"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

15 İyun–Azərbaycan xalqının Milli Qurtuluş Günü hər bir azərbaycanlıya iftixar hissləri bəxş edən bir gündür

--2022-06-14 / 15:49

1993-cü ilin 15 İyununda dünya şöhrətli siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdışı Azərbaycanın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişdi. Ulu öndərimiz özünün siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə o zaman respublikadakı xaos və anarxiyanın, vətəndaş qarşıdurması təhlükəsinin, getdikcə dərinləşən sosial-iqtisadi böhranın, kəskin tənəzzülün qarşısının alınmasını, dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə güclənməsini, sarsılmazlığını təmin etdi. Xalqımız Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək, Milli Qurtuluşun açdığı yolla öz böyük gələcəyinə - dövlətin, ölkənin böyük perspektivlərinə doğru səfərbər oldu.

Milli iqtisadiyyat dirçəldildi, sosial sahədə gerilik və ətalət aradan qalxdı. Respublikada planlı təsərrüfatdan bazar iqtisadiyyatına uğurlu keçid prosesi təmin olunmaqla, köklü iqtisadi islahatlar şəraitində əhalinin sosial müdafiəsinin gücləndirilməsi Ulu öndərimiz Heydər Əliyevin fəaliyyətində aparıcı istiqamət olmuşdur. Onun rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial müdafiə sahəsində də konkret və məqsədyönlü addımların atılması, sosial siyasət kursunun etibarlı əsası formalaşması təmin edildi.

Ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan 2003-cü ildən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolunda mühüm tarixi nailiyyətlərə, parlaq qələbələrə imza atıb və ötən dövr Azərbaycanın yeni və şərəfli bir inkişaf mərhələsidir.

Cənubi Qafqazın  güc mərkəzinə çevrilən, əhali sayı sabit şəkildə artaraq 10 milyonu ötən Azərbaycan bu gün sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanıdır. Daim artan dayanıqlı iqtisadiyyatı, qüdrətli orduya, güclü sosial siyasətə malik olması ilə seçilən ölkəmiz möhtəşəm qlobal layihələri uğurla reallaşdıran, tolerant dəyərlərin daşıyıcısı, multikulturalizm nümunəsi olan, bütün əməkdaşlıq formatlarında etibarlı tərəfdaş kimi  tanınan bir ölkə kimi dünya birliyində nüfuzlu mövqeyə sahibdir.

Prezident cənab İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması ölkəmizdə iqtisadi inkişafın nəticələrinin, qazanılan iqtisadi dividentlərin ilk növbədə əhalinin rifah halının yüksəldilməsinə yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə real ifadəsini tapıb. Ötən dövrdə əmək haqlarının, pensiyaların, həssas qruplara yönələn sosial ödənişlərin dəfələrlə artırılması təmin olunub və bu gün də bu proseslər uğura davam etdirlir.

Təbii ki, müstəqillik dövründə Azərbaycanın əldə etdiyi böyük tarixi uğurlar, ölkəmizi firavan gələcəyə doğru aparan yol məhz Milli Qurtuluş Günündən başlanır. Ona görə də Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

 Aqil Salmanov

 Lənkəran Regional Ədliyyəİdarəsinin aparıcı məsləhətçisi,                                     I dərəcəli ədliyyə qulluqçusu

 

ŞƏRHLƏR