"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

784 min manatlıq borcu olan bələdiyyə üç kilometrlik hasarı hansı pulla çəkib?

--2021-09-22 / 17:57

Bu gün sosial media üzərindən 15 sentyabr tarixində Binəqədi rayonu Biləcəri bələdiyyəsinin paylaşdığı bir məlumat diqqətimi çəkdi. Məlumatı olduğu kimi təqdim edirəm:

“Bu gün Biləcəri qəsəbısi açılışla əlaqədar Binəqədi yolunda təmir bərpa işlərini davam elətdirmişdir! Belə ki, BƏLƏDIYYƏ 10 gün ərzində uzunluğu 3 KM YAXIN HASARIN tam bərpasını ve ağardılması işlərini görüb başa çatdırmışdır! Bu işlərin görülməsi tərəfimizdən mütəmadi davam olunur!”

Etiraf edim ki, məlumat sosial media üzərindən qarşıma çıxmasaydı bəlkə də bu qeydimi yazmazdım. Amma yazmaya bilmirəm.

Məlumatın dilçilik baxımından təhlilinə toxunmadan sual etmək istərdim, 784 min manat borcu olan sədr üç kilometr uzunlugunda olan hasarı hansı vəsaitlə təmir edib, üstəlikdə rəngləyir və bəh-bəhlə də sosial media üzərindən paylaşım edir. Bu layihənin smetası bələdiyyə iclasında müzakirəyə çıxarılaraq, təsdiq edilbmi. Digər bələdiyyə üzvləri bu məsələyə necə münasibət bildiriblər. Heç sədrə deyən olmayıb ki, bizim 784 min manat borcumuz var, bu borcu qaytarmaq lazımdır. Gəlin borcu silmək üçün strateji bir proqram hazırlayaq. Necə ola bilər ki, qəsəbə ərazisində kifayət qədər vergi yığımı potensialı olduğu halda borcun həcmi azalmaq bilmir. On beş ildir ki, bələdiyyənin bank hesabı bağlıdırsa, qəsəbə ərazisindəki vergi ödəyicilərindən vəsaitin yığıldığı deyilirsə, bəs bu vəsait hara və kimə gedir, bilən varmı? Hər bir ehtimal olunan məqamın doğru tərəfi də olur. Ehtimal olsa da belə.

Külli miqdarda borcu olan bələdiyyə sədrlərinin diqqətinə bir daha xatırladım ki, bələdiyyələrin DSMF-yə və digər qurumlara yeddi milyon manata yaxın borcu var. Azalmağa doğru gedən bocrun həcmi bir neçə il əvvəl 12 milyon manat olmuşdu. Sevindirici haldır ki, ötən iki ilə yaxın bir müddətdə Bibiheybət bələdiyyəsinin sədri 10 min manat, Gədəbəy bələdiyyəsinin sədri 25 min manat, Sahil bələdiyyəsinin sədri 38 min manat, Binədəqi bələdiyyəsinin sədri 145 min manat, Sabunçu bələdiyyəsinin sədri 100 min manat, Qala bələdiyyəsinin sədri 24 min manat, Vəndam bələdiyyəsinin sədri 12 min manat, Gəgəli bələdiyyəsinin sədri 10 min manat bələdiyyənin müxtəlif istiqamətlər üzrə-həm DSMF-yə, həm də əməkhaqqına olan borcunu “bağlaya” biliblər.

Sözsüz ki, borcu bağlanan bələdiyyənin bank hesabı dərhal açılmışdır. Bank hesabının açılması isə öz növbəsində bələdiyyənin rəsmi fəaliyyətinə sanki yaşıl işığın yandırılması kimi başa düşülməlidir. Bu borclar isə məhz sədrlərin və kollektivin birgə fəaliyyəti sayəsində silinib. Biləcəri, Xocasən və Əhmədli bələdiyyəsində yaranmış vəziyyətlə bağlı müvafiq qurumlarda öz sözlərini desələr yaxşı olardı.

Ancaq  unutmayaq ki, borcu azaltmaq üçün dəridən qabıqdan çıxan bələdiyyə sədrlərimizdə az deyil. Bu barədə növbəti yazıda.

Bir daha Biləcərinin, Xocasənin və Əhmədli bələdiyyəsinin sədrlərinin diqqətinə çatdırmağı özümə borc bilirəm deyəm ki, bələdiyyənin borcunun silinməsi Sizin sədr olaraq bilavasitə vəzifə borcunuz olmasını unutmayın.

Vüqar Tofiqli

ŞƏRHLƏR