"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

15 İyun- Milli Qurtuluş Günüdür

--2022-06-14 / 07:21

15 iyun xalqımızın tarixinə qurtuluş günü kimi daxil olmuşdur. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan Ümummilli Lider Heydər Əliyevdir.

1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi təhlükəsi olduğundan ölkəmiz müstəqilliyini itirməklə qarşı-qarşıya qaldı. Bu zaman ölkənin güclü bir liderə ehtiyacı yarandı. Böyük çaşqınlıqlar içərisində qalan xalq hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər.

Beləliklə, Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qaydışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoydu, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin aradan qaldırılmasına nail olundu. Ümummilli liderin adı ilə bağlı olan Milli  Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.

Beləliklə, ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən, qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı. Bu baxımdan 15 İyun -Milli Qurtuluş Günü, sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Heydər Əliyev idi.

İyunun 15-dən sonra Azərbaycanda ulu öndərin xilaskarlıq missiyası uğurla reallaşmağa başladı. Beləliklə, xalqımız özünün əsl müstəqilliyinə və dövlətçiliyinə 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qovuşdu. O günlərdən 29 il ötür. Aradan keçən bu illər təkcə sözügedən qayıdışa bəslənən ümidlərin özünü doğrultması ilə yadda qalmadı, həm də Azərbaycanın bugünkü inkişafının etibarlı bünövrəsi qoyuldu. Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirdi.

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində böyük iqtisadi uğurlara imza atılıb.

Heydər Əliyevin müstəqil və ərazi bütövlüyünü tam görmək istədiyi Azərbaycan bü gün azaddır.Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən müharibəsində müzəffər Silahlı Qüvvələrimiz tərəfindən parlaq qələbə əldə edildi, ata vəsiyətini yerinə yetirildi.

Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş ulu öndərin həyat və fəaliyyəti bizim üçün örnəkdir, güc mənbəyidir. Bugünkü Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur.

Xalqımız xoşbəxtdir ki, ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanırıq ki, dövlətimiz milli öndərimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən ləyaqətli davamçısı cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini və suverenliyini daha da möhkəmləndirəcəkdir.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına daim sadiq qalan ədliyyə işçiləri dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və ölkəmizin hərtərəfli inkişafı naminə bundan sonra da dövlət başçısının layiqli yardımçısı olmaq üçün əllərindən gələni əsirgəməyəcəkdir.

 

 Taleh Quliyev

Lənkəran Regional Ədliyyə İdarəsinin rəisi ədliyyə müşaviri

ŞƏRHLƏR