"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə üzvü olan əsilzadə xanım

--2017-07-31 / 11:48

Həmsöhbətim tanınmış simadır.  Uzun illər təhsil sahəsində çalışıb.  SSRİ və Azərbaycan Ali Sovetinin deputatı kimi fəal olub, digərlərindən seçilib.  24 il məktəb direktoru kimi xalqının xidmətində dayanıb. Azərbaycanın Əməkdar müəllimidir.

Hazırda isə  bələdiyyə üzvüdür.  Komissiya sədri  kimi ciddi layihələrin icrasında onun da  xidmətləri vardır. Bu gün həmdə  prezident təqaüdçüsüdür...

Beləliklə, həmsöhbətimi  təqdim edirəm - Aliyə Mehdi qızı Təhmasib.   

***

Söhbətə başlamamışdan öncə görüşü təşkil etdiyinə görə Səbail Bələdiyyəsinin sədri, şəxsiyyətinə daim hörmət etdiyim  Firdövsi Cəbrayılova  və  2001-ci ildən tanıdığım bələdiyyə üzvü Mehriban Paşayevaya dərin təşəkkürümü bildirirəm.  Maraqlı söhbət məhz bu şəxslərin  təşəbbüsü və iştirakıyla alındı.

***

Bu gün bələdiyyə sistemində olan 15.035 nəfər üzvün arasında kifayət qədər tanınmış insan var. Onlardan biri də Aliyə Təhmasibdir. Bu gün yaşının ən müdrik dövrünü yaşayan Aliyə xanımla söhbətə maraqlı  bir məqamla başlayıram. Aliyə Təhmasib  13 mart 1947-ci ildə Bakıda, İçərişəhərdə anadan olub.

İlk sualımda məhz 13 rəqəmiylə bağlı olur.

- 13 rəqəmi mənə düşərli olub. Əldə etdiyim nailiyyətlərin böyük bir qismini məhz bu gündə qazanmışam.  Xöşbəxt günlərim həmişə bu günə düşüb. 13-ə hamı nəhs rəqəm deyir. Amma mən bu rəqəmdən qorxmamışam. Ad günlərimi də elə bu gün keçirmişəm, günü dəyişməyə belə lüzum görməmişəm...

Görüşümüzün  sonunda baş vermiş hadisəni bir qədər əvvələ keçirib oxucularıma da danışmaq istərdim. Belə ki, Aliyə xanımın özüylə gətirdyi 40-a yaxın şəkildən özünün seçdiyi şəklləri mənə verməsini xahiş etdim.  Seçdi.  Götür-qoy etdi.  Hətta sədr Firdövsi müəllimin də dolayısıyla  zəmanətini aldı.

Çünki ilk dəfə gördüyü insana belə qiymətli şəkilləri etibar etməkdə tərəddüd edirdi.

Sonra surətini çıxarmaq üçün mənə təqdim etdi. Mən isə belə həssas xanıma şəkilləri sayaraq götürəcəyimi bildirdim.  Qəribə bir mənzərə yaranmışdı.  Yekunda, 13 şəkil  oldu.  Bəlkə bu da bir təsadüf idi.  Zəruriətdən doğan təsadüf... 

Həmsöhbətim danışır. Özü də həvəslə. Gözlərinə sanki bir işıq gəlmişdi. Bəlkədə neçə vaxt idi ki, o illərə qayıtmayıbmış.  İşərişəhərdə dünyaya gəlməsindən, erkən yaşlarında  valideynlərini itirməsindən danışır. Yeddinci sinifdə oxuyarkən anasını, doqquzuncu sinifdə isə atasını itirib.  Bu zaman gözlərində bir kədər sezilir.  Amma özünü tox tutur. Bu kədəri hiss etdirmir. Sonra öyrənirəm ki, çox sonralar,  53 yaşında həyat yoldaşını və cavan oğlunu da itirib. Bu hadisələrin isə üstünə gəlmir. Bəlkədə üzərimizə hansısa ağır mənəvi bir yükü qoymaq istəmir. Dərhal nəvəsi Mehdidən söz salır. Onun uğurlarından danışır...

Məktəbi bitirdikdən sonra oxuduğu məktəbə işə qəbul olunur. İlk əməkhaqqının 33 manat olduğunu deyir. Pioner baş dəstə rəhbəri kimi işləyir, universitetin üçüncü kursunda isə artıq dərs deməyə başlayır. Ailədə üç bacı olublar. Valideynlərini itirən zaman digər bacıları ailə həyatı qurublarmış.

On bir il məktəbdə oxuduqdan sonra Ali məktəbin dil-ədəbiyyat fakultəsinə daxil olur. 

-  Niyə məhz dil-ədəbiyyat ixtisası,- deyə sual verirəm.

- Məktəbimizdə dil-ədəbiyyat müəlliməsi var idi. Bilqeyis müəllimə. Professor, folklorşünas-alim Məhəmməd Hüseyn Təhmasibin həyat yoldaşı. O mənə müəllimə  kimi və bir ana kimi göz qoyurdu. Ədəbiyyatı, həm də ailəsini sevdirmişdi. Hamının pərəstiş etdiyi bir xanım idi.  Məhz ona olan sevgimdən məndə dil-ədəbiyyatı seçmişdim.  Hətta məni oğlu Çingizə istədiyi zaman gözüyumulu “hə” deməyimdə də bu pərəstişin rolu var idi...

Baba mülkündən danışır.  Böyük Qala küçəsi 22 saylı ünvanda babasının  ikimərtəbəli mülkü olduğunu deyir. Babası Xosrov bəy Səfərov Bakı bəylərindən olub. İmkanıyla seçilib.  Bu məqamda ilk baxışda hiss etdiyim əsilzadəliyin haradan qaynaqlandığını hiss edirəm.

Məktəb illərindən danışır.  Həm də yeddi yaşından 132 saylı  məktəblə bağlı olmasından və ibtidai sinif müəlliməsi - Nərgiz xanımı necə bir ilahi qüvvə kimi görməsindən...  

Aliyə xanım nitqi ilə adamı sanki ovsunlayır. Bir anlıq özünü 132 saylı məktəbin dəhlizlərində hiss edirsən...

Niyə məhz qiyabi olaraq universitetə qəbul olmasının kökündə isə...

-  Mən valideynlərimi erkən itirdiyimdən 18 yaşına kimi pensiya alırdım. Ancaq yaşım tamam olan kimi bu pulu kəsdilər. Düzdü,  bacılarım kömək edir, hər vasitə ilə mənim ehtiyaclarımı ödəməyə çalışırdılar. Lakin mən özüm pul qazanmaq, əməkhaqqı almaq üçün işə düzəlmək arzusundaydım. Bilqeys müəllimənin köməkliyi ilə 132 saylı  məktəbə işə düzəldim. Arzuma çatmışdım. Hər gün işə gedir və qiyabi Ali təhsil alırdım. Bu həyatımın ən gözəl vaxtlarıydı...

                                                                           ***

Həyatında Ulu öndər  Heydər Əliyevin rolundan danışır.

-1979-cu ilin fevralında Mərkəzi Komitədə Heydər Əliyevin  məni qəbul edəcəyini dedilər. Tam şəkildə hazırlaşmışdım. Zənn edirdim ki, hansı sualları verə bilər. Və düşünmüşdüm ki, otağa göz  gəzdirib fikrimdə saxlayacaq və evdəkilərə danışacağam. Deyilən vaxtda qəbul etdi.

Həyəcanlıydım. Özü də bunu hiss edirdi. Lakin sərbəst danışaraq məndəki həyacanı sanki aradan qaldırmağa çalışdı. O illərdə məni SSRİ Ali Sovetinə deputat kimi namizədliyimi vermişdilər. İndiki Səbail rayonundan. O illərdə rayonun adı 26 Bakı Komissarları adlanırdı.  Görüşdə də məqsəd  bir növ məni hazırlamaq, intellektimə bələd olmaq idi. Tədris  etdiyim fənndən suallar verdi. Tarixdən və digər  fənnlərdən suallar var idi. Ədəbiyyatdan danışanda ardıcıllığı unutduğumdan M.S.Ordubadinin adını çəkməmişdim. Onu Heydər Əliyev o dəqiqə tutdu.

Hiss etdim ki, görüşdən razı qalıb. Bilmirəm nədən idi, otağa göz gəzdirsəm də, kabinet haqqında heç nə yadımda qalmamışdı. Bəlkə də həyəcanda idi...

Deputat seçildikdən sonra  Kremlin Qurultaylar Sarayında görüşəndə soruşardu: -Müəllimə necəsən?  Hansı tədbirdə görürdüsə yaxınlaşıb Azərbaycan nümayəndə heyətinə yaxınlaşar istiqanlıqla   görüşərdü.

Hiss edirdim ki,  Moksvada işləsə də ürəyi Azərbaycanla döyünür. 

***

24 illik  direktorluq fəaliyyətimdə çox hadisələr baş verib. 1990-cı ilin “Qanlı Yanvar” günləri  bu gündə göz önümdən getmir. O illərdə mənim üçün ən yaddaqalan  hadisə yaradıcılıq baxımından məktəbdə “ərəb  dili” təmayüllü sinifin açılmasını hesab edirəm.

***

“Bu gün valideynlərimiz də səbrsizlik nümayiş etdirirlər. Etiraf etməliyəm ki, bəzi müəllimlər də yerində deyillər. Üzərilərində çalışmırlar. Ancaq bütün hallarda gənc nəslin kökündən ayrılmasına imkan verməməliyik. Bu məqama diqqətsizlik göstərsək ikinci bir faciənı yaşaya bilərik”- bu sözləri həmsöhbətim ürəkağrısıyla dedi.

İş elə gətirmişdi ki, oxuduğum məktəbdə daha çox şair və yazıçıların övladları oxuyurdu.

Yadımdadı, mən ikinci sinifdə oxuyanda dahi Səməd Vurğunun qızı Aybəniz, yanılmıramsa, 9-cu sinifdə oxuyurdu. Bir  gün anam rəhmətlik  Səməd Vurğunu göstərib,- bax Aybənizin atasıdır, -dedi. Hamımız şairə ilahi varlıq kmi baxırdıq.

Şərqşünas alim, professor Aidə xanım İmanquliyeva da bizdən   yuxarı  sinifdə oxuyurdu. Hər dəfə atası Nəsir müəllim onu məktəbdən aparanda dəhlizdə biz azyaşlılar Aidə xanımın gözəlliyinə tamaşa edərdik.

Adlarını çəkdiyim xanımlar gözəllikləri ilə yanaşı, həmdə təlim-tərbiyələriylə də seçilirdilər.

***

Bu gün 132 saylı məktəbin düz yaxınlığında yaşayıram.  Mənim üçün məktəb elə mənim qibləgahımdır.

***

Boş vaxtlarında mütaliəyə üstünlük verən Aliyə xanıma Qarabağda, mənim üçün əziz olan Ağdamda olub-olmamasını soruşuram:

- Yanılmıramsa, 1982-ci ildə Natəvan Qızlar Bayramı  keçirilirdi. Mən Ali Sovetin deputatıydım. Birinci katib Sadıq Murtuzayev bir qrup tanınmış xanımı Ağdama dəvət etmişdi. İmarətdə proqramı izlədik, rayonun gəzməli-görməli yerlərində olduq. Şəhər məndə xoş təəsürat yaratdı.

***

Söhbətimizdə çox mətləblərə toxunduq. Deputat olarkən Afrika ölkələrinə səfəri, Qarabağ münaqişəsi zamanı Moskvada ölkəmizi təmsil etməyini, hətta erməni qadınını yerində oturtmasından danışdıq...

Demək olar ki, yazılası mümkün olan məqamları qeyd etdim.

Fikrimcə, cəmiyyətimizin tanıdığı, həyat və fəaliyyətinə hörmətlə yanaşdığı simalar bu gün daha geniş və sistemli şəkildə təbliğ olunmalıdır. Özü də sağlığında.

Düşünürəm ki, gənc nəslə  bu simaları tanıtmalı və özümüzdə yaxından tanımalıyıq. 

 Vüqar Tofiqli

ŞƏRHLƏR