"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

2021-ci ilin 9 ayı ərzində Keşlə bələdiyyəsinin gördüyü işlər barədə hesabat

--2021-10-21 / 03:27

Vətən müharibəsində qazandığımız Qələbə nəticəsində Azərbaycan Respublikası dünya dövlətləri arasında böyük nüfuza malik olmuşdur. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz tərəfindən qazanılan bu Qələbə bütün sahələrdə olduğu kimi bələdiyyələrdə də böyük ruh yüksəkliyi yaratmışdır. Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yaralanmış Keşlə qəsəbəsindən olan qazilər, həmçinin şəhid ailələri daim diqqət mərkəzində olmuşdur. Keşlə bələdiyyəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq şəhid ailələri və qazilər ziyarət olunur, onların sosial problemləri öyrənilir və imkan daxilində onlara köməklik göstərilir. Belə ki, 2021-ci ilin yanvar ayında Keşlə qəsəbəsində yaşayan 3 nəfər qaziyə, hər birinə 200 manat, bir əsgər ailəsinə 100 manat, iki nəfər imkansız sakinə hər birinə 70 manat, ümumilikdə 840 manat; fevral ayında Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən 3-cü qrup əlilə, 4 uşağı olan aztəminatlı ailəyə, hər birinə 100 manat, ümumilikdə 200 manat; mart ayında Vətən uğrunda gedən döyüşlərdə iştirak edən əsgər ailəsinə, aztəminatlı ailəyə hər birinə 100 manat, ümumilikdə 200 manat; aprel ayında fiziki qüsurlu qəsəbə sakininə 60 manat; may ayında 5 nəfər aztəminatlı ailəyə ümumilikdə 720 manat, Vətən müharibəsində yaralanmış qazinin ailəsinə 150 manat, cəmi 870 manat; iyun ayında 2-ci qrup əlil olan qəsəbə sakininə 80 manat, avqust ayında 1 nəfərə 150 manat, 1 nəfərə 60 manat, ümumilikdə 2021-ci ilin 9 ayı ərzində 2460 manat maddi yardım verilmişdir.           Keşlə qəsəbəsindən olan 22 nəfər qaziyə Ramazan bayramı münasibətilə hər birinə ərzaq yardımı göstərilməsi məqsədilə bələdiyyə büdcəsindən 1200 manat məbləğində vəsait ayrılmışdır.     Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında şəhidlərin xatirəsi yad edilmiş, orada abadlıq işlərinin aparılması, işıq dirəklərinin yenilənməsi üçün bələdiyyə büdcəsindən 368 manat məbləğində vəsait xərclənmişdir.                                                                                       Qəsəbədəki 1941-1945 parkının saxlanmasına (bağban və süpürgəçinin xidmət haqqı), ora lazım olan təsərrüfat mallarının alınmasına ümumilikdə 8170 manat xərclənmişdir. Eyni zamanda həmin parkda abalıq işləri aparılmış, 34 ədəd skamya təmir edilmiş və rənglənmiş, 1941-1945 abidəsinin ətrafınra qopmuş mərmər daşlar yenidən bərpa edilmiş və bu məqsədlə bələdiyyə büdcəsindən 702 manat məbləğində vəsait ayrılmışdır.                                                       Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması istiqamətində Keşlə bələdiyyəsinin əməkdaşları tərəfindən əhali arasında geniş maarifləndirmə işləri aparılmış, 32 saylı Birləşmiş Şəhər Xəstəxanası ilə mütəmadi əlaqə saxlanılmış, vətəndaşıarın sağlamlıqlarının qorunması məqsədilə vaksinasiya olunmaları üçün onların qeydiyyatdan keçmələri təmin edilmişdir.                                                                                         01.01.2021-ci ilə olan qalıq 17869 manat olmuşdur. 2021-ci ilin 9 ayı ərzində bələdiyyənin mədaxili (əmlak və torpaq vergisi, icarə haqqı, dotasiya) 144528 manat olmuşdur. Bələdiyyənin xərcləri: əməkhaqqı, KİV-nə abunə, təsərrüfat və rabitə xərcləri, dəftərxana ləvazimatlarının alınması, inzibati binanın saxlanması, kommunal ödənişlər, bələdiyyə daxili və bələdiyyədən kənar lazım olan bəzi təmir işlərinin aparılması, abadlıq işləri, küçələrin təmir-bərpa işləri və digər xərclər ümumilikdə 139806 manat təşkil edir. 01.10.2021-ci ilə olan qalıq 22605 manatdır.  Bundan başqa tərəfimizdən qəsəbədəki Şəhidlər Xiyabanında təhlükəli vəziyyətdə olan 4 ədəd sərv ağacının, Əzimzadə küçəsindəki parkdakı 1 ədəd safora ağacının, müxtəlif ünvanlarda yaşayan Keşlə qəsəbə sakinlərinin evləri üçün təhlükə yaradan, qəzalı vəziyyətdə olan ağacların kəsilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət rəyi alındıqdan sonra bələdiyyə iclasında müzakirə edilərək müvafiq qərar qəbul edilmiş və qərar icra olunması üçün tərəfimizdən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciətlər edilmişdir.

2021-ci ilin 9 ayı ərzində bələdiyyəyə 350 ərizə və 112 məktub daxil olmuş, tərəfimizdən müxtəlif təşkilatlara 179 məktub göndərilmiş, 90 nəfərə arayış verilmişdir. Bütün ərizə və məktublara operativ müsbət cavab verilmişdir. 91 əsgərin məzuniyyət biletinə müvafiq qeydlər edilmişdir.                                       Keşlə bələdiyyəsi bundan sonra da öz işini günün tələbləri səviyyəsində qurmağa çalışacaq və qəsəbəmizin daha da abadlaşdırılması üçün imkan daxilində əlimizdən gələni əsirgəməyəcək.                                                                                                        

 Nizami rayonu Keşlə bələdiyyəsi 

ŞƏRHLƏR