"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

 Son yüz ilin ilk qəti qələbəsi

--2020-11-21 / 09:00

Başa çatmaqda olan 2020-ci il bütün dünyada böyük gərginliklə keçir. “Covid-19” virusunun pandemiyaya çevrilməsi çoxsaylı insan ölümünə gətirib çıxarmaqla yanaşı, dünya iqtisadiyyatına da öz mənfi təsirini göstərməkdədir. Şübhəsiz, dünyanın bir parçası olan Azərbaycan da pandemiyanın yaratdığı problemlərlə üzləşmişdir. Dövlətimizin vaxtında həyata keçirdiyi qabaqlayıcı tədbirlər pandemiyanın zərərli nəticələrini xeyli zəiflətsə də, başqa ölkələrdə olduğu kimi, ikinci dalğadan qurtulmaq mümkün olmamışdır.

Belə bir çətin dövrdə sülhsevər xalqımız ondan da ağır bir problemlə, Ermənistanın ölkəmizə qarşı yeni hərbi təcavüzü ilə qarşılaşmışdır. Məlum olduğu kimi, 2016-cı il aprel döyüşlərindən və 2020-ci il iyul ayında Tovuz basqınından heç bir dərs almamış Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın yeni-yeni torpaqlarının işğal edilməsini öz qarşılarına məqsəd qoyaraq 2020-ci il sentyabr ayının 27-də ölkəmizə silahlı hücumlar təşkil etmişlər.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı ilə silahlı qüvvələrimiz nəinki düşmənin hücumunun qarşısını almış, habelə cəbhənin müxtəlif istiqamətlərində güclü əks-hücumlar qurmuşlar. Vətən savaşının ilk günlərindən başlayaraq şanlı ordumuz çox böyük strateji önəm daşıyan Murov zirvəsini, Talış yüksəkliyini düşməndən geri alaraq sonrakı qələbələr üçün əlverişli döyüş şəraitini təmin etmişlər. Savaşın sonrakı mərhələlərində ordumuz demək olar ki, hər gün yeni-yeni uğurlar qazanmış, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd, Laçın, Tərtər rayonlarının bir sıra yaşayış məntəqələrini və yüksəkliklərini, o cümlədən Qarabağın incisi sayılan Şuşa şəhərini işğaldan azad etmiş, Qarabağın cənubunda 130 km-dən artıq bir ərazidə İran-Azərbaycan sərhəddi tam nəzarətə götü-rülmüşdür. Bütövlükdə, döyüşlər başlayandan 300-ə yaxın yaşayış məntəqəsi düşmən tapdağından azad olunmuş, qarı düşmənin məhv edilmiş döyüş texnikasının dəyəri isə 2,7 milyard dollardan çoxdur (düşmənin real itkilərinin dəyəri isə daha artıqdır).

Ordumuzun hərbi komandanlığı düşmənin ağlına belə sığmayan döyüş taktikaları seçmiş, ən müasir silahlar yüksək ustalıqla tətbiq edilmiş, vətənindən ötrü canlarından keçməyə hazır olan igid əsgərlərimizin gücü ilə düşmənə sarsıdıcı zərbələr endirilmişdir. Bu zərbələrdən özünə gələ bilməyən, döyüşləri uduzan yağı həmişə olduğu kimi, yenə də ən iyrənc, alçaq üsullara əl ataraq öz gücünü yalnız dinc əhaliyə, cəbhə xəttindən çox-çox uzaqlarda yerləşən yaşayış məntəqələrinə atəş açmaqda, dağıntılar törətməkdə, mülki şəxslərin həlak edilməsində göstərmişdir.

Azərbaycan dövlətinin hərbi-siyasi rəhbərliyi düşmənin insanlığa yaraşmayan və əslində hərbi cinayətlər sayılan əməllərinin qarşısının alınması və bu cinayətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bütün zəruri tədbirləri görür. Ermənistan təkcə döyüş mey-danında uduzmamışdır. O, Azərbaycan diplomatiyasının qarşısında da aciz və gülünc duruma düşmüş və demək olar ki, təklənmişdir. Azərbaycan Respublikasının Prezidenti noyabrın 4-də İspaniyanın EFE İnformasiya Agentliyinə müsahibəsində göstərir ki, Rusiya, Türkiyə, İran, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər: “Bu, bizim qonşuların mövqeyidir. Ermənistan təcrid olunub.”

Bəllidir ki, ermənilər bir çox aparıcı ölkələrdə informasiya yayımına təsir etmək gücündə olmuş, bu sahədə çox zəngin təcrübə toplamış və böyük imkanlara malik olmuşlar. İnformasiyaları yalnız yalan üzərində qurulan erməni təbliğatı bu dəfə gerçəkdən böyük çətinliklə üz-üzə qalmışdır. Artıq ölkəmiz erməni təbliğat maşınını da sındıraraq yararsız hala salmışdır. Azərbaycan Respublikasınının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışına cavab olaraq ölkəmizin vətəndaşları informasiya blokadasının aradan qaldırılmasında, erməni yalanlarının puça çıxarılmasında, gerçək məlumatların yayılmasında yüksək fəallıq göstərmişlər. Sosial şəbəkələrdə Azərbaycan gerçəkliklərinin yayılması işində ədliyyə işçiləri də aktivdirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev informasiya yayımına sadəcə başçılıq etməmiş və özü də şəxsən, birbaşa onun iştirakçısına çevrilmişdir. Dünyanın aparıcı kütləvi informasiya vasitələrində cənab Prezidentin çıxışları, müsahibələri Azərbaycan gerçəkliklərinin dünyaya çatdırılmasında aparıcı rol oynamışdır. Bu çıxışlarda Prezidentimiz dövlətin siyasətinin mahiyyətini ardıcıllıqla açıqlamış, əsas məqsədin BMT-nin qətnamələrinin icra edilməsi, Ermənistanın təcavüzünə son qoyulması, işğalçı ordunun torpaqlarımızdan çıxarılması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün, sülhün təmin olunması birmənalı olaraq göstərilmişdir. Dövlət başçısının bu siyasəti bütün dünyada anlaşıqlı qarşılanmışdır.

Döyüşlərdə qazanılan uğurlar Ermənistan rəhbərliyini Azərbaycanın irəli sürdüyü şərtlər əsasında sülhə məcbur etdi. Bu şərtlərə uyğun olaraq işğal altında qalan daha üç rayon döyüşsüz Azərbaycana qaytarılır. Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının 10 noyabrda imzaladığı sənəddə Qarabağda yaşayan erməni əhalisinin statusundan danışılmır. Bu isə o deməkdir ki, status məsələsi müzakirə predmeti deyil. Bu,                      tayı-bərabəri olmayan diplomatik qələbədir. Azərbaycan dövləti, Azərbaycan xalqı son 100 ildə ilk dəfə olaraq itirilmiş torpaqlarımızı geri qaytarmaqla tarixdə yeni və şanlı bir səhifə açmışdır. Təcavüzkara qarşı yürüdülən bu siyasət təkcə Azərbaycanda deyil, eləcə də bütün Cənubi Qafqazda sülhü təmin etməyə yönəlmişdir.

Ordumuzun qələbəsi həm də 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən qanunsuz və vəhşicəsinə istismar olunan təbii sərvətlərimizin ölkəmizin iqtisadi inkişafı üçün istifadə olunmasını da təmin edəcəkdir. Bu qələbələrin təşkilatçısı özünü çox bacarıqlı ali baş komandan kimi göstərmiş möhtərəm prezidentimiz İlham Əliyevdir.

Bütün dövlət orqanları kimi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi də bu müqəddəs savaşda öz töhfəsini əsirgəməmişdir. Döyüşlər başlayandan dərhal sonra ədliyyə qulluqçuları döyüşən orduya kömək məqsədi ilə Silahlı qüvvələrə yardım fonduna vəsait köçürmüşlər. Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən verilmiş müxtəlif tapşırıqlar müharibə dövrünə xas olan zəruri tədbirlərin ədliyyə sahəsində görülməsini təmin etməyə yönəlmişdir. Ermənistanın işğalçılıq siyasəti, mülki obyektlərin dağıdılmasına, dinc əhalinin, o cümlədən yaşlıların, qadın və uşaqların öldürülməsinə qarşı törədilən vəhşiliklərin, hərbi cinayətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədov xarici ölkələrin ədliyyə nazirlərinə, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidentinə, Baş Katibinə, senatorlarına və İcraiyyə Komitəsinin üzvlərinə, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konresinin Prezidentinə və Baş katibinə və başqa beynəlxalq qurumlara müraciətlər ünvanlayıb.

Qeyd olunmalıdır ki, döyüşlərdə şəhid olmuş və ya ailəsində şəhidi olan ədliyyə qulluqçuları da var. Bu ailələrə Nazirliyin rəhbərliyi tərəfindən diqqət və qayğı göstərilir.

Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri insanlıq əleyhinə, o cümlədən hər bir insanın təhlükəsiz yaşamaq hüququnun pozulmasına yönələn müharibə cinayətləri, insan hüquqlarına dair beynəlxalq hüquq normalarının, eləcə də 1949-cu il Cenevrə Konvensiyalarının kobudcasına pozulması ilə bağlı məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədi ilə nazirliyin rəsmi http://www. justice.gov.az/ categories/ 1148 internet saytında Azərbaycan, rus və ingilis dillərində olmaqla “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılmışdır.

Qarabağ Azərbaycandır!

 Fazil Məmmədov

Bələdiyyələrlə iş mərkəzinin rəis müavini

 

 

ŞƏRHLƏR