyidin adı ilə bağlıdır və əsasən yaxın kəndlərin əhalisi tərəfindən ziyarət olunur.

 5.Bobo(Baba)Məhəmməd türbəsi.Baba Məhəmməd türbəsi yerli əhəmiyyətli türbədir və yaranma tarixi - IX-XIII əsrlərə təsadüf edir.Bu türbə Baba Məhəmməd adlı bir ağır seyidin adı ilə bağlıdır və əsasən yaxın kəndlərin əhalisi tərəfindən ziyarət olunur.Eyni adda türbə Lerik rayonunun Conu kəndində də var.

 6.Əhməd ibn Kərim türbəsi(Maşxan kəndi).Əhməd ibn Kərim türbəsi yerli əhəmiyyətli memarlıq abidəsidir.Türbənin tikilmə tarixi 1472-ci ilə təsadüf edir.Əhməd ibn Kərim türbəsi Astara rayonunun Maşxan kəndi ərazisində yerləşir.Belə ki,Seyid Əhməd yeddinci imam Musa kazımın nəslindəndir.Seyid Əhmədin məzar daşı məhz burada yerləşir və onun üzərində ərəb-fars dillərində yazılar var və bu yazılar 1956-cı ildə tarix elmləri doktoru Məşədixanım Nemətova tərəfindən oxunub tərcümə edilmişdir.(Bax:Məşədixanım Nemətova.Azərbaycan pirləri.Bakı,1992,səh.40).Mənbələrə əsasən Seyid kərim hicri 876-cı ildə vəfat edir ki,bu da miladi tarixi ilə 1472-ci il deməkdir.Türbənin invertar nömrəsi 4131,sistem kodu isə AJA003930-dur.

 7.Gəzəndaş türbəsi(Ərçivan qəsəbəsi).Qəzəndaş türbəsi yerli əhəmiyyətli türbədir və Astara rayonunun Ərçivan qəsəbəsində yerləşir.Türbənin yaranma tarixi - IX-XIII əsrlərə təsadüf edir. Gəzəndaş ziyarətgahı Baki-Astara magistralının düz üstündə Astara şəhərinə gedən istiqamətdə yolun sag tərəfində Ərçivan qəsəbəsinin cənubunda mövcud ziyarətgah əsrlərin nişanəsidir.Deyilənə görə Şah İsmayıl Qəzandaş ziyarətgahında olub orda agac basdırmış, nəzir qoyubmuş.Ziyarətgah iki hissədən ibarətdir.Birinci hissədə yaşı 500-dən çox Nil agaclarının altında tikili (şəhər) qalıqlarına rast gəlinir. Güman edilir ki, əvvəllər həmin ərazilər qədim yaşayış məskəni olub. (tarixi faktları üzə çıxarmaq üçün arxeloji qazıntılara ehtiyac var).İkinci hissədə üzə çıxmış iri daşlar mövcuddur.Qəzəndaş ziyarətgahı dam örtüyünü heç vaxt götürməyib. Kimsə bir dəfə ziyarətgaha dam bağlamaq istəsə də sabahsı damın yerində olmadığını görür.(dilimizdə "dam götürməyən Qəzəndaş" sözü də daşlaşıb.)Qəzəndaş ziyarətgahının etimologiyasının təhlili baximindan elmi araşdirmalar olmadigindan əsasli məlumat vərməyə imkanimiz yoxdur.Dəyilənə görə Sasani hökümdarı Nuşirəvan Şah(Ənuşirəvan 1 ci Xosrov 531-579) Ərçivanda Qəzəndaş ziyarətgahından ötərkən ağacliqlar arasinda (əvvəllər o tərəflərdə büs-bütün agacliq olub 1-ci Xosrov abadlıq işləri aparıb) gecələr işıq yandiğını görür.Bir qadından bunun sirrini soruşduqda qadin İlahidən gələn hikmət oldugunu, gecələr yanib, gündüzlər söndüyünü bildirir.Şah ziyarətgahın yanindakı axan çaya heyran olduğundan bir müddət oralarda məskən salır, sonra dağlara qalxır.(Bax:Jurnalist Gülnar Əsədli "Nura Qərq olunmuş Astaram" kitabından.)Şəkil.Gəzəndaş ziyarətgahı.Foto. Asim Yusifov.

 8.Kanə hi(Köhnə bağ)(Sım kəndi) türbəsi.Kanə hi türbəsi yerli əhəmiyyətli ziyarətgahdır və Astara rayonunun Sım kəndi ərazisində yerləşir. 

“Kanə-hi” ziyarətgahı XVII əsr və ondan sonrakı dövrlərdə kəndə gələn Səfəvi şeyxlərinin nəsli və Baba Həmzənin övladlarının adı ilə bağlıdır.Tarixin yadigarı olan Sım kəndi şeyxlər dövründə (XVII - XX əsrin ilk illəri) yenidən inkişaf mərhələsinə qədəm qoymuşdur.İslam dinini yayan , təbliğ edən Sım şeyxləri dövrünün tarixi şəxsiyyətlərindən biri olan, “XIII yüz ildə monqolların işğal etdikləri ərazidə (Azərbaycanın Ərdəbil mahalında) kortəbii sufi-dərviş ordenlərinFdən birinin banisi, ordenin və şeyxlər sülaləsinin adı müqəddəs sayılan Şeyx Səfiəddin İshaq əl-Musəvi-əl-Ərdəbillinin (1252-1334)”2 nəsli ilə bağlı meydana gəlmişdir.“Kanə-hi” ziyarətgahında Şeyx Saleh,Şeyx Molla Fərəc Əfəndi ilə yanaşı daha iki qardaşı Şeyx Məmmədlə, Şeyx Sovqat uyuyur. Şeyx Molla Fərəcin iki nəvəsi, Şeyx Məmmədağa və Şeyx Molla Əzizağanın da məzarı bu qəbristanlıqdadır.Digər iki nəvəsi,Şeyx Hafis ikinci dünya müharibəsində həlak olmuş. Şeyx Molla Mirhəsən isə 2003-cü ildə 22 yanvarda dünyasını dəyişmişdir. Şeyx Molla Mirhəsən yarım əsrdən artıq yaşadığı Kijəbə qəsəbəsindəki Sultan Şeyx Məhəmməd Zalani ziyarətgahında dəfn olunmuşdur.
Şeyx Molla Fərəc Əfəndinin dörd oğlu Şeyx İsa, Şeyx Musa, Hacı Şeyx Əhməd və Şeyx Molla Abbas Səlivə kənd qəbristanlığında dəfn olunmuşlar

 9.Xudavənd Xatun türbəsi.Xudavəndə Xatun türbəsi yerli əhəmiyyətli türbədir və yaranma tarixi - IX-XIII əsrlərə təsadüf edir.Qeyd etmək lazımdır ki,bu adda türbə Türkiyə respublikasının Niqde şəhərində də var.Belə ki,Niqdədəki türbə Səlcuqlular dövrünə aiddir və Anadolu Səlcuqlu hökmdarı IV Rüknəddin Qılınc Arslanın qızı Xudavənd Xatun (Hüdavent Hatun) tərəfindən inşa etdirilən türbə təxminən 100 ildən sonra bərpa edilərək ziyarətçilərin üzünə açılıb.   Niğde rayon Mədəniyyət və Turizm müdiri Selçuk Hüseyn Demirtaş Anadolu Selçuklularından qalma memarlıq abidələri arasında xüsusi yer tutan və 1325-ci ildə inşası tamamlanan 700 yaşlı türbənin əsl sənət nümunəsi və göz bəbəyi kimi qorumaq lazım olduğunu dilə gətirib: "İslamdan əvvəl və sonra bu ərazidə olan əsas simvollar bu abidədə öz əksini tapır. Bu türbənin tayı və bənzəri Türkiyədə yoxdur. “Bu türbə Türkiyənin gərdanıdır” desək, yeri var."(Bax:TRT Azərbaycan. Bu türbənin Türkiyədə tayı-bənzəri yoxdur.22.04.2017 ~ 23.08.2019).

 

10.Qırx Övliya türbəsi.Qırx Övliya türbəsi yerli əhəmiyyətli türbədir və yaranma tarixi - IX-XIII əsrlərə təsadüf edir.Bu türbə Qırx Övliya ilə bağlıdır və əsasən yaxın kəndlərin əhalisi tərəfindən ziyarət olunur.Qeyd etməliyəm ki, eyni adda qəbiristanlıq Quba rayonunun Pirvahid kəndi ərazisində mövcuddur və şeyxlərə aiddir.

 

11.Piri Sobo salo türbəsi.Piri Sobo Salo türbəsi yerli əhəmiyyətlidir və Astara rayonunun Kijəbə qəsəbəsi ərazisində yerləşir.Türbənin tikilmə tarixi IX – XIII əsrlərə təsadüf edir və əsasən yerli sakinlər tərəfindən ziyarət olunur.

12.Seyid Əhməd ibn Kərim türbəsi(Maşxan kəndi).Türbəsi yerli əhəmiyyətli türbədir Astara rayonunun Maşxan kəndi ərazisində yerləşir.Türbənin tikilmə tarixi 1472-ci ilə təsadüf edir.Əsasən yerli və qonşu rayon sakinləri tərəfindən ziyarət olunur.Seyid Əhməd ibn Kərim türbəsi formaca düzbucaqlıdır və bir giriş qapısı var.Türbənin qapısından içəri dəhliz(10 kv.metr) yerləşir.Bu dəhlizdən sonra içəridəyə doğu getdikdə daha bir otaq var və bu otağın içərisində isə sahəsi 35 kv.metr olan bir qəbir yerləşir.Bu qəbirdə öz dövrünün ağır seyidlərindən sayılan Seyid Əhməd adlı zat yatır və türbənin döşəməsi torpaq,tavanı isə taxta materialındandır.Seyid Əhməd adından göründüyü kimi peyqəmbər (s) nəslindən olmuşdur.Bu türbə son zamanlara qədər dağılmış vəziyyətdə idi,lakin 1990-cı ildə burada təmir-bərpa işləri aöparılmış və türbə restavrasiya olunaraq yararlı hala salınmışdır.Türbənin XIX əsrin əvvəllərində tikildiyi qeyd olunur. 1995-ci ildə bu türbə yenidən tikilmişdir.Kənd sakinlərinin bildirdiyinə görə,Seyid Əhməd Peyğəmbər nəslindəndir.Maşxan kəndində yerləşən Seyid Əhməd Ziyarətgahında orta əsrlərə aid çoxlu sayda abidələr-baş daşları, sinə daşları vardır. Sinə və baş daşlarının üzərində ərəb qrafikası ilə, oyma üsulu ilə işlənmiş yazılar, Quran ayələrindən nümunələr qeyd olunmuşdur.Şəkil.Seyid Əhməd ibn Kərim türbəsi.

 13.Seyid Kərim türbəsi(Maşxan kəndi).Seyid Kərim türbəsi yerli əhəmiyyətli türbədir və Astara rayonunun kəndi ərazisində yerləşir Türbənin tikilmə tarixi IX-XIII əsrlərə təsadüf edir.Lakin 1995-ci ildə burada yeni bir türbə inşa edilib..Türbənin iç sahəsi 3,5x4,5 metr olmaqla hündürlüyü 2,20 metrdir.Türbə əsasən mişar daşlarından tikilib və türbənin dam örtüyü qırmızı kirəmitlə işlənib.Türbənin içərisi yalnız sərdabədən ibarətdir və bu sərdabədə Seyid Kərim adlı zatın qəbri yerləşir.Kənd sakinlərinin inanclarına görə Seyid Kərim peyqəmbər nəslindən olub.

14.Seyid Cəmaləddin piri(Pensər kəndi).Seyid Cəmaləddin piri yerli əhəmityətli pirdir və bu pir Lənkəran-Astara şose yolunun üstündə (Butəsər) kənd qəbiristanlığında yerləşir.Bu türbə yerli camaat tərəfindəın “Seyid Cəmalədiin piri” adlandırılır.Deyilənlərrə görə,burada çoxlu mərmər başdaşıları var imiş ki,bunlar da 1918-ci ildə yanğın nəticəsində tələf olmuşdur.1924-cü il məlumatına görə,Seyid Camal türbəsi iki otaqdan ibarət olmuşdur.Otaqlardan birində Seyid Camal dəfn olunmuş,ikincisində isə iki qəbir daşı varmış.Sonradan köhnə abidənin yerinə bişmiş kərpicdən,daxildən və xaicdən düzbucaqlı plana malik,təzə bir bina tikilmiş və içərisində yerləşən taxta qutu içərisinə qoyulmuşdur.Türbənin içərisindəki dördbucaqlı mərmərdən qadına məxsus başdaşı qoyulmuşdur.Ehtimallara görə baş sərkərdə Pir hüseynin hicri 811-ci (1408-1409) ildə vəfat etmiş qızı Xudavənd xatuna aid olduğunu söyləmək olar.Seyid Cəmaləddin abidəsi dövrümüzə qədər qalmaqdadır.Bu abidə başqa tarixi sənədlərdən də məlum olduğuna görə,Aynəzzəman Cəmaləddin Gillidir(yəni Gilanlıdır) və Butəsər mahalının Malvan kəndindəndir.Beləki,O,Şeyx Səfi Ərədbilinin Şeyx Zahid adıyla tanınmış ustadı tacəddin İbrahimin mürşidi olmuşdur.Seyid camal öz ömrünün çox hissəsini Astarada yaşayıb sufizmi təbliğ etmiş və öz nəzəriyyəsini Şirvanda yaymaq üçün oğlu və müridi Seyid Sədullanı Bakıya göndərmişdir.Bakıda ,içərişəhərdə sağlamlıq zonasınmın poliklinikasının yerləşdiyi yerləşdiyi binanın baştağında bu barədə məlumat verən XIV-XV əsrə aid maraqlı kitabələr vardır.Seyid Sədulla   Bakıda qeyd olunan xeyriyyə cəmiyəti yaratmış və sufizmi Şirvan ərazisində yaymaq işlərinə rəhbərlik etmişdir.Həyətə açılan baştağın üstündəki iki sətirlik ərəbcə nəsx xəttilə yazılmış kitabənin məamunu belədir.“Bu xeyriyyə idarəsinin bina olunmasına peyqəmbərliyin məşəli,risalətin tacı Seyid Sədulla əmr etmişdir”.Baştağda dah iki kitabə var.Sağ tərəfdəki kitabədə Quranın 33-cü ayəsi və altıncı surənin 90-cı ayəsi yazılmışdır.Sol tərəfdəki kitabədə hədis yazılmışdır: “Peyqəmbər – ona salam olsun – dedi: Allaha inanalar ziyarət edilir və allah onları pis işdən uzaqlaşdırır.”Kompleksdə,həyətə daxil olanda sağ və sol tərəfdə həyət boyu otaqlar var.Bu otaqların bəziləri sonralar aparılan bərpa və təmir işləri zamanı əvvəlki görkəmini dəyişməsinə baxmayaraq vaxtıilə mühüm sosial –iqtisadi mərkəzlərdən biri olmduğunu sübut etmişdir.(Bax:Azərbaycan Məscidlərinin Ensiklopediyası.Bakı-2001.səh.28-31).

 15.Türbə(Şahağac kəndi).Bu türbə yerli əhəmiyyətli memarlıq abidəsidir və Astara rayonunun Şahağac ərazisində yerləşir.Türbənin tikilmə tarixi XII əsrə təsadüf edir.Türbə cənub bölgəsində yerləşən ən qədim memarlıq abidələrindəndir.Türbənin invertar nömrəsi 4125,sistem kodu isə AJA003924-dür.

 16.Türbə qalıqları(Ərçivan kəndi).Türbə qalıqları yerli əhəmiyyətli memarlııq abidəsidir və Astara rayonun Ərçivan kəndi ərazisində yerləşir.Abidənin tikilmə tarixi XIII əsrə aiddir.Abidənin invertar nömrəsi 4118,sistem kodu isə AJA003917-dir.

 17.Şeyx Məhəmməd Dilimi türbəsi.Şeyx Məhəmməd Dilimi türbəasi yerli əhəmiyyətli türbədir və yaranma tarixi - IX-XIII əsrlərə təsadüf edir.Buy türbə Şeyx Məhəmməd adlı bir ağır seyidin adı ilə bağlıdır və əsasən yaxın kəndlərin əhalisi tərəfindən ziyarət olunur.

18.Şeyx Nəsrullah türbəsi(Sipyət kəndi).Şeyx Nəsurullah türbəsi yerli əhəmiyyətli türbəsidir və Astara rayonunun Sipyət kəndi yaxınlığında,Bakı-Astara əsas yolundan təqribən 30 km,əhalinin yaşayış yerindən isə təqribən 4 km.aralıda yerləşir.Türbənin tarixi XIV-XV əsrlərə təsadüf edir və bu ərazidə həmən dövrün görkəmli və müdrik şəxsiyyətləri – Şeyx Nəsrullah,Şeyx Mir Abbas,Şeyx Vəliəddininin qəbirləri yerləşir.Ziyarətgah ərazisində yerləşən bulaqdan yuxarıda kiçik bir təpədə məscidin olması söylənilir.”Şeyx Nəsrullah” ziyarətgahı ərazisində ağır çəkiyə malik namaz daşı var.Ziyarətə gələnlər bu daş üstündə namaz qılırlar.Talış bölgəsində əfsanəvi səciyyə daşıyan gəlin daşları da bu ərazidə yerləşir.Şeyx Mir Abbasın məzarı Mir Baba Həmzə və Şeyx Mir Ələmdən fərqli olaraq Şimali Azərbaycanda,Astara rayonun Pəlikəş inzibati ərazisinə daxil olan və hal-hazırda heç kəsin yaşamadığı “Pü” kəndinin ərazisində yerləşən Şeyx Nəsrulla ziyarətgahındadır.Minlərlə qəbri,bir hektardan çox ərazisi tamamilə müxtəlif növ qocaman ağaclarla örtülmüş bu ziyarətgahın iki əsas övliyası yuxarıda adları çəkilən şeyxlərdir. Qəbristanlığın girəcəyində hər iki övliyanın qəbri üzərində məqbərə ucaldılıb.Şeyx Mir Abbas həm də Şeyx Nəsrullanın əmisidir.Sonsuz olan Şeyx Nəsrulla haqda öyrənə bildiklərimdən belə məlum oldu ki,o özündən əvvəlki şeyxlərdən kəramətdə heçdə geri qalmırmış. Şeyxlə bağlı xalq arasında yayılmış rəvayətlərin birində deyilir ki, keçmişdə böyük nüfuz sahibi olan Abid adlı bir imkanlı şəxs ömrünün sonlarında Həcc ziyarətinə getməyi qərara alır.Ziyarətə getməmişdən əvvəl İslam qanunlarına uyğun hamı ilə halallaşır,uğurlu bir gündə Həcc ziyarətinə yola düşür.
Gün o gün olur ki Həcc mərasimi başa çatır.Gecəni Kəbə ətrafında digər zəvvarlar kimi keçirdən Abid yuxuda görür ki,ağsaqqal,uzun əbalı,nurani bir kişi ziyarətçilərə bir-bir deyir:
“Sənin ziyarətin qəbul olundu”, “sənin ziyarətin qəbul olundu”.Elə ki, gəlib ona çatdı – “sənin ziyarətin qəbul olunmadı ”dedi və keçib yoluna davam etdi.Abid yuxudan ayılır. Səhər vətənə qayıtmaq fikrindən daşınır.Düz bir il Ərəbistanda(Məkkə şəhərində)qalıb gələn Həcc mövsümünü gözləyir.Onun yuxusu isə yenidən əvvəlki tək təkrar olunur.Aradan illər keçir Abidin yeddinci Həcc ziyarətində yuxusuna girən nurani kişi onun Hacı olduğunu nəhayət ki, ona söyləyir.Abid bu illər ərzində daha da qocaldığından çox uzaqlarda olan məmləkətinə getməyə nə taqəti,nə də pulu qalmışdır.O, hamının tanıdığı,hörmətlə yanaşdığı bir üləmanın yanına məsləhətə getməyi qərara alır.Başına gələn əhvalatı əvvəldən-axıra ona danışır və onun Abidə rəhmi gəlir.Ona məsləhət görür ki,səhər sübh namazı vaxtından əvvəl Kəbənin qapısı ağzına gəlib gözləsin.Yaşıl əbalı, alçaq boylu,belində “tolə ğəyş” (“cökə ağacının qabığından kəmər”) nişanələri olan bir şəxs hər gün beş vədə namazını qılmaq üçün sizin məmləkətdən buraya gəlir.Çalış namaz vaxtı onu gözdən qaçırmayasan.Mənə söylədiklərini ona da danışarsan və xahiş edərsən ki, sənə kömək etsin.Abid deyilən vaxtda yaşıl əbalı şəxsin gəlişini görəndə çox sevinir.Dünən üləmanın dediyi bütün nişanələrini özündə daşıyan həmvətəninə yaxınlaşıb başına gələn əhvalatı ona danışır.Sonda ondan xahiş edir ki, onu da özü ilə məmləkətinə aparsın. Həmən şəxs əvvəl Abidə evinə dönmək üçün yol pulu təklif edir.Abid isə dönə-dönə ondan xahiş edir ki,ona rəhm edib özü ilə məmləkətinə aparsın.Nəhayət,yaşıl əbalı şəxs razılıq verir. Namazdan sonra Abid yaşıl əbalı şəxsin nişan verdiyi yerdə onunla görüşür.Həmin şəxs Abidə deyir ki,ayaqlarını ayaqlarımın üzərinə qoy,belimi möhkəm qocaqla və gözlərini yum və mən aç deməyincə gözlərini açmayasan.Abid bütün deyilənlərə əməl edir və bir azdan onun qulaqlarına səs gəlir–aç gözlərini - abid gözlərini açır.Bura Həcc ziyarətinə getməzdən əvvəl hər cümə günü ziyarət etməyə və “Yasin” oxumağa gəldiyi “Səyd Cəmul” (“Seyid Camal”) türbəsi idi.Həmin şəxs ondan soruşur: - Buranıtanıyırsan? Cavab: - Bəli.Sual: - Evinə gedə bilərsən? Cavab: - Bəli.

Sual : - Bax gör o gələnlər kimdir?Abid arxaya baxdı, uzaqdan bir dəstə adam gəlirdi,sonra yol-yoldaşına tərəf döndü,ancaq ona əvəzsiz yaxşılıq etmiş həmin şəxs yox idi.Dörd tərəfinə boylandı,amma yaşıl əbalı şəxs qeyb olmuşdu.Abid vətəninə sağ-salamat gəldiyi üçün Allaha min dəfə şükür etdi.Daha sonra əzizləri ilə görüşmək üçün doğma evinə tələsdi.
Aradan aylar ötür,həqiqətdə baş vermiş,lakin qeyri-adi görsənən bu hadisə hər tərəfə yayılır. Sonra məlum olur ki,bütün bu nişanələrə malik olan şəxs böyük kəramət sahibi Şeyx Nəsrulladır.Şeyxin bu qeyri-adi kəramətini təsdiqləyən ikinci bir rəvayətdə deyilir ki,bir dəfə atası Şeyx Nəsrullanı yanına səsləyir,lakin səs verən olmur.İkinci dəfə səsləyir,yenə də səs-səmir gəlmir.Ata oğlunu üçüncü dəfə səsləmək istəyərkən Şeyx Nəsrulla özünü qapıdan içəri salır. Heç vaxt atası oğlunu iki dəfə çağırmazdı.Atasının bircə səsinə hay verərmiş.Ona görə də ata oğlu ilə maraqlanır ki,nə üçün gecikdin.Şeyx Nəsrulla atasından üzür istəyib deyir: 
-Ata, məni birinci dəfə səsləyəndə “Kəbə” də artıq namazımı qılıb qurtarmışdım.İkinci səsinizdə yarı yoldaidim.Şeyxlə bağlı üçüncü rəvayətdə deyilir ki,Şeyx Nəsrulla dostları ilə bulaq başında söhbət edirmiş.Onlar: “Öz kəramətini bizə göstər” deyə, ona sataşırlar. Şeyx təsbehini suya atır. Şirhaşırla axan su təsbehi aparır.Şeyx,“Gedək təsbehimi evimin yanında olan bulaqdan götürəcəyəm”deyib,onlarla bir yerdə gəlib təsbehi axar bulağın başında götürür”.
Digər rəvayətə görə bir gün Nəmindən Şeyx Nəsrullanın qonağı gəlir və Şeyx sözarası qonağa deyir: - Bugü nsizə elə bir yemək verərəm ki,heç yeməmiş olasız.Süfrəyə yemək gətirilir.Qonaq görür ki,bu həmişə yediyi südlüaşdır.Ona görə də deyir:
Şeyx:-Bəs deyirdin ki,heç yemədiyiniz yemək verəcəyəm? Bu ki,südlü aşdır.
Şeyx deyir: - Doğrudan da siz beləsini ömründə yeməmisiniz.Sonra pəncərəsinin pərdəsini çəkib, evin tinində “Küjqo” (“Maral”) sağan arvadını qonağa göstərir.Qonaq başa düşür ki,Şeyx verdiyi və də əməl edib.İstər Cənubi Azərbaycanda(Ərdəbildə),istərsə də Şimali Azərbaycanda(Astara rayonunda) Şeyx Nəsrullanın nə atasının adını,nə də onun haqqında yuxarıda verilən rəvayətlərdən başqa məlumat yoxdur.Mir Baba Həmzənin övladlarından Şeyx Müstəfir,Şeyx Exsan,şeyx Molla Babanın adlarını tədqiqat apardığım ərazidə tanıyanlar çoxdur. Lakin adlarını çəkdiyim bu üç Şeyxin həyatı barədə heç kimdəm əlavə bir məlumat öyrənə bilmədim.
Səbəb budur ki, XX əsrin əvvəllərində (1920 -1938-ci illər) onlardan bəhs edən şəcərələr dövlət məmurları (“NKVD)”tərəfindən aparılmışdır.Bununla belə Məmmədova Xanımnisanın14 verdiyi məlumatdan belə aydın oldu ki, yuxarıda adı çəkilən Şeyx Molla Babanın eyni adlı nəvəsi Şeyx Molla Babanın məzarı Astara rayonun Kijəbə qəsəbəsinin Burzubənd kəndi ərazisində yerləşən “Şeyx Sultan Məhəmməd Zalani” (“Zoləzo”) qəbristanlığındadır.Adı çəkilən sonuncu Şeyxin oğlu Şeyx Molla Kamal Əfəndinin məzarı isə qonşu Səlivə kənd qəbristanlığındadır.Şeyx Molla Kamal Əfəndi adından göründüyü kimi Şeyxlər nəslinin dərin təhsil görmüş nümayəndələrindəndir.O,çoxillik təhsilini Kürdüstanda (İraqda) almışdır.Eyni zamanda Şeyx İlahi vergisinə, qeybdən bilmə kəramətinə malik olmuşdur.Şəkil.Şeyx Nəsrulla və Şeyx Abbasın türbəsi.(Sim kəndi)

 

19.Şeyx Mir Abbas türbəsi.(Sm kəndi).Şeyx Mir Abbas türbəsi yerli əhəmiyyətli ziyarətgahdır və Astara rayonunun Sım kəndində olan “kanə hi” adlı qədim qəbiristanlıqda yerləşir.Şeyx Abbas Bobo Həmzənin oğludur.Şeyx Mir Abbasın məzarı Mir Baba Həmzə və Şeyx Mir Ələmdən fərqli olaraq Şimali Azərbaycanda,Astara rayonun Pəlikəş inzibati ərazisinə daxil olan, hal-hazırda heç kəsin yaşamadığı “Pü” kəndinin ərazisində yerləşən Şeyx Nəsrulla ziyarətgahındadır.Minlərlə qəbri, bir hektardan çox ərazisi, tamamilə müxtəlif növ qocaman ağaclarla örtülmüş bu ziyarətgahın iki əsas övliyası yuxarıda adları çəkilən şeyxlərdir. Qəbristanlığın girəcəyində hər iki övliyanın qəbri üzərində məqbərə ucaldılıb.Şeyx Mir Abbas həm də Şeyx Nəsrullahın əmisidir.Bu nəslin nümayəndəsi olan Şeyx Abbasın (Bax şəcərə-1) həyatı əsasən Astara rayonunun Sım kəndində keçib. Hələ Şeyx Mir Abbasın dövründə Pəlikəş inzibati ərazisi, xüsusən “Pü” kəndi və onun ətrafı uzun illər Şeyxlərin yaylağı olması ətraf ərazilərdə heç kimə sirr deyildir.Onların Sım kəndində daimi məskunlaşması isə Şeyx Abbasın və onun övladlarının adı ilə bağlıdır.Digər nəslin nümayəndələrindən fərqli olaraq Şeyx Abbasın adı əhalinin iqtisadiyyatı ilə bağlı daha çox səslənir.Sımın mərkəzində Şeyx Abbas əhalinin tələbatını nəzərə alaraq əvvəl bir su dəyirmanı tikdirib.Bu dəyirmanda dörd oğlu növbə ilə şərik işləyib. Sonra kəndin müxtəlif yerlərində hər oğlu üçün bir su dəyirmanı inşa etdirib.Sımda isə, ümumiyyətlə, yeddi belə su dəyirmanının fəaliyyət göstərməsi ətraf əhaliyə məlumdur.Son dövrlərədək həmin dəyirmanlardan ikisi, hal-hazırda isə biri əhalinin istifadəsindədir.Əvvəlki dövrlərdə fəaliyyət göstərən su dəyirmanlarından ikisinin yeri indi belə adlanır: “penə üsyo həmo” (“Yuxarı dəyirman hamarlığı”) və “Jinə üsyo həmo” (“Aşağı dəyirman hamarlığı”). Bu gün fəaliyyət göstərən su dəyirmanı “Jinə üsyo həmo”nun 50 metrliyindədir.
Şeyx Abbasın XVIII əsrin sonunda inşa etdirdiyi su dəyirmanının qalıqları (daş çarxlar) hələ də kənd ərazisinin müxtəlif yerlərində açıq səma altında qalmaqdadır.
Sım kənd sakini Abbasov İskəndərin16 verdiyi məlumata görə bir gün (XIX əsrin II yarısı) “Şindoni ğalə”nin ətəyindəki otlaqda ot biçən yeddi-səkkiz Sım sakini onlarla bir yerdə işləyən Şeyx Molla Fərəc Əfəndi qardaşı Şeyx Salehin kəramətindən həmkəndlilərini agah etmək üçün qardaşına üz tutub çiçəklərin üstündə uçuşan arılardan birini göstərib soruşur:
Şeyx:-deyə bilərsən bu bizim hansı pətəyin arısıdır?
Cavab:-Allahın köməkliyi ilə deyə bilərəm.
Sonra göstərilən arının ayaqlarına nazik bir sap bağlayıb, onun hansı arı pətəyindən olduğunu söyləyib arını buraxır.Həqiqətən da otlaqdan qayıdan biçinçilər Şeyx Salehin nişan verdiyi arı pətəyinin yanına gələndə,ayağına sap bağlanmış arını pətəyin qabağında uçuşan görürlər. 
Şeyx Abbasın kiçik oğlu Şeyx Molla Fərəc Əfəndi də dövrünün təhsil almış şeyxlərindən biri olub.O,Ərdəbildə (İran İslam Respublikasında) ilk təhsilini almışdır.
Şeyx Molla Fərəcin 90 yaşlı nəvəsi Şeyx Molla Mirhəsən (Bax şəcərə-I) söylədiklərindən belə məlum oldu ki, 4-5 yaşlarında olarkən babası onu dizi üstə oturdub,başına əl sürtüb əzizləyər, oxuduğu “Fatihə”,“İxlas” və sair Quran sürələrini əzbərləyib,təkrarlamağı tapşıraramış.
Şeyx Molla Mirhəsən babası haqqında el içində geniş yayılan,anası Şərabanu xanımdan dəfələrlə eşitdiyi bir hadisəni xatırlayaraq deyir:-Bir dəfə Ərdəbildə qonaq olarkən,gənc Şeyx namaz qıldıqdan sonra ev sahibindən icazə alıb qurani Kərimin mübarək surələrindən birini Allah yolunda oxumağa başlayır.Oxuyub qurtardıqdan sonra əlindəki “Müqəddəs kitab”ı hələ yerinə qoymamış eşidir ki,ev sahibəsi nadinclik edən bir uşağına acıqlanıb deyir:
-Oğlum,dinc otur. Qonağımız “Yasin”in qol-qıçını necə sındırdısa, mən də sənin qol-qıçını eləcə sındıraram.Bu deyilənləri eşidən cavan Şeyx ev sahibəsinin eyhamından başa düşür ki, “Yasin”i yaxşı oxumayıb.O, heç bir söz demədən bir gün sonra Sıma qayıdır.Bir müddət sonra isə evdəkilərlə xudafizləşib “Kürdüstan”a təhsil almağa gedir.Şeyx Molla Fərəc 25 il dini və dünyavi təhsil aldıqdan sonra,Əfəndi dini rütbəsi ilə doğma kəndinə dönür.
Digər bir rəvayətə görə isə ilk təhsilini Ərdəbildə alan gənc Şeyx “Kürdüstan”a gedir ki, imtahan verib, tam dini biliyə sahib olmaq barədə ruhani məktəbindən bir sənəd alsın. İraqda qonaq olduğu evdə namaz qılıb, sonra ev sahibəsindən “Yasin”i17 oxumağa icazə alır.Oxuyub qurtarandan sonra eşidir ki,ev sahibəsi nadinclik edən oğluna deyir:
-Oğlum dinc otur.Əgər dinc qalmasan qonağımız “Yasin”in qol-qıçını necə bağladısa, mən də sənin qol-qıçını eləcə bağlayaram.Gənc şeyx ev sahibəsinin eyhamlarından başa düşür ki, onun hələ öyrənməli olduğu çox şey var.Daha nə səbəbdən gəldiyinin üstünü açmır.
Məktəbə də gedərkən imtahan verməyə yox,elm öyrənmək üçün gəlməsini deyib, düz 25 ildən sonra tam təhsilini başa vurub vətəninə dönür. Doğma kəndinə qayıtdıqdan sonra, evlərinin yaxınlığında, “Şeyx Abdulla” türbəsinin bir-neçə metrliyində məscid tikdirir (sonradan bərpa olunan məscid indi əhalinin istifadəsindədir) və ətraf kəndlərdən yanına gələn yüzlərlə şagirdinə din və şəriət haqqında biliklər öyrədir.Firdovsinin “Şahnamə”,Sədinin “Gülüstan” və “Bostan”, Nizami Gəncəvinin və Məhəmməd Füzulinin divanlarından dərs demişdir.Pəlikəşdən Molla Nafe Əfəndi, Təngərüd kəndindən Mir Yəhya,Piyəkənərüd kəndindən Molla Əmir,Gilgün1kəndindən Şeyx Molla Osman Şeyx Fətulla oğlu və s. öz dövrünün dini biliciləri Şeyx Molla Fərəc Əfəndinin məktəbində təhsil almışlar.Şeyx Molla Fərəc Əfəndi 107 yaşında (1915-ci ildə), həyat yoldaşı Şinənoz xanım isə XX əsrin ilk illərində Sım kəndində dünyasını dəyişmişlər. 

 

20.Zoləzo piri(Burzbənd kəndi).Zoləzo türbəsi yerli əhəmiyyətli türbədir və bu türbə Astara rayonunun Burzbənd kənd qəbiristanlığı ərazisində ərazisində yerləşir.Pir düzbucaqlı formada olmaqla bütünlüklə taxta materialı ilə hörülüb və türbənin damı dəmir təbəqə ilə örtülmüşdür.Türbənin içərisində,orta hissədə bir qəbir var və deyilənlərə görə burada dəfn olunan şəxs İranda yaşamış Şeyx Məhəmməd adlı şəxsdir.Onun ərəb mənşəli olduğu və təqiblərdən yaxa qurtarmaq üçün buraya pənah gətirdiyi söylənilir.Onun bu ərazilərə dəqiq gəlmə tarixi məlum deyil,ehtimal ki VIII əsrdə gəlmiş-dir.Lakin digər məlumatlara görə Şeyx Məhəmməd bu əraziyə 1000-1300 il bundan əvvəl gəlmişdir.Abidənin sahəsi 4x5 metr,hündürlüyü isə 2,20 metrdir.Bu pir ərazisindəki qəbiristanlığında Bobo Həmzənin övladlarından olan Şeyx Şəms dəfn olunmuşdur və o böyük kəramət sahibi olmuşdur.Şeyx Molla Babanın eyni adlı nəvəsi Şeyx Molla Babanın məzarı “Şeyx Sultan Məhəmməd Zalani” (“Zoləzo”) qəbristanlığındadır.O,135 il ömür sürmüş, beş övlad sahibi Şeyx Şəmsinin həm də yuxarıda adları çəkilən şeyxlərin “əmisi oğlu”olduğun uöyrəndim.Fətullayev Sabirin atası Şeyx Molla Mirhəsəndən eşitdikləri bu yaxınlığı bir daha təsdiq edir.O,1969-cu ildə olmuş bir əhvalatı belə xatırlayır : Ramazan bayramı idi. Ailəmizlə birlikdə “Zoləzo” türbəsinə ziyarətə getmişdik və yuxarı qəbristanlıqda təpənin üstündəki qəbri ziyarət etdikdən sonra atam bizi məzarın ətrafına toplayıb dedi: - Bu məzar böyük kəramət sahibi olan “əmioğlu”muz Şeyx Şəmsinindir.Atam Şeyx Molla Abbas ömrünün son çağında vəsiyyət edib dedi ki,nə vaxt övladlarım hökumət işində çətinə düşərsə gəlsin Səlivəyə məzarımın başına.Qəbrimin sol tərəfində dayanıb dərdini,arzusunu desin.Mən sizi eşidərəm.Əgər sizə qarşı haqsızlıq edilibsə,cəddim köməyiniz olar,qələbə qazanarsınız. Birdən Səlivəyə gəlmək sizin üçün çətin olsa onda “Zoləzo” da bizim “əmioğlu”muz Şeyx Şəmsinin məzarı başına gedin.Mənə danaşacaqlarınızı ona deyərsiniz və o mənə çatdırar.Amma məzar başında ağlamayasınız,yoxsa göz yaşlarınız sizin üzünüzü görməyə imkan verməz.
Burzubənd kənd sakini Hidayətov Yədullanın verdiyi məlumata görə Şeyx Şəmsinin dörd əmisi və özündən yaşca balaca olan Şeyx Lətif adlı qardaşı olub.Atası Şeyx Məhyəddin əvvəllər Astara rayonun Ovələ kəndində yaşamış,sonra qardaşları ilə birğə qonşu Burzubənd kəndinə köç etmişlər.250-300 il əvvəl bu ərazidə yaşayan tayfa ağsaqqalı Şeyx Şəmsi vəfat etdikdən sonra qəbristanlığın yuxarı başında, təpənin üzərində qoyulan məzarı ziyarətgah kimi əhalinin inanc yerinə çevrilmişdir.Qotur və qarayara xəstəliklərinə mübtəla olan şəxs Şeyxin məzarı başında Allahdan imdad diləsə tezliklə şəfa tapar.Ən çox məzar başına gələnlər körpəsi yeni dünyaya gəlmiş analardır.Hələ uşaqikən övladlarını ziyarətə gətirirlər ki,bir çox xəstəliklərdən Allahın izni ilə ömür boyu hifz olunsun.1993-cü il 16 may tarixində Şeyxin nəslindən olanların köməyi ilə məzarın üzərində məqbərə ucaldılıb. Məqbərə Şeyxin qəbri ilə yanaşı daha üç naməlum qəbrin də üstünü örtmüşdür.Şeyx Şəmsi haqqında şifahi xalq rəvayətlərin birində deyilir ki,onun tayfa başçısı olduğu bir zaman Ərəbistandan gəlmiş Hacı Canbaba adlı mömün bir dostu olur. Onlar kəramətdə bir-birindən heç də geri qalmazmışlar. Hər ikisi Allahın onlara bəxş etdiyi kəramət nəticəsində dünyanın bir çox elmlərinə və qeybdən bilmə qabiliyyətinə malik olublar. Bu kəramət sahibləri haqda Allah bəndəsinin söylədiyi hər bir söz-söhbətdən onlar agah olarmış. Bütün bunlarla yanaşı Şeyx Şəmsi həm də Allahın ona bəxş etdiyi kəramət nəticəsində hər gün sübh namazını Kəbədə qılarmış.O,bununla həmişə öyünərmiş.Belə anlarda dostu Hacı Canbabanın ona doğru olaraq söylədiyi məsləhətlərini belə eşitməzmiş.
Heç nə Allahdan gizli qalmadığı kimi, Şeyxin bu əməli də Tanrıya sirr deyildi. Günlərin bir günü Şeyx Şəmsi Allah-Təala tərəfindən bu hərəkətinə görə cəzalanır.Onun hər gün Kəbəyə getmək hikməti əlindən alınır.Hacı Canbabaya verilir. Böyük bir kəramətdən məhrum olan Şeyx Şəmsi öz əməlindən ona xətər toxunduğunu başa düşür.Dərd-qəm çəkməyə başlayır.Ağlamaqdan gözləri tutulur. Hacı Canbaba dostunun bu iztirablarına dözməyib köç edib uzaqlara,Arana doğru gedir.Baba Həmzə nəslinin böyük kəramətə sahib digər bir övladı Şeyx Əbdülbağır Əfəndidir.Əlihəsən Həmzəyev tərəfindən yaradılmış,babası Şeyx Əbdülbağır Əfəndinin Miki kəndində fəaliyyət göstərən ev muzeyində olarkən onu da öyrəndim ki, Şeyxə məxsus kitab və əlyazmalar təkcə burada yox, həm də Respublika Əlyazmalar Fondunda saxlanılır.
Astara rayonun Miki kəndində anadan olmuş,İraqda çoxillik dini və dünyavi təhsil almış, riyaziyyat, münəccimlik, ilahiyyat, tarix və s. elmlərə dərindən bələd olan Şeyx Əbdülbağır Əfəndi 85 yaşında (1851-1936-cı ilin I yarısında) doğulduğu kənddə də vəfat etmişdir.22 
Şeyxin vəsiyyətinə görə məzarı Miki kənd qəbristanlığında (“Baba Məmməd qəbristanlığında”) qoyulmuş və tezliklə ətraf əhalinin ziyarətgahına çevrilmişdir.

21.Pir-i bılınd(Sım kəndi).Pir-i bılınd yerli əhəmiyyətli tikilidir və Astara rayonunun Sım kəndi ərazisində yerləşir.Sım ərazisində yerləşən, təkcə Astara və onun ətraf rayonlarında deyil, İran İslam Respublikasında da tanınan, ağır ocaq kimi ziyarət edilən türbələrdən biri də “Pir-Bılınd” (“Uca-Pir”, “Ucada duran Pir”) türbəsidir. Türbə Sım-Şindan istiqamətində Uti xarabalığın qərbində yerləşir. Türbənin digər ziyarətgahlardan yaşının çoxluğunu qəbristanlığa qədəm qoyan hər kəs hiss edir. Çünki, ziyarətgahın bir çox qəbrləri artıq təbii şəkildə torpaqda itmiş və ya itməkdədir. Əksər qəbrlərin daş abidələrini mamır basmış, görünməz etmişdir. Türbənin və onun ətrafında mövcud olan yaşayışın qədimliyini ən azı Tunc dövrünə aid olduğunu 5-6 min ildən artıq yaşı olan ziyarətgah adının əvvəlində işlədilən “Pir”(“Pi”) sözü də təsdiqləyir. Qəbirüstü abidələr həm pilləli, həm də adi qaydadadır. “Pir-Bılınd”ın mərkəzində təpədə yaşı bəlli olmayan palıd və diğər ağacların kökləri altında qədim bir xarabalığın yeri müşahidə olunur. Təpənin quruluşu sanki kurqanı xatırladır. Kurqanın ətəyində yan-yana üç qəbir vardır.Həmin qəbirlərin üzərindəki nəhəng daş özüdə üç pilləlidir. Qəbristanlığa gələnlərin də ən çox ziyuarət etdiyi, üstünü mamırlar basmış bu üç qəbir üstü daşdır. Ölçüləri müxtəlif olan həmən abidələr şəkildən göründüyü kimi niyyət daşı hesab olunur. Ziyarətçilər niyyət tutub qəbir daşının üzərində kiçik bir daş parçası qoyurlar və inanırlar ki, niyyətləri hasil olacaq. Dini inanclara görə şəfa tapmaq üçün ziyarətçilər özünün və ya xəstələnən adamın paltarının tikəsindən qəbrin yanındakı kolun budağına-bağlayırlar.Bu ziyarətgahı digərlərindən fərqləndirən özünəməxsus xüsusiyyətlərindən biri də budur ki bu üç qəbrin hansının əsas ziyarətgah olması bilinir.Hələ XIX əsrin ortalarında həmin qbrlərin üzərində Şeyx Abbasın övladları tərəfindən bir neçə dəfə ayrı-ayrı vaxtlarda “kolo” (“məqbərə”) tikilsə də bu tikililəri səhəri gün qəbrin 100-150 metrliyindəki dərədə axan çayda görmüşlər. Ona görə də indiyə kimi ziyarətgahda məqbərə tikilməmişdir “Pir-Bılınd” ziyarətgahının ətraf qəbristanlıqlardan fərqləndirən digər xüsusiyyətlərindən biri də onun haqqında xalq arasında yayılmış olan rəvayət və inancların sayca çoxluğudur. Bu da onun yaşının daha çoxiuğundan irəli gəlir.Mövcud olan inanclara görə “Pir-Bılınd” ziyarətgahında “peştodəsığ” (“bel söykənən daş”) adlanan daşın kəraməti ondadır ki, hər kəsin beli ağrayırsa, bu daşın yanına gedər , üç dəfə belini həmin daşa söykiyər, özü ilə gətirdiyi bir sancağı daşın üstünə qoyar və beləliklə ağrılardan azad olub və şəfa tapar. İndi də yaxın və uzaq kəndlərin əhalisi bu daşın şəfa verici qüvvəsindən istifadə edirlər.Haqqında danışılan bel söykənilən daş rayonumuzun başqa ziyarətgahlarındadamövcuddur.Qəbirstanlığın girəcəyindəki niyyət daşı da“Pir-Bılınd” ziyarətgahındakı inanclardan biridir.Təzə evlənənlər və ya uşağı olmayanlar niyyət daşının yanına gedər, niyyət tutar ki, uşağı olar və ya olmaz . Sonra daşın dibindəki uyuğdan bir ovuc torpaq götürər, əgər ovucundaki torpaqda hər hansı bir həşərat və ya canlı olarsa, deməli niyyəti baş tutar.Digər bir inanca görə isə niyyət daşının yanına gələn şəxs çubuqlardan nənni və ya beşik düzəldə , onu niyyət daşının yanındakı uyuğdan asar.Sabahısı gün gəlib nənniyə baxar.Əgər onun içində hər hansı bir budaq tikəsi, ağac qırıntısı, yarpaq və sair cism olarsa, deməli, həmən adamın övladı olacaq . Belə olduqda həmin şəxs nənninin içindəki cismi götürüb uşağı olanda əvvəl onun beşiyindən, sunradan isə (ayaq tutub yeriyəndə) boynundan asar ki, övladı gələcəkdə bütün şərbəlalardan hifs olunsun.Sım və onun ətraf ərazilərinin tarixini qiymətləndirmək üçün əlimizdə bu türbə ilə bağlı daha bir inanc haqqında məlumat vardır. “Pir-Bılınd” ziyarətgahının şərq tərəfində “Krana do” deyilən aşağı tərəfdən oyuğu olan qoz ağacından göyöskürək xəstəliyinə tutulmuş uşaqların müalicəsində istifadə olunur. Bu haqda Abdulla Əhmədovun dedikləri:
“Mən uşaqlıqda kiçik dayım Şeyx Mirhəsənlə çox vaxtı bir yerdə olardım. O, getdiyi yerlərə məni də aparırdı. Bir gün meşəyə gedirdik, mən göyöskürəyə tutulmuşdum .Yolda ösksürməyə başladım , az qala nəfəsim kəsilirdi. Dayım məni tez türbəyə apardı. Orada məni bir qoz ağacın gövdəsindəki yerin üsdündə olan yarıqdan üç dəfə o fərəfç, bu tərəfə keçirtdi. O ogündən öskürəyi sağalmağa başladı. Dayımın göstərişi ilə nəzir olaraq üç ədəd çiy yomurta aparıb “Krana do” nun yarğında qoydum”.
Sımda olan “Kanə - hi” (“köhnə əkin yeri”) ziyarətgahı buraya orta əsrlər də gəlmiş şeyxlərin adı ilə bağlıdır. Qəbristanlıqda təxminən 600-dən çox qəbir müşayidə olunur. Ziyarətgahı əsas biri Şeyx Abbasın iki oğlu-şeyx Saleh və Şeyx Molla Fərəcdir.
Dövrünün böyük şəxsiyyətlərindən biri olan Ərdəbil şeyxi Şeyx Səfiəddinin nəslindən olan Sim şeyxləri islam dininin yayılması ilə əlaqədər Sıma təşrif buyurmuşlar.
Ümumiyyətlə, dövrünün nüfuzlu şəxsiyyətlərindən olan şeyxlər nəslinin nümayəndələri hal-hazırda da Astara rayonunun müxtəlif yaşayış məntəqələrində, o cümlədən, Sım, Səlivə, Miki kəndlərində və Kijəbə qəsəbəsində yaşayırlar.

Aqşin Mistanlı.

Tədqiqatçı-tarixçi,AJB-nin üzvü,

 Ədəbiyyat:

 Aqşin Mstanlı.Cənub Bölgəsinin Abidəlr Ensiklopediyası,B.,2018,səh124)

 

 

ŞƏRHLƏR