"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

2022-ci ilin yanvar-iyun aylarında Şuşa rayonunun sosial-iqtisadi inkişafı haqqında

--2022-08-02 / 08:43

Ümumi daxili məhsul istehsalı və onun istifadəsi haqqında. 2022-ci ilin yanvar-iyun aylarında Şuşa rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, tikinti-quraşdırma işləri, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət və xidmət) məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən 108,3 faiz artaraq, 7583,3 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 216,4 manat təşkil etmişdir.

Rayonda istehsalın ümumi həcminin artmasının əsas səbəbi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə sənaye müəssisələrinin işlərinin 250 dəfə, kənd təsərrüfatı üzrə 187,9 faiz artmasıdır.

Məhsulun 1449,8 min manatı sənayedə, 2688,4 min manatı kənd təsərrüfatında, 50,0 min manatı tikintidə, 128,4 min manatı nəqliyyat və anbar təsərrüfatı sahələrində, 3266,7 min manatı isə ticarət və xidmət sahələrində olmuşdur.


Demoqrafik vəziyyət haqqında.
Şuşa rayonunun ərazisi 310,0 kvadrat kilometr, əhalisinin sıxlığı isə bir kvadrat kilometrə 113 nəfər təşkil edir.

2022-ci ilin iyulun 1-i vəziyyətinə rayonun əhalisi 35,1 min nəfər olmuşdur ki, onlardan da 25,4 min nəfəri şəhər, 9,7 min nəfəri isə kənd əhalisidir.

İqtisadiyyatda muzdla çalışan işçilər və əməkhaqqı barədə. Şuşa rayonunda 01 iyul 2022-ci il tarixinə 15 və yuxarı yaşda olan əmək qabiliyyətli əhalinin 74,4 faizini iqtisadi fəal əhali təşkil etmişdir. İqtisadi fəal əhalinin tərkibində məşğul olanların xüsusi çəkisi 93,4 faiz olmuşdur.

2022-ci ilin yanvar-iyun aylarında rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 691,9 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövründə isə orta aylıq nominal əməkhaqqı 531,0 manat təşkil etmişdir. Orta aylıq nominal əməkhaqqı ötən ilin altı ayı ilə müqayisədə 30,3 faiz artmışdır.

 

Yeni iş yerləri haqqında. 2022-ci ilin yanvar-iyun aylarında rayonda 21 vahid yeni iş yeri açılmışdır ki, onlardan hamısı daimi yeni iş yeri olmuşdur. Açılan yeni iş yerlərindən 3-ü mövcud müəssisə və təşkilatlarında, 18-i isə yeni yaradılmış hüquqi şəxslərin payına düşür.

Sənaye müəssisələrinin fəaliyyəti haqqında. Rayon üzrə sənaye təşkilatlarının 2022-ci ilin yanvar-iyun aylarında malların istehsalı və xidmətlərin göstərilməsi işlərinin dəyəri 1449,8 min manat olmuşdur. Bundan 7,0 min manatı emal sənayesi istehsalı, 1442,8 min manatı isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı sahəsinə aiddir.

Ötən ilin müvafiq dövründə yerinə yetirilmiş işlərinin dəyəri 5,8 min manat olmuşdur. Baxılan dövrdə yerinə yetirilmiş podrat işlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 250 dəfə çox olmuşdur.  

Sənaye təşkilatlarında ilin əvvəlindən 108 nəfər çalışmışdır. Onlara 752,3 min manat əməkhaqqı fondu hesablanmışdır. Bir işçiyə düşən orta aylıq əməkhaqqı 1157,3 manat olmuşdur.

  

Tikinti təşkilatlarının fəaliyyəti haqqında. Rayon üzrə tikinti təşkilatlarının 2022-ci ilin yanvar-iyun aylarında öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin dəyəri 50,0 min manat olmuşdur və hamısı cari təmir işi üzrə olmuşdur.

Ötən ilin müvafiq dövründə yerinə yetirilmiş podrat işlərinin dəyəri 44,0 min manat olmuşdur. Hesabat dövrdə yerinə yetirilmiş podrat işlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz artmışdır.  

Tikinti təşkilatlarında ilin əvvəlindən 2 nəfər çalışmışdır. Onlara 2,1 min manat əməkhaqqı fondu hesablanmışdır. Bir işçiyə düşən orta aylıq əməkhaqqı 172,8 manat olmuşdur. Ötən ilin müvafiq dövründə isə tikinti təşkilatlarında 9 nəfər çalışmış, onlara 33,0 min manat əməkhaqqı fondu hesablanmışdır. Bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 600,0 manat olmuşdur. Hesabat dövrdə bir işçiyə düşən orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 28,8 faiz olmuşdur.                                        

            

Kənd təsərrüfatı işlərinin gedişi haqqında. Şuşa rayon əhalisi məcburi köçkün olaraq respublikamızın müxtəlif rayon və şəhərlərində məskunlaşmış və həmin ərazilərdə bu və ya digər formada torpaqdan istifadə etməklə müxtəlif növ kənd təsərrüfatı bitkilərinin əkinini aparmışlar.

Şuşa rayonu üzrə 2022-ci ilin kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir. Məlum olmuşdur ki, Şuşa rayonu üzrə 2022-ci ilin məhsulu üçün 01 yanvar 2022-ci il vəziyyətinə 2302,5 hektar sahədə şumlama işi aparılmış, ondan 684,8 hektarında buğda, 1337,2 hektarında arpa, 77,8 hektarında isə yaşıl yem üçün xəsil əkilmişdir. Məhsul yığımı üçün yaz əkininin sonunadək salamat qalan sahə 684,8 hektar buğda sahəsi və 1337,2 hektar arpa sahəsi olmuşdur.

2022-ci ilin məhsulu üçün rayon üzrə yazlıq əkin də aparılmışdır. Yazlıq əkindən 10,0 hektar sahədə buğda, 6,0 hektar sahədə qarğıdalı, 101,5 hektar sahədə tərəvəz, 2,0 hektar sahədə kartof, 10,5 hektar sahədə isə yazlıq yonca və 51,0 hektar sahədə ərzaq üçün bostan bitkiləri (44,5 hektar yemiş, 6,5 hektar qarpız) əkilmişdir.

Beləliklə, 2022-ci ilin məhsulu üçün 2413,2 hektar əkin sahəsi vardır. Bunun 2099,8 hektarı payızlıq, 181,0 hektarı yazlıq və 132,4 hektarı isə keçən illərdən qalmış yonca sahəsidir. Bundan başqa rayonumuzda 12,5 hektar bağ sahəsi vardır.

2021-ci ildə 1973,6 hektar, bu il isə 2038,0 hektar sahədə dənli və dənli paxlalı bitkilər əkilmişdir ki, bu da keçən ilə nisbətən 64,4 hektar, yəni 3,3% artmışdır.

2021-ci ildə 214,3 hektar, bu il isə 154,5 hektar sahədə kartof, tərəvəz və bostan bitkisi əkilmişdir ki, bu da keçən ilə nisbətən 59,8 hektar, yəni 27.9% azalmışdır.

2021-ci ildə 71,5 hektar, bu il isə 77,8 hektar yaşıl yem, yəni xəsil əkilmişdir ki, bu da keçən ilə nisbətən 6,3 hektar, yəni 8,8 % artmışdır.

2021-ci ildən qalma 132,4 hektar və yeni əkilmiş 10,5 hektar yonca sahəsi olmaqla, cəmi 142,9 hektar yonca sahəsi vardır.

2021-ci ildə 160,4 hektar, bu il isə 142,9 hektar yonca sahəsi vardır ki, bu da keçən ilə nisbətən 17,5 hektar, yəni 10,9 % azalmışdır.

01.07.2022-ci ilin vəziyyətinə heyvandarlıq sahəsində rayon üzrə bütün təsərrüfat kateqoriyalarında 4916 baş iribuynuzlu mal-qara, o cümlədən 2423 baş inək və camış, 36325 baş qoyun və keçi mövcud olmuşdur.

       01 iyul 2022-ci il tarixinə mövcud olan mal-qaranın baş sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 19 baş, o cümlədən inək və camışların sayı 9 baş, qoyun və keçilərin sayı isə 334 baş çox olmuşdur.

Hesabat dövrünə rayon üzrə ət istehsalı 1988,0 sentner (diri çəkidə), süd istehsalı 12425,0 sentner, yumurta istehsalı 628,0 min ədəd, yun istehsalı isə 480,0 sentner olmuşdur. Bu da keçən ilin müvafiq dövrünə nisbətən ət 22,0 sentner, yəni 1,1 faiz çox, süd 33,0 sentner, yəni 0,3 faiz çox, yumurta 5,0 min ədəd, yəni 0,8 faiz çox, yun 105,0 sentner, yəni 28,0 faiz çox olmuşdur.

2022-ci ilin yanvar- iyun aylarında kənd təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 2688,4 min manat, yəni keçən ilin müvafiq dövrünə nisbətən 20,9 faiz çox olmuşdur.

 İnformasiya, rabitə və nəqliyyat sektorunun inkişafı haqqında. Rayon üzrə 2022-ci ilin yanvar-iyun aylarında nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin həcmi 128,4 min manat və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 44,8 faiz az olmuşdur.

 

 Asəf Mikayılov

Şuşa Rayon Statistika İdarəsinin

rəis müavini

ŞƏRHLƏR