"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq davam etdirilir

--2021-03-16 / 12:51

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq davam etdirilir

Cari ilin martın 12-də Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə ölkə direktoru xanım Karin Hoerhan ilə görüş keçirilib.

Görüşdə Mərkəzin rəhbərliyi tərəfindən “Cənubi Qafqazda Yaxşı İdarəetmə” Proqramı çərçivəsində yerli özünüidarəetmə sahəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə səmərəli əməkdaşlığın əhəmiyyəti qeyd olunaraq bələdiyyə nümayəndələrinin maarifləndirilməsi istiqamətində görülən işlərdə GİZ-in dəstəyi xüsusilə vurğulanıb. 2020-ci ildə bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, həmçinin bu sahədə mövcud qanunvericiliyə edilən dəyişikliklərlə bağlı məlumat qonaqların diqqətinə çatdırılıb.

 Tədbirdə bələdiyyələr tərəfindən müasir dövrdə elektron informasiya-kommunikasiya texnologiyalarından istifadənin vacibliyi də vurğulanıb və bələdiyyələrlə iş portalının yaradılması istiqamətində işlərin davam etdirildiyi, bələdiyyələrin internet informasiya resurslarından istifadəsinin genişləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirildiyi bildirilib.

Xanım Karin Hoerhan öz növbəsində görülən işlərə dair verilmiş məlumatdan böyük məmunluq hissi duyduğunu vurğulayaraq Bələdiyyələrlə İş Mərkəzi ilə əməkdaşlığı yüksək qiymətləndirib. O, proqram üzrə həyata keçiriləcək tədbirlər haqqında məlumat verərək maarifləndirmə tədbirlərinin davam etdirilməsi ilə bağlı görülən işlərdən danışıb.

 Görüşdə həmçinin ölkə başçısının 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş tapşırığı üzrə pandemiyadan sonrakı dövrlərdə bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici ölkələrin yerli özünüidarəetmə orqanları ilə beynəlxalq təcrübə mübadiləsinin təşkil edilməsi ilə bağlı məsələlər müzakirə edilib, gələcək əməkdaşlıq perspektivlərindən də söz açılıb.

Sonda Bələdiyyələrlə iş mərkəzinin rəhbərliyi tərəfindən qonaqlara ölkəmizin tarixi dəyərlərini əks etdirən hədiyyələr təqdim olunub.

Bələdiyyələrlə iş mərkəzi

 

ŞƏRHLƏR