"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Asəf Zeynallının” şəhidlik zirvəsinə yüksələn Tamerlanı

--2020-11-19 / 06:08

Dünən vaxtı ilə Asəf Zeynallının adını daşıyan hazırda isə sadəcə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə çevrilən musiqi təhsili ocağında oldum. Uzun illər təhsil ocağının direktoru işləyən Nazim Kazımovla görüşdüm. Çoxsaylı fəxri və elmi adı olsa da, bu gün fəaliyyətiylə öz adını musiqi aləmində bir brendə çevirib. Odur ki, o adları sadalamıram.

Deməliyəm ki, söhbətmiz xeyli çəkdi. Nazim Kazımovun həm də çox müsbət auralı bir insan olduğunun şahidi oldum. Əslində onunla görüşməkdə məqsədim 44 günlük Vətən müharibəsində məktəbin şəhid olmuş məzunları barəsində söhbət etmək, onun fikirlərini almaq idi.

Əvvəlcədən deyim ki, Nazim Kazımovla görüş yaxın qohumum Nəzər Allahverdiyevin təşəbbüsü ilə oldu. Əlavə edim ki, söhbətimizdə məhz N. Allahverdiyevin əziz qohumu və bu musiqi məktəbinin tələbəsi olmuş Elvin İsizadənin də qısa həyat yoluna toxunduq.

Etiraf edim ki, mən Nazim Kazımovu adını eşitsəmdə indiyədək görüşməmişdim. Heç kəsişmə nöqtəmizdə olmamışdı. İlk dəfə görüşdüyüm insanla nədən başlayıb, nədən yekunlaşdırdığım suallar barədə düşünürkən elə qapı ağzında başqa bir əziz insanı, uzun illərdən bəri tədqiqat apardığım Çörək Muzeyinin sonuncu direktoru olmuş, hazırda bu kollektivdə çalışan Hafiz Əliyevlə qarşılaşdım. Bizi düz direktorun kabinetinədək müşayət etdi.

Yaxın günlərdə Ağdamla bağlı şad xəbəri alandan sonra geniş və ətraflı şəkildə yuxarıda qeyd etdiyim mövzunu qələmə alacağam. İndisə söhbətlə bağlı məni kövrəldən bir məqamı xüsusi olaraq oxucularımla bölüşmək istərdim.

Demək, 44 günlük müharibədə məktəbin məzunu olmuş və hazırda təhsil olan dörd tələbəsi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Alim Söhrab oğlu İbrahimov, Zəbiyulla Şahin oğlu Məmmədov, Tamerlan Fuad oğlu Mahmudov müxtəlif illərdə məktəbdə təhsil alsalar da, Elvin Azim oğlu İsizadə hələ ikinci kursda oxuyurdu. Və əlavə edim ki, Vətən müharibəsinə hər biri könüllü şəkildə yola düşmüşdü.

Bunların hər birinin qəhrəmanlığı barədə qeydlərim olacaq. Ancaq indi Tamerlan Fuad oğlu Mahmudovun üzərində qısa şəkildə dayanmaq istərdim.

Tamerlan Fuad oğlu Mahmudov Xəzər rayonu valideyn himayəsindən mərhum olmuş uşaqlar üçün 2 saylı orta internat məktəbində təhsil alıb. İmtahan verərək Sumqayıt Musiqi Kollecinə daxil olsa da ikinci kürsdan məhz Nazim Kazımovun dəstəyi və təşəbbüsü ilə Bakıya köçürülmüş və təhsilini burda başa vurmuşdur. Məktəbi bitirdikdən dərhal sonra öz xahişiylə müharibəyə yollanmış və....

Nazim müəllim bütün bunları fəxrlə danışır, kövrəlsə də öz müsbət enerjisini ətrafına paylaşmağı unutmurdu...

Mən isə xəyalımda artıq Tamerlanla söhbət edirmiş kimi onu göz önümdə canlandırır, onun internat məktəbə necə düşməsini, hansı arzularla yaşadığını, məktəbi bitirib diplomu alanda ilk olaraq hara getdiyini düşünürdüm...

Növruz bayramı günü dünyaya gələndə ailəsi gör necə sevinib. Muştuluq alan kim, qonaqlıq verən kim.

Bəli, həyatın dolanbac və sərt yolları da varmış, şəhidlik zirvəsinə ucalan Tamerlanın ruhu yəqin ki artıq valideynlərinə qovuşub....

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!!!

Vüqar Tofiqli

ŞƏRHLƏR