"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

44 günlük zəfər tarixi

--2021-11-10 / 13:12

Ermənilər dənizdən-dənizə “Böyük Ermənistan” xəyalını həyata keçirmək üçün XX əsrin 80-ci illərinin sonlarından başlayaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə əsassız ərazi iddiaları irəli sürməsi Dağlıq Qarabağ münaqişəsinin əsası qoyulmuş oldu. Həmin dövrdə Azərbaycandakı siyasi vəziyyətdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etdi və  mülki əhalinin etnik təmizlənməsi ilə nəticələnən kütləvi qırğınlar törətdi. Bütün bunlarla bağlı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən bir sıra qətnamələr, eyni zamanda 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdi. Bu qətnamələr qəbul edilsə də, heç birinə əməl olunmadı.

Ulu öndər Heydər Əliyevin siyasi məharəti nəticəsində 1994-cü il mayın 12-də cəbhədə atəşkəsə nail olundu. Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradıldı. Atəşkəs sazişi qüvvədə olsa da, Ermənistan tərəfi Azərbaycana qarşı təxribatlarını davam etdirdi və uzun illər davam edən danışıqlar prosesi də Ermənistanın destruktiv mövqeyinə görə nəticə vermədi.

44 günlük şanlı qələbəyə gedən Zəfər yolu isə şübhəsiz ki 4 günlük Aprel döyüşləri və 2020-ci il Tovuz döyüşləri ilə başladı. 2016-cı ilin aprelin əvvəlində Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi və hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı, yüzlərlə evlər dağıdıldı.Azərbaycan öz vətəndaşlarını müdafiə etmək üçün əks-hücum əməliyyatına başladı. 

Dörd günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" yüksəkliyində nəzarəti ələ keçirdilər. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını da təmin etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüş keçirən zaman da qeyd etmişdir ki: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır”.

Aprel döyüşlərindəki məğlubiyyətlə barışmayan düşmən daha bir təxribata əl atdı. Belə ki, 2020-ci ilin iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu. Azərbaycan silahlı qüvvələrinin əks həmləsi nəticəsində Tovuz döyüşləri başladı və bu döyüş də Azərbaycan Respublikasının tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Tovuzda baş verən hadisələri Ermənistanın növbəti təxribatı adlandırdı və Azərbaycanın ərazi bütövlüyünü qoruyacağını qətiyyətlə ifadə etdi.

Tovuz döyüşləri zamanı bölgədəki hərbi qüvvələr dərhal bu təcavüzün qarşısının alınmasına səfərbər olundular, xüsusilə pilotsuz uçan təyyarələr Ermənistanın sərhəd boyunda olan hərbi obyektlərini darmadağın etdi, düşmən ağır itki verərək geri çəkilməyə məcbur edildi.

Beləliklə, qələbə ilə yekunlaşan 5 günlük Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasının addım səsi oldu.

Tovuz döyüşlərindən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi “Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq” bəyanatı isə göstəririrdi ki, qəhrəman ordumuzun torpaqlarımızı işğaldan azad edəcəyi gün çox da uzaqda deyil. 

Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusu 44 gün davam edən əks-hücum əməliyyatına başladı. Cənab Ali Baş Komandanın “Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik” sözləri, Qarabağ Azərbaycandır! şüarı 44 günlük müharibənin rəmzinə çevrildi.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsinin gedişində həlledici hadisəyə çevrildi. Şuşa şəhərinin azad edilməsi ilə müharibənin gedişində çox böyük strateji üstünlük əldə edildi, Ermənistanın hərbi-siyasi rəhbərliyi noyabr ayının 10-da kapitulyasiya sənədini imzalamalı oldu. Ermənistan Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edildi. Beləliklə, xalqımızın 30 illik torpaq həsrətinə son qoydu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi.

Müharibə başlanan andan Ədliyyə Nazirliyi də xalqımız və ordumuzla həmrəylik nümayiş edirmişdir. Belə ki, Ədliyyə Nazirliyi tərəfindən Ermənistanın ölkəmizə qarşı müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə dolğun və hərtərəfli çatdırılması istiqamətində məqsədyönlü işlər həyata keçirilmiş, Azərbaycan həqiqətlərinin təbliği və geniş yayılması məqsədilə "Qarabağ Azərbaycandır!" elektron məlumat platforması yaradılmışdır.

Ədliyyə və məhkəmə işçiləri tərəfindən ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna, YAŞAT və Qarabağ Dirçəliş fondlarına könüllü vəsaitlər köçürülmüşdür.

44 gün davam edən Vətən Müharibəsində qəhramancasına döyüşərək yaralanan və şəhid olan ədliyyə işçiləri də oldu. Müharibənin ilk günlərindən könüllü cəbhəyə yollanan əməkdaşlardan Ədliyyə Nazirliyi İcra baş idarəsinin məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Ruhin Xəlilov Qubadlı rayonu ətrafında gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək oktyabrın 21-də şəhid olmuşdur. R.Xəlilov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Eyni zamanda, ona nazirlik üzrə əmrlə "Fəxri ədliyyə işçisi" adı verildi. Ədliyyə tarixi muzeyində R.Xəlilovun xatirə guşələri yaradıldı, barəsində xüsusi reportajlar, sənədli filmlər hazırlandı.

Ölkə rəhbərliyi və Nazirliyimiz tərəfindən torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinin, qazilərin qayğılarına həssaslıqla yanaşılması daim diqqətdə saxlanılır, müraciətləri dinlənlənilərək qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlər görülür.

Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındı.

Bu tarixi qələbəni bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə və müzəffər ordumuza minnətdarıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün yaralı hərbçilərimizə şəfa versin.

Şanlı Zəfər tariximizin birinci ildönümü münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Qələbən mübarək, Azərbaycan!

 Taleh Quliyev

Lənkəran Regional Ədliyyə İdarəsinin rəisi, ədliyyə müşaviri

ŞƏRHLƏR