"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“20 Yanvar” Faciəsi: Azərbaycan xalqını azadlıq və dövlət müstəqilliyinə aparan yol

--2022-01-20 / 11:06

Azərbaycan dövləti və xalqı qədimdən günümüzə kimi həmişə azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmışdır. Lakin XX əsrin əvvəllərində azərbaycanlıların ermənilər və onları dəstəkləyən regional və beynəlxalq güclərin dəstəyi ilə Azərbaycan xalqına qarşı irqi, dini ayrı-seçkilik siyasəti etmiş, torpaqlarımız işğal edilmiş, Azərbaycan xalqı tarixi Azərbaycan torpaqlarından köçürülmüş, türk-müsəlman xalqlarına qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirilmişdir. Belə qanlı faciələrdən biri də - Azərbaycan xalqının tarixinə düşmüş “20 Yanvar” faciəsidir. Bu faciə Azərbaycan tarixində xalq tərəfindən “Qanlı Yanvar”, “Qara Yanvar” adlandırılır. 1985-ci ildə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun Dağlıq Qarabağ Muxtar Vilayətini müxtəlif vasitələrlə Azərbaycan SSR-nin (1920-1990) nəzarətindən çıxarmaq və Ermənistan SSR tərkibinə qatmaq, Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevə qarşı böhtan kampaniyasına başlamaqla onu xalqın gözündən salmaq siyasəti, SSRİ-nin Azərbaycan xalqına qarşı ayrı-seçkilik siyasəti, azərbaycanlıların tarixi torpaqları olan İrəvandan köçürülməsi, Azərbaycan xalqının milli azadlığını boğmaq, Sumqayıt hadisələri, Dağlıq Qarabağdakı hadisələr, 1988-ci ildə milli-azadlıq hərəkatının başlanmasına güclü təkan verdi. Bununla da Azərbaycan xalqı öz azadlğını və istiqlaliyyətini SSRİ-dən ayrılaraq müstəqil Azərbaycan Respublikası qurmaqda görürdü.

Milli ədavətin ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldu. 1988-ci ilin yanvarında Qafan və Mehridən ilk qaçqınlar Azərbaycana pənah gətirdi. 1988-ci il fevralın 19-da İrəvanda "Ermənistan türklərdən təmiz­­­lənməli!", "Ermənistanda yalnız ermənilər yaşamalıdır" kimi mənfur şüarlarla mitinqlər keçirilirdi. Elə həmin gün Bakıda da antierməni ruhlu kütləvi mitinq təşkil olundu. 1988-1989-cu illərdə Ermənistan ərazisində azərbaycanlılara qarşı son etnik təmizləmə həyata keçirildi. Beləliklə, Ermə­nistandakı 185 Azərbaycan kəndindən 230 min azərbaycanlı qovuldu. Depor­tasiya zamanı 255 nəfər öldürüldü, 1200 adam yaralandı, 31 min ev, 165 kolxoz və sovxozun əmlakı talan edildi. Bu olaylara Moskva göz yumur, M.Qorbaçov məkrli bəyanatlar verir, Azərbaycanın o zamankı rəhbərləri isə səriştəsiz mövqe nümayiş etdirirdilər.
1989-cu ilin sonu, 1990-cı ilin yanvarında Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli kəskinləşdi, qarşıdurma dərinləşdi, mövcud iqtidarın hadisələrə nəzarəti son dərəcədə zəiflədi. Ermənilərin əldə “tezis” etdikləri 1915-ci il “soyqırım” məsələsi ən adi – Qisas hissi idi... Və bu yalan “soyqırım” nağılı da məhz Azərbaycan türklərinə qarşı kinlə bəslənmişdi.
1990-cı ilin yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər Nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Bakının Qala və Nasosnu (indiki Z.Tağıyev qəsəbəsi) aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana göndərilən SSRİ ordu hissələrinin tərkibinə Stavropol, Rostov və Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 15 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin sədri M.Qorbaçov DQMV-də və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamış, həmin fərmanın 7-ci bəndində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə Bakı və Gəncə şəhərində və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görmək təklif edilmişdi. 1990-cı il yanvarın 18-də paytaxt Bakıda və Azərbaycanın digər on bir başqa rayonunda keçirilən izdihamlı mitinqlərdə ümumi tətilin başlandığı elan olundu. Bu tətillərdə tələb edilirdi ki, qonşu respublika, yəni Ermənis­tan öz ərazi iddialarına son qoysun və Bakı ətrafında cəmləşən qoşunlar Dağlıq Qarabağa, Ermənistanla sərhədyanı rayonlara göndərilsin. Xəbərdar­lıq edilirdi ki, qadağan saatının qoyulması ağır nəticələr verə bilər. Mitinq­çilər keçmiş Azərbaycan KP MK-nın binasını mühasirəyə almışdılar.
SSRİ Ali Sovetinin Rəyasət Heyəti yuxarıda qeyd olunan fərmanın ziddinə olaraq 1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Sovetinin hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən yanvarın 19-dan 20-nə keçən gecədən etibarən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərmanı imzalamaqla keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçov İttifaq Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozmuşdu.
Yanvarın 19-da SSRİ DTK-nın “Alfa” qrupu və respublika DTK-nın rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Həmin gecə Bakıda 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən, Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi. Yanvar hadisələri zamanı Bakıya yeridilən hərbi qruplaşmanın tərkibinə 76, 104, 106-cı qvardiya hava-desant diviziyalarının üç polku, 295-ci motoatıcı diviziya, xüsusi təyinatlı 22-ci briqada, Qara dəniz donanması dəniz piyadalarının 882-ci batalyonu, DTK-nın 7-ci idarəsinin xüsusi təyinatlı “Alfa” qrupu və s. hərbi hissələr daxil idi.
Fövqəladə vəziyyətin yanvarın 19-dan 20-nə keçən gecə tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıl­dı. Halbuki, SSRİ adlı dövlətin rəhbəri Mixail Qorbaçovun 15 müttəfiq respublikadan biri olan Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunma­yacaqdır.
Qanlı Yanvar faciəsində sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən, təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu. 
20 yanvar faciəsindən sonrakı günlərdə Dəfn mərasimi və daha sonra 23 yanvarda Azadlıq meydanında böyük mitinq olmuşdu. Mitinqdə Salyan kazarmasında Sovet ordusuna qarşı vuruşanların sayı barədə məlumat verilmişdi: 274 azərbaycanlı, 64 gürcü, 52 çeçen, 27 ləzgi, 30 özbək, 5 rus.
"Qara Yanvar" faciəsinin indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb.
Buradaca bir önəmli məsələyə diqqət yönəldək. Belə ki, 20 yanvar faciəsinə də ilk etirazı Heydər Əliyev bildirmişdi. Belə ağır, çətin günlərdə dünyanın susduğu bir zamanda bu sükutu da ilk pozan Ulu öndər Heydər Əliyevin haqq, ədalət tələb edən möhtəşəm və cəsarətli səsi oldu. Heydər Əliyev hadisənin səhəri günü Moskvada Azərbaycanın daimi nümayəndə­liyinə gəlib. Qeyd edək ki, həmin ərəfədə prezident İlham Əliyev də onunla bir yerdə mətbuat konfransında iştirak etmişdi. Ulu öndər bu mətbuat kon­fransında həm Azərbaycan xalqına başsağlığı vermiş, həm də bütün dünyaya bu faciə haqqında bəyanat vermişdi. Elə həmin gündə Hedər Əliyev Azərbaycan xalqına başsağlığı teleqramı göndərdi.
Bu sırada The Guardian qəzeti, 22 yanvar 1990-cı ildə yazırdı: Yanva­rın 20-də və 21-də təşkil edilən yürüşlər, 22-də keçirilən kütləvi dəfn məra­si­mi hər cür mitinqləri qadağan edən fövqəladə vəziyyətə qarşı açıqdan-açığa meydan oxumaqdır. Şəhidlər xiyabanında keçirilən dəfn mərasimi “Moskva” mehmanxanasının yuxarı mərtəbələrində yerləşdirilmiş xüsusi nəzarətçilər və snayperlər tərəfindən diqqətlə izlənilirdi. Bütün sərt maneə­lərə və təhlükəli nəzarətə baxmayaraq, qeyrətli insanlar şəhidlərin xatirəsinə layiq dəfn mərasiminin keçirilməsinə nail oldular.
Neftçala 25 yanvar 1990-cı il Faciəsi
Dinc əhaliyə divan tutmaq üçün Bakıya yeridilmiş qoşun hissələri bir neçə gün sonra cənub istiqamətinə - Neftçala, Cəlilabad və Lənkərana doğru səmt götürdü. Yanvarın 25-i və 26-da sovet qoşunları həmin bölgələrdə yerli əhali ilə müxtəlif bəhanələr altında qarşıdurmalara gedir, günahsız insanları həbs edir və güllələyirdilər. Hadisə Yanvarın 25-i saat 18:32 radələrində başladı. Hadisələr baş verənə qədər Neftçalada Milli Azadlıq Hərəkatı fəalları hərbçilərin hər hansı qırğın ehtimalını, qarşıdurma yaratmasını önləmək üçün danışıqlar aparırdı. Lakin, Neftçalada təxribat planını həyata keçirən sovet hərbçiləri etiraz dalğasının önündə gedənləri danışıqlar aparmaq adı altında Qarabağı Müdafiə Komitəsinin binasına toplayaraq hədə-qorxu gəlməyə, hansısa silahları təhvil verməyi tələb etməyə başlamışdılar. Adamlar binanın içərisinə toplandıqdan sonra çöldə partlayış səsləri eşidilməyə başladı. Binadan çölə qaçanlar da atəşə tutuldular. Ələ keçən fəallar qolları bağlı vəziyyətdə Bankə qəsəbəsinə aparıldı. Onlara olmazın işgəncələr verildi. Xıllı qəsəbəsində isə tank və PDM-ləri şübhələndikləri adamların qapısına sürür, həyətlərdəki ot tayalarını yandırırdılar. Neftçalada 25 yanvar 1990-cı il hadisəsi zamanı 2 nəfər şəhid olmuş, 10 nəfər yaralanmış, bütövlükdə isə 30 nəfər zərər görmüşdür.
26 yanvar 1990-cı il Lənkəran Faciəsi
Qanlı yanvar günlərində Azərbaycan xalqının azadlığı uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalanlardan 11-i Lənkəranlı olmuşdur. Onlardan 5-i yanvarın 19-dan 20-nə keçən gecə Bakı küçələrində sovet ordusunun silahlı təcavüzünün qurbanlarından olublar. Yanvarın 26-da isə 6 nəfər rus desantçıları tərəfindən Lənkəranın Haftoni meşəliyində vəhşicəsinə qətlə yetiriliblər, 11 nəfər yaralandı, 46 nəfər isə həbs olundu.
Azərbaycan Dövlətinin “20 Yanvar” Faciəsi ilə bağlı verdiyi Sərəncam, Qərar və Fərmanları
Azərbaycan Respublukasında hər il 20 Yanvar günü rəsmi matəm günü kimi qeyd olunur və qeyri-iş günüdür. Həmin gün Azərbaycan xalqı bütün şəhər və rayonlarından Bakıya gələrək xalqının azadlılığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərini ziyarət edirlər. Azərbaycanda 1990-cı ilin Qanlı Yanvar hadisəsindən sonar qərənfil matəm gülü kimi tanınır. 20 Yanvar faciəsi ilə əlaqədar olaraq, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Azərbaycan Parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarı, 1998-ci il avqustun 5-də Bakı şəhərindəki Şəhidlər Xiyabanında (Şəhidlər Xiyabanı -Bakı şəhərində əsasən Qara Yanvar və Qarabağ müharibəsi şəhidlərinin dəfn olunduğu kütləvi məzarlıq. Şəhidlər Xiyabanı müxtəlif dövrlər ərzində Çəmbərəkənd qəbiristanlığı, Dağüstü Park və Kirov Parkı kimi fəaliyyət göstərmişdir) "Əbədi məşəl" abidə kompleksinin ucaldılması barədə Sərəncamı 20 Yanvar faciəsinə öz siyasi-hüquqi qiymətini verdi. Şəhidlər Xiyabanı ərazisində yer almış bu abidə 8 guşəli ulduz üzərində dayanan qızılı rəngdə şüşə günbəzdən tac qoyulmuş sərdabədən (türbədən) ibarətdir. Sərdabənin divarlarını bəzəyən zərif şəbəkə monumental tikiliyə müəyyən xəfifliyi, hava kimi şəffaflığı bağışlayır. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən "Əbədi məşəl" abidəsinin sütunları hündürləşdirilib, abidədəki səkkizguşəli ulduz, səkkizguşəli güzgünün məsamələri qızılla işlənmişdir. 2010-cu ildə Bakının Yasamal rayonununda "20 Yanvar abidə-kompleksi"-nin açılışı olub. Kompleksin üzərində faciə zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunub. Yalnız Bakı, Neftçala və Lənkəranda deyil, Azərbaycanın bütün şəhər və rayonlarında həm 20 Yanvar, həm Xocalı, həm də Qarabağ müharibəsi şəhidlərinə aid Şəhidlər Xiyabanı vardır.
Bu dəhşətli hərbi əməliyyatı 70 illik imperiya əsarətindən qurtulmaq üçün ayağa qalxmış Azərbaycan xalqının coşqun mübarizə əzminin impe­riyanın qəlbində yaratdığı qorxu xofun nəticəsi kimi də izah etmək olar. Ordunun şəhərə hücumu zamanı günahsız insanların vəhşicəsinə güllələn­məsi, tankların adamları öz tırtılları altında əzib keçməsi, qışın soyuq, şaxtalı gecəsində tonqallar ətrafında qızınan dinc azərbaycanlıların üzərinə hücuma keçərək cəsədlərini tanınmaz hala salması bütün dünya ictimaiyyəti tərəfindən nifrət və qəzəblə qarşılanıb pislənməlidir.
Allah şəhidlərə rəhmət eləsin. Amin!

Habil Qurbanov
AMEA Azad Həmkarlar İttifaqının
sədri, h.ü.e.d., professor

 

ŞƏRHLƏR